Məhkəmə qərarları › İş №2(033)-1102/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-1102/2021

27.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-1102/2021 27.10.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcunun ödənilməsindən azad edilməsi tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli 2(033)-882/2018 nömrəli qətnaməsinə əsasən ondan 06 iyun 2018ci il tarixdə doğulmuş X1 üçün hər ay tutularaq Cavabdeh ödənilməsi nəzərdə tutulmuş 136 manat sabit pul məbləğində alimentin 13 yanvar 2020-ci il tarixdən 01 iyul 2021-ci il tarixinədək olan müddət ərzində yığılmış hissəsinin (aliment borcunun) ödənilməsindən tam azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli 2(033)-882/2018 nömrəli qətnaməsinə əsasən 06 iyun 2018-ci il tarixdə doğulmuş X1 üçün ondan hər ay sabit pul məbləğində 136 manat miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. O, 2020-ci ili yanvar ayından həqiqi hərbi xidmətdə olmuşdur. Belə ki, 2021-ci ilin iyul ayının 1-i isə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən təxris olunmuşdur. Hazırki tələblə məhkəməyə müraciət etməsinin səbəbi hərbi xidmətdə olduğu dövrdə, yəni 13 yanvar 2020-ci il tarixdən 01 iyul 2021-ci il tarixinədək, 06 iyun 2018-ci il tarixdə doğulmuş X1 üçün ondan tutularaq Cavabdeh ödənilməsi qət edilmiş aliment borcunun silinməsi ilə bağlıdır. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, düzdür aliment borcunun silinməsi ilə bağlı iddia vermişlər. Lakin bu iddianın əsas verilməsinə səbəb qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda cavabdehin ona məxsus evdən çıxmamasıdır. Onlar aliment borcunu ödəməkdən boyun qaçırmırlar. Borcu ödəməyə hazırdırlar. Cavabdeh evdən çıxdıqda aliment borcunu tam şəkildə ödəyəcəklər. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli 2(033)-882/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək 18 avqust 2017-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 iyun 2018-ci il tarixdən hesablanmaqla hər ay 136 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 18 avqust 2017-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Tərəflər münasibətləri uyğun gəlmədiyindən ayrılmışlar və halhazırda ayrı yaşayırlar. Azyaşlı uşaq anasının yanındadır. Zaqatala Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli 2(033)-882/2018 nömrəli qətnaməsinə əsasən 18 avqust 2017-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 iyun 2018-ci il tarixdən hesablanmaqla hər ay 136 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı aliment borcunun üzürlü səbəblərə görə əmələ gəldiyini əsas gətirərək aliment borcunun ödənilməsindən azad edilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı hərbi xidmətdə olduğunu və aliment borcunun üzürlü səbəbdən yarandığını bildirərək aliment borcunun ödənilməsindən azad edilməsini tələb edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Məhkəmə iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri məhkəmənin müəyyən etdiyi və ödənilməyən aliment borcunun ödənilməsindən azad edilməsi ilə bağlıdır və bu tələbin maddi hüquqi əsasını Ailə Məcəlləsinin 107-ci maddəsi təşkil edir. Lakin iddianın düzgün həlli üçün digər əlaqəli hüquq normaları da nəzərə alınmalıdır. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Hazırki iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107-ci maddəsində deyilir ki, aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmənin qənaətinə görə Ailə Məcəlləsinin 107-ci maddəsinə görə iddia tələbində göstərilən dəlillər aliment borcunun ödənilməsindən azad edilməsi üçün əsas ola bilməz. Belə ki, birincisi, aliment borcu üzürlü səbəblərə görə əmələ gəlməlidir, ikincisi iddiaçının ailə və maddi vəziyyəti bu borcları ödəməyə imkan verməməlidir. Lakin iddiaçının nümayəndəsinin izahatından görünür ki, iddiaçı tərəfin ödənilməyən qalıq qalan aliment borcunu ödəməyə maddi imkanları var, sadəcə olaraq cavabdehin onun evindən çıxmaması səbəbindən aliment borcunun ödənilməsindən azad edilməsini tələb edir. Göründüyü kimi, iddiaçının qeyd etdiyi tələbi irəli sürməkdə Ailə Məcəlləsinin 107-ci maddəsində nəzərdə tutulmuş hüquqi əsası olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsində valideynlərin aliment borcunun ödənilməsindən azad edilməsinin hüquqi əsasları konkret müəyyən olunmuşdur. Bu şərtlərin hər hansı birinin mövcud olmaması hazırki iddianın rədd olunması üçün əsasdır. Baxılan işin hallarından görünür ki, sadalanan dispozisiya şərtləri mövcud deyildir. “Uşaq hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Yaranmış vəziyyətdə uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı aliment borcunun ödənilməsindən azad edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 30 manat dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı aliment borcunun ödənilməsindən azad edilməsi tələbinə dair iddiası rədd edilsin. 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar