Məhkəmə qərarları › İş №2(033)-111/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-111/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-111/2021 08.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı və cavabdehin vəkili və nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Zaqatala şəhəri 2 saylı bazar ərazisində yerləşən “Pəri Qala” adlı qeyri yaşayış binası barəsində bağlanılan alqı-satqı müqaviləsinin və ona əsasən Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 27.07.2011-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi məhkəməyə məktub göndərərək nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırdı ki, o, Zaqatala RİHB-nın 19.04.1999-cu il tarixli, 168 nömrəli sərəncamından çıxarışına əsasən 180 kv.m torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində “Pəri Qala” adlı mağaza tikmişdir. Mağazanın ilk sahibi özü olmuşdur. Həmin mağaza ondan sonra başqa 2 nəfərdə olmuşdur. Mağaza onun adına olmasa da, o həmin mağazada fəaliyyət göstəmişdir. Onun 20 000 ABŞ dolları borcu olduğu üçün o həmin mağazanı Nazimə almağı məsləhət görmüşdür. Lakin həmin mağazanın o dövrdə bazar dəyəri 80 000 ABŞ dolları idi. Çünki həmin dövrdə artıq o Cavabdehlə şərik idi. Həmin mağazanın əlindən çıxmamasını istəmişdir. Lakin Cavabdeh 20 000 ABŞ dollarına mağazanı öz adına rəsmiləşdirmişdir. O, şifahi olaraq mağazanın 20 000-lik deyil, 80 000 lik mağaza olduğunu Nazimə bildirmişdir. Sənədləşmə üçün notariusa getmişlər, Cavabdeh ona pasportunu çıxardanda “növbəti dəfə alacağımız obyekti sənin adına edərik.” sözlərini demişdir. Biznes pozulmasın adı ilə mağazanı Nazim öz adına sənədləşdirmiş və gələcəkdə qazandıqları puldan 20 000 ABŞ dolları verərsən mağaza binasını sənin adına sənədləşdirərik demişdir. Mağaza alan dövrdən 2 il istisna olmaqla hər ay 600 manat icarəyə verib 100 000 manata yaxın qazanc əldə etmişdir. Mağaza alınan gündən bugünkü günədək həmin mağazanın icarə pulları da Cavabdeh çatmışdır. Cavabdeh Rusiya vətəndaşıdır. Ancaq Azərbaycan Respublikası vətəndaşı kimi şəxsiyyət vəsiqəsi ilə adına əmlaklar qeydiyyata alınmışdır. Azərbaycan Respublikası vətəndaşının ikili vətəndaşlığını tanınmır. Qeyd etdikləri nəzərə alınmaqla iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi X8 izahatında göstərdi ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh 09 fevral 2004-cü il tarixdə X2 Zaqatala şəhəri, Xətai prospekti 5 nömrəli ünvanda yerləşən ümumi sahəsi 156,5 kv.m olan çay daşı ilə inşa edilmiş mağazanı 100.000.000 manata almışdır. 2011-ci ildə Cavabdeh həmin mağazaya dair hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldıraraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış əldə etmişdir. İddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilə Cavabdeh ilə X5 arasında bağlanmışdır və iddianın subyektiv hüquqa malik olmayan şəxs tərəfindən verildiyini nəzərə alaraq rədd edilməsini məhkəmədən xahiş edir. İşdə olan 209352 nömrəli 09 fevral 2004-cü il tarixli müqavilədən görünür ki, Zaqatala şəhəri Xətai prospekti 5 ünvanında 156.5 kv.m torpaq sahəsində yerləşən 1999cu ildə divarları çay daşından və kubikdən tikilmiş, üstü şiferlə örtülü, ümumi sahəsi 156.5 kv.m olan mağaza binası X3 səlahiyyətli nümayəndəsi X5 tərəfindən 100.000.000 (yüz milyon) manata Cavabdeh satılmışdır. İşdə olan X7 İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 99 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Zaqatala şəhəri, Xətai prospekti 5 ünvanında yerləşən 1999-cu ildə tikilmiş, ümumi sahəsi 156.5 kv.m olan mağaza binası 209352 nömrəli 09 fevral 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyəti kimi 11 noyabr 2004-cü il tarixə 02 nömrəli reyestr kitabının 45-ci səhifəsində, 204 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan ünvanında üzərində yerləşən, ümumi sahəsi 156,2 kv.m. olan ticarət təyinatlı qeyri yaşayış binası (Mağaza) xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində **********04-06301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 27.07.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edildi ki, Zaqatala şəhəri Xətai prospekti 5 ünvanında 156.5 kv.m torpaq sahəsində yerləşən 1999-cu ildə divarları çay daşından və kubikdən tikilmiş, üstü şiferlə örtülü, ümumi sahəsi 156.5 kv.m olan mağaza binası X3 səlahiyyətli nümayəndəsi X5 tərəfindən 09 fevral 2004-cü il tarixli müqaviləyə əsasən Cavabdeh satılmış və həmin müqaviləyə əsasən X7 İnventarlaşdırma Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 99 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Zaqatala şəhəri Xətai prospekti 5 ünvanında yerləşən ümumi sahəsi 156.2 kv.m olan 0,0182 ha torpaq sahəsi üzərində yerləşən, ticarət təyinatlı qeyri yaşayış binası (Mağaza) xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 27.07.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı hazırda X3 səlahiyyətli nümayəndəsi X4 Cavabdeh arasında bağlanmış 09 fevral 2004-cü il tarixli müqavilənin və ona əsasən Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 27.07.2011-ci il tarixli çıxarışın etibarsız hesab edilməsini xahiş edir. Cavabdehin vəkili və nümayəndəsi iddianın subyektiv hüquqa malik olmayan şəxs tərəfindən verildiyi nəzərə alaraq rədd edilməsini xahiş edir. İddiaçı məhz alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız olduğunu iddia etmiş və mülkiyyət hüquqlarının pozulmasına istinadla hazırkı məhkəmə baxışının predmeti olan tələbləri irəli sürmüşdür. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki ümumiyyətlə sözügedən mübahisəli qeyri-yaşayış binasının hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki iş materiallarından görünür ki, mübahisəli Zaqatala şəhəri Xətai prospekti 5 ünvanında yerləşən ümumi sahəsi 156.2 kv.m olan 0,0182 ha torpaq sahəsi üzərində yerləşən, ticarət təyinatlı qeyri yaşayış binası X3 mülkiyyətində olmuş, onun səlahiyyətli nümayəndəsi X5 tərəfindən Cavabdeh satılmış, cavabdehlə X5 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Zaqatala şəhəri Xətai prospekti 5 ünvanında yerləşən ümumi sahəsi 156.2 kv.m olan 0,0182 ha torpaq sahəsi üzərində yerləşən, ticarət təyinatlı qeyri yaşayış binası Cavabdeh xüsusi mülkiyyəti kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyata alınmış və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ərizəsində qeyd etdiyi dəlillər mübahisələndirilən qeyri-yaşayış binasına dair X3 səlahiyyətli nümayəndəsi X5 ilə Cavabdeh arasında bağlanmış 209352 nömrəli 09 fevral 2004-cü il tarixli müqavilənin və onun əsasında verilmiş Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, 27.07.2011-ci il tarixli çıxarışın etibarsız hesab olunması üçün əsas ola bilməz. Tələbin ikinci hissəsi ilk tələbdən dоğаn törəmə tələbdir, ilk tələb əsаslı оlsа və təmin edilmiş оlsаydı, tələbin bu hissəsi də əsаslı оlа bilərdi. Qeyd оlunаn çıxarış verilərkən Mülki Məcəllənin, həmçinin digər qаnunvericilik аktlаrının tələbləri pоzulmаmışdır. Çünki, alqı-satqı müqаviləsinin bаğlаnmаsı zаmаnı iddiаçının irаdə ifаdəsi tələb оlunmurdu. Оnа görə də, bu müqаvilə nə pis niyyətlə bаğlаnmış, nə də uydumа əqd hesаb оlunа bilməz. İddiаçının dəlilləri bütünlüklə əsаssızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Onu da, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əmələ gəlməsinin xüsusi formal prosedurunu müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydə alındığı andan yaranır. Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Mülki Məcəllənin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddiasını təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə iddianın təmin edilməsi üçün yetərli deyil. İddiaçıların izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahatlar iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 360 və 362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar