Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-193/2021 10.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı İsmayılova Rəvanə Əmir qızının və cavabdeh İsmayılov Həmzə Mahmud oğlunun iştirakları ilə, İddiaçı İsmayılova Rəvanə Əmir qızının cavabdeh İsmayılov Həmzə Mahmud oğluna qarşı alimentin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İsmayılova Rəvanə Əmir qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İsmayılov Həmzə Mahmud oğlundan birgə nikahlarından 30 yanvar 2003-cü il tarixdə anadan olmuş İsmayılov Ramazan Həmzə oğlunun və 11 avqust 2004-cü il tarixdə anadan olmuş İsmayılova Sona Həmzə qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı İsmayılova Rəvanə Əmir qızı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, cavabdeh İsmayılov Həmzə Mahmud oğlu ilə 14 fevral 2002-ci il tarixdə rəsmi qaydada nikah bağlayaraq ailə qurmuş, hazırda faktiki olaraq ayrılmışlar. Onların birgə yaşadıqları dövrdə, yəni 30 yanvar 2003-cü il tarixdə İsmayılov Ramazan Həmzə oğlu və 11 avqust 2004-cü il tarixdə İsmayılova Sona Həmzə qızı adlı uşaqları anadan olmuşdur. Hazırda o, uşaqlara tək baxır. İddia ərizəsi verərkən 30 yanvar 2003-cü il təvəllüdlü İsmayılov Ramazan Həmzə oğlu yetkinlik yaşına çatmamışdır, hazırda isə yetkinlik yaşına çatmışdır. Uşağa baxmaqda çətinlik çəkir. Cavabdehlə 4 ildir ki, ər-arvad münasibətləri pozulmuşdur. Bu müddət ərzində ailəsinin bərpa olunacağı ümidi ilə cavabdehdən aliment tələb etməmişdir. Hazırda isə uşağın saxlanılmasında cavabdeh iştirak etmir, onlara maddi və mənəvi köməklik göstərmir. Uşağı saxlamaq tək qadın olaraq ona çox çətindir. Hər hansı bir gəliri və fayda götürəcəyi bir işi yoxdur. Cavabdehin maddi imkanı yaxşıdır, kifayət qədər qazancı var. Ona görə də, sabit pul məbləğində aliment tələb edir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddiası əsaslıdır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı cavabdeh İsmayılov Həmzə Mahmud oğlu iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, iddiaçı İsmayılova Rəvanə Əmir qızı ilə 14 fevral 2002-ci il tarixdə rəsmi qaydada nikah bağlayaraq ailə qurmuş, hazırda faktiki olaraq ayrılmışlar. Onların birgə yaşadıqları dövrdə, yəni 30 yanvar 2003-cü il tarixdə İsmayılov Ramazan Həmzə oğlu və 11 avqust 2004-cü il tarixdə İsmayılova Sona Həmzə qızı adlı uşaqları anadan olmuşdur. 30 yanvar 2003-cü il təvəllüdlü İsmayılov Ramazan Həmzə oğlu hazırda yetkinlik yaşına çatmış və hərbi xidmətdədir. Digər uşaq isə hazırda iddiaçının himayəsindədir. Daima ailəsinə maddi köməklik göstərir. İddianı qismən qəbul etdiyini və iddiaçıya yalnız 11 avqust 2004-cü il tarixdə anadan olmuş İsmayılova Sona Həmzə qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat məbləğində aliment ödəməyə imkanı çatdığını bildirdi. Buna görə də, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş edir. İşdə olan Zaqatala rayon VVADQ şöbəsi tərəfindən 14 fevral 2002-ci il tarixdə verilmiş Vİİ-ЖГ 439916 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İsmayılov Həmzə Mahmud oğlu ilə Gözəlova Rəvanə Əmir qızı arasında 14 fevral 2002-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 76 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra kişiyə “İsmayılov”, qadına isə “İsmayılova” soyadı verilmişdir. İşdə olan Zaqatala rayon VVADQ şöbəsi tərəfindən 05 fevral 2003-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 30 yanvar 2003-cü il təvəllüdlü İsmayılov Ramazan Həmzə oğlunun atası İsmayılov Həmzə Mahmud oğlu, anası isə İsmayılova Rəvanə Əmir qızıdır. İşdə olan Zaqatala rayon VVADQ şöbəsi tərəfindən 24 avqust 2004-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 11 avqust 2004-cü il təvəllüdlü İsmayılova Sona Həmzə qızının atası İsmayılov Həmzə Mahmud oğlu, anası isə İsmayılova Rəvanə Əmir qızıdır. Məhkəmə iclasında iddiaçının və cavabdehin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, iddiaçı İsmayılova Rəvanə Əmir qızı ilə cavabdeh İsmayılov Həmzə Mahmud oğlu 14 fevral 2002-ci ildə ailə qurmuş, birgə nikahdan 30 yanvar 2003-cü il tarixdə İsmayılov Ramazan Həmzə oğlu və 11 avqust 2004-cü il tarixdə İsmayılova Sona Həmzə qızı adlı uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri baş tutmadığından faktiki olaraq ayrılmışlar. İddiaçı təkbaşına himayəsində olan uşağın tələbatını ödəyə bilmədiyindən İsmayılov Həmzə Mahmud oğluna qarşı aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddiasını müdafiə edir. Cavabdeh iddianı qismən qəbul etdiyini və iddiaçıya yalnız 11 avqust 2004-cü il tarixdə anadan olmuş İsmayılova Sona Həmzə qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat məbləğində aliment ödəməyə imkanı çatdığını bildirir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi iddiaçı İsmayılova Rəvanə Əmir qızı və cavabdeh İsmayılov Həmzə Mahmud oğlu bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Məhkəmə sonda xüsusilə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, İsmayılova Rəvanə Əmir qızının uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 30 yanvar 2003-cü il tarixdə İsmayılov Ramazan Həmzə oğlunun (iki ay, yəni 30 noyabr 2020-ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək hesablanmış) və 11 avqust 2004-cü il tarixdə İsmayılova Sona Həmzə qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İsmayılov Həmzə Mahmud oğlundan iddiaçı İsmayılova Rəvanə Əmir qızının xeyrinə aliment tutulmalıdır. İddiaçı, cavabdehin qazancı barədə məhkəməyə heç bir sənəd təqdim etmədiyindən məhkəmə hesab edir ki, İsmayılov Həmzə Mahmud oğlundan İsmayılova Rəvanə Əmir qızının xeyrinə hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Məhkəmə tərəflərin maddi vəziyyətini, uşağın mənafeyini, uşağın yaşını, eyni zamanda uşaqlardan birinin artıq yetkinlik yaşına çatdığını və həmin uşaq üçün iki ay aliment ödəniləcəyini nəzərə alaraq belə qənaətə gəlir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin ediləcək alimentin məbləği hər ay uşaq üçün 160 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşdən görünür ki, hazırda cavabdeh iddianın “30 yanvar 2003-cü il təvəllüdlü İsmayılov Ramazan Həmzə oğluna aid hissədə alimentin tutulmasına” dair hissəsinə etirazını bildirmişdir. Etirazını onunla əsaslandırmışdır ki, 30 yanvar 2003-cü il təvəllüdlü İsmayılov Ramazan Həmzə oğlu hazırda yetkinlik yaşına çatmışdır. Ona görə də, onun saxlanması üçün aliment tutulmamalıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment tələb edən şəxsin alimentlə bağlı iddiası təmin olunduqda aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki işdə isə iddiaçı özü aliment tutulması ilə bağlı məhkəməyə 30 noyabr 2020-ci il tarixdə müraciət etmişdir. İddiaçının alimentlə bağlı tələbi qeyd edilən tarixdə yarandığından, həmin vaxt isə 30 yanvar 2003cü il təvəllüdlü İsmayılov Ramazan Həmzə oğlu yetkinlik yaşına çatmadığından alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 30 noyabr 2020ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək hesablanmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 30 yanvar 2003-cü il təvəllüdlü İsmayılov Ramazan Həmzə oğlunun (iki ay, yəni 30 noyabr 2020-ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək hesablanmış) və 11 avqust 2004-cü il təvəllüdlü İsmayılova Sona Həmzə qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat olmaqla, cəmi 320 manat aliment cavabdeh İsmayılov Həmzə Mahmud oğlundan tutulub iddiaçı İsmayılova Rəvanə Əmir qızına verilməli, eyni zamanda iddiaçının ərizəsində alimentin tutulmasının əvvəlinin hansı tarixdən hesablanmasını mübahisələndirməməsi nəzərə alınmalı və alimentin tutulmasının əvvəli iddiaçı İsmayılova Rəvanə Əmir qızının iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 30 noyabr 2020-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Cavabdeh İsmayılov Həmzə Mahmud oğlundan 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 30 yanvar 2003-cü il təvəllüdlü İsmayılov Ramazan Həmzə oğlunun (iki ay, yəni 30 noyabr 2020-ci il tarixdən 30 yanvar 2021-ci il tarixədək hesablanmış) və 11 avqust 2004cü il təvəllüdlü İsmayılova Sona Həmzə qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat aliment cavabdeh İsmayılov Həmzə Mahmud oğlundan tutulub iddiaçı İsmayılova Rəvanə Əmir qızına ödənilsin. Alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 30 noyabr 2020-ci il tarixdən hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh İsmayılov Həmzə Mahmud oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-193/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-193/2021
10.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver