Məhkəmə qərarları › İş №2(033)-436/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-436/2022

18.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-436/2022 18.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə anadan olmuş uşaqları-11 may 2009-cu il tarixdə anadan olmuş X4, 16 aprel 2011-ci il tarixdə anadan olmuş X2 və 12 avqust 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 manat sabit pul məbləğində, cəmi hər ay 450 manat aliment məbləğinin Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 20 fevral 2009-cu il tarixdə nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahlarından 11 may 2009-cu il tarixdə X7, 16 aprel 2011-ci il tarixdə X5 və 12 sentyabr 2014-cü il tarixdə X6 adlı uşaqları olmuşdur. Aralarında bağlanmış nikah qeydi Balakən Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar onun himayəsində saxlanmışdır. Lakin hal-hazıradək cavabdehdən aliment tələb etməmişdir. Hazırda isə uşaqlara baxmaqda olduqca maddi çətinlik çəkir. Heç yerdə işləmir. Uşaqların tələbini ödəmək heç bir halda mümkün deyildir. Cavabdeh uşaqları ilə maraqlanmır. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Balakən rayon İcra Hakimiyyəti Başçısının İtitala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 aprel 2022-ci il tarixli məktubuna əsasən isə Balakən rayonu İtitala kənd sakini Cavabdeh hal-hazırda Türkiyə Respublikasında yaşayır. Dəqiq ünvanı məlum deyil. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşin halları Balakən rayon İtitala İcra Nümayəndəliyi tərəfindən 26 may 2009-cu il tarixdə verilmiş AZ-İİ 221320 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 11 may 2009-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. Balakən rayon İtitala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 26 may 2011-ci il tarixdə verilmiş AZ-İİ 623966 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 16 aprel 2011-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 13 sentyabr 2014-cü il tarixdə verilmiş AZ-İİİ 407556 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 12 avqust 2014-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası isə İddiaçıdır. Balakən Rayon Məhkəməsinin 2(019)-413/2022 nömrəli 10 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək İddiaçı ilə Cavabdeh arasında bağlanmış 20 fevral 2009-cu il tarixdə Balakən rayon İtitala icra nümayəndəliyində 06 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 11 may 2009-cu il tarixdə anadan olmuş X4, 16 aprel 2011-ci il tarixdə anadan olmuş X2 və 12 avqust 2014-cü il tarixdə anadan olmuş X3 anaları-İddiaçı yanında qalmaları qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 11 may 2009-cu il tarixdə X7, 16 aprel 2011-ci il tarixdə X5 və 12 avqust 2014-cü il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş, uşaqlar anasının himayəsində saxlanmışdır. İddiaçı təkbaşına himayəsində olan uşaqların tələbatını ödəyə bilmədiyindən Cavabdeh qarşı aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddiasını müdafiə edir. Cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Məhkəmə onu da xüsusilə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 11 may 2009-cu il tarixdə anadan olmuş X4, 16 aprel 2011-ci il tarixdə anadan olmuş X2 və 12 avqust 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. İddiaçı, cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını tələb etdiyindən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini, işin hallarını və iddiaçı tərəfindən cavabdehin qazancı barədə məhkəməyə heç bir sənəd təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Məhkəmə tərəflərin maddi vəziyyətini, uşaqların mənafeyini, uşaqların yaşını və işdə olan sübutları nəzərə alaraq belə qənaətə gəlir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin ediləcək alimentin məbləği hər ay bir uşaq üçün 110 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 11 may 2009-cu il təvəllüdlü X4, 16 aprel 2011-ci il təvəllüdlü X2 və 12 avqust 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 110 manat olmaqla, cəmi 330 manat aliment Cavabdeh tutulub İddiaçı verilməli, eyni zamanda alimentin tutulmasının əvvəli İddiaçı iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 06 may 2021-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. 11 may 2009-cu il təvəllüdlü X4, 16 aprel 2011-ci il təvəllüdlü X2 və 12 avqust 2014cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 110 (bir yüz on) manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat aliment Cavabdeh tutulub İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 06 may 2021-ci il tarixdən hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar