Məhkəmə qərarları › İş №2(033)-616/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-616/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-616/2021 06.09.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X5 katibliyi, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 cavabdehlər X7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2,29 ha və 0,88 ha olmaqla, cəmi 3,17 ha torpaq sahəsinin satılmasına dair onunla cavabdehlər X13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında 12 fevral 2001-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X2 iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, iddia tələbindən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2,29 ha və 0,88 ha olmaqla, cəmi 3,17 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair hissəsinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X3 iddia tələbinin həcminin azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclası zamanı iddiaçı X25 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarı ilə cavabdehlərin mülkiyyətinə verilmiş 3,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini onların hər birinin razılığı ilə satın almışdır. Torpaq sahəsinin ona satılması 12 fevral 2001-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Akt tərəflərin iştirakı ilə imzalanmış və kənd icra nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir. Həmin vaxtdan torpaq sahəsi cavabdehlərin heç bir etirazı olmadan onun istifadəsindədir. Alqı-satqı aktını imzalamış şəxslərdən Səməd Daşdəmirov və Elxan Daşdəmirov vəfat etmişdir. İş üzrə cavabdehlərin həmin torpaq sahəsinin onun mülkiyyətinə keçməsinə heç bir etirazları yoxdur. Torpaq sahəsinin vergi borclarını o, ödəyir. Hal-hazıradək dövlət aktları paylanmadığından torpaq sahəsinin onun mülkiyyətinə cavabdehlər tərəfindən verilməsi mümkün olmamışdır. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclası zamanı cavabdehlər X13, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 iddianı qəbul edərək izahatlarında göstərmişlər ki, onlar özlərinə məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2,29 ha və 0,88 ha olmaqla, cəmi 3,17 ha torpaq sahəsini 12 fevral 2001-ci il tarixdə iddiaçı X4 3000 ABŞ dollarına satmışlar. Həmin alqı-satqı müqaviləsi Zaqatala rayonu İcra Hakimiyyəti Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirilmiş və nümayəndənin möhürü ilə təsdiq olunmuşdur. O vaxtdan həmin torpaq sahəsindən 20 ildir ki, iddiaçı istifadə edir. İddiaçı X6 bu müddət ərzində həmin torpaq sahəsinə sahiblik etmiş, bütün vergilərini ödəmişdir. Səməd Daşdəmirov və Elxan Daşdəmirov vəfat etdiklərinə görə alqı-satqını notariusda rəsmiləşdirə bilmirlər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. İşdə olan Zaqatala rayonu İcra Hakimiyyəti Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində iddiaçı X6 və cavabdehlər X13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X14 (vəfat edib) və X15 (vəfat edib) tərəfindən imzalanaraq, Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən möhürlənmiş 12 fevral 2001-ci il tarixli müqavilədən görünür ki, X13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X14 (vəfat edib) və X15 (vəfat edib) onlara məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2,29 ha və 0,88 ha olmaqla, cəmi 3,17 ha torpaq sahəsini X4 daimi olaraq 3000 ABŞ dollarına satmışlar. İşdə olan Zaqatala rayonu İcra Hakimiyyəti Əliabad qəsəbə inzibati ərazi dairəsinin 20 aprel 2021-ci il tarixli 1390 nömrəli arayışından görünür ki, Aqrar İslahat Komissiyasının 01 avqust 1996-cı il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq Cavabdeh2 qeyd olunmuşdur. Odur ki, X18 ilə adı siyahıda qeyd olunan Cavabdeh2 eyni şəxsdir. İşdə olan Zaqatala rayonu İcra Hakimiyyəti Əliabad qəsəbə inzibati ərazi dairəsinin 20 aprel 2021-ci il tarixli 1389 nömrəli arayışından görünür ki, Aqrar İslahat Komissiyasının 01 avqust 1996-cı il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq Cavabdeh4 qeyd olunmuşdur. Odur ki, X20 ilə adı siyahıda qeyd olunan Cavabdeh4 eyni şəxsdir. İşdə olan Zaqatala rayonu İcra Hakimiyyəti Əliabad qəsəbə inzibati ərazi dairəsinin 20 aprel 2021-ci il tarixli 1388 nömrəli arayışından görünür ki, Aqrar İslahat Komissiyasının 01 avqust 1996-cı il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq X8 qeyd olunmuşdur. Odur ki, X16 ilə adı siyahıda qeyd olunan X8 eyni şəxsdir. İşdə olan RİHB-nın Əliabad qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən 01 noyabr 2007-ci il tarixdə verilmiş AZ-İ 270486 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 30 oktyabr 2007-ci ildə ölmüşdür. İşdə olan Zaqatala RİHB-nın Əliabad qəsəbə ərazi nümayəndəliyi tərəfindən 02 iyun 2020-ci il tarixdə verilmiş AZ-İİ 095039 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 25 yanvar 2014-cü ildə ölmüşdür. İşdə olan Zaqatala rayonu Əliabad bələdiyyəsinin 22 aprel 2021-ci il tarixli 104 nömrəli arayışından görünür ki, mərhum X11 məxsus pay torpaq sahəsinin vergi borcunu onun ölümündən sonra hal-hazıradək X6 ödəyir. İşdə olan Zaqatala rayonu Əliabad bələdiyyəsinin 22 aprel 2021-ci il tarixli 103 nömrəli arayışından görünür ki, 1996-cı ildə torpaq islahatı ilə bağlı tərtib edilmiş siyahıda mərhum X11 və ailəsinə (8 nəfər) 0,07 ha həyətyanı, 0,02 ha bağ, 2,29 və 0,88 ha əkin pay İİ keyfiyyət qrupu torpaq sahəsi verilmişdir. Qəsəbədə islahat başa çatmadığına görə vətəndaşa dövlət aktı təhkim edilməmişdir. İşdə olan Zaqatala rayonu Əliabad bələdiyyəsinin 05 iyul 2021-ci il tarixli 25 nömrəli arayışından görünür ki, 1996-cı ildə aparılan islahat zamanı cavabdehlər X13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X14 (vəfat edib) və X12 (vəfat edib) 0,07 ha həyətyanı, 0,02 ha bağ, 2,29 və 0,88 ha iki hissədən ibarət ayrı-ayrı sahələrdə əkin torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən 24 iyun 2021-ci il tarixdə verilmiş **********16 nömrəli məktubdan görünür ki, ərazi idarəsinə istifadə məqsədilə təqdim olunmuş 13 aprel 2018-ci il tarixli, Zaqatala RİHB tərəfindən təsdiq edilmiş Əliabad qəsəbəsi üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinə dair cədvəllərdə Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında X9 və ailə üzvlərinin (subyekt sayı – 8 nəfər) adlarına qeyd olunan 2,29 ha və 0,88 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin olması qeyd edilmişdir. Həmin torpaq sahələrinin qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. İşdə olan cavabdehlər X13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ərizələrindən görünür ki, onlar özlərinə məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2,29 ha və 0,88 ha olmaqla, cəmi 3,17 ha torpaq sahəsini 12 fevral 2001-ci il tarixdə iddiaçı X1. İddianın təmin olunmasına etiraz etmirlər. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Zaqatala rayonu Əliabad qəsəbəsi sakinləri cаvаbdehlər X13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X14 (vəfat edib) və X15 (vəfat edib) onlara məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2,29 ha və 0,88 ha olmaqla, cəmi 3,17 ha torpaq sahəsini X4 daimi olaraq 3000 ABŞ dollarına satmışlar. Alqı-satqıya dair tərəflərin iştirakı ilə Zaqatala rayonu Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində Akt tərtib olunmuş və inzibati ərazi dairəsi üzrə nümayəndənin möhürü ilə təsdiq edilmişdir. Pul cavabdehlərə verilmiş, sonuncular isə həmin pulun müqabilində torpaq sahəsini iddiaçıya vermişlər. Eyni zаmаndа razılaşmışlar ki, torpağa dair hüquq müəyyənedici sənədlər hаzırlаyıb nоtariаt kоntоrundа təsdiq etdirsinlər. Alqı-satqını torpağın mülkiyyət hüququnu müəyyən edən sənədlər verilmədiyinə və cavabdehlərdən X14 və X15 vəfat etdiyinə görə notariusda rəsmiləşdirə bilmirlər. Bunа görə də iddiaçı tоrpаq sаhəsinə görə аrаlаrındа bаğlаnmış аlqı-sаtqı müqаviləsini rəsmiləşdirə bilməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər isə yazılı notariat qaydada təsdiq olunmuş ərizə göndərərək iddianı qəbul edirlər. Məhkəmə mülki iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibəti 2001-ci il tarixdə yaranmışdır. Ona görə də mübahisənin həlli üçün həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 222.3-cü maddəsinə görə, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Həmin Məcəllənin 178.5-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydə almanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqı müqaviləsidir. Mülki Məcəllənin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-cı maddəsinə əsasən, daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 144.1-cı maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsinə dair müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Bununla yanaşı qanunverici əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını da müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2001-ci ildə qüvvədə olmuş (24 iyun 2005-ci il tarixədək) 335.2-ci maddəsinin tələbinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi göstərmişdir ki, daşınmaz əşyanın (əmlakın) alqı-satqısı haqqında əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. İş materiallarından göründüyü kimi tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı yazılı əqd bağlanmış, həmin əqd yerli idarəetmə orqanı olan Zaqatala rayonu Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərəflərin iştirakı ilə tərtib olunaraq Zaqatala rayonu Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin möhürü ilə təsdiq olunmuş, əqd qanuna zidd olmamış, cavabdehlər razılaşdıqları pulu alıb torpaq sahəsini iddiaçının istifadəsinə və sahibliyinə vermişdir. Bundan başqa cavabdehlər həmin torpaq sahəsinə dair alqı-satqını sonradan notariat qaydasında rəsmiləşdirməsini öhdəsinə götürsələr də, cavabdehlərdən X14 və X15 vəfat etdiyinə görə həmin torpaq sahəsi barədə iddiaçı ilə notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmaqdan imtina edilmiş və əqd notariat qaydada təsdiqlənməmişdir. Bunа görə də iddiaçı tоrpаq sаhəsi barədə cavabdehlərlə аrаlаrındа bаğlаnmış аlqı-sаtqı müqаviləsini rəsmiləşdirə bilməmişdir. Lakin hazırda torpaq sahəsinin formal olaraq cavabdehlərin mülkiyyətində qalması iddiaçıya mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır. Məhkəmə qeyd edir ki, 12 fevral 2001-ci il tаrixdə Zaqatala rayonu Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində iddiaçı X6 ilə cаvаbdehlər X13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X14 (vəfat edib) və X10 (vəfat edib) aralarında bağlanmış alqı-satqı müqaviləsinə dair aktdan görünür ki, onlar özlərinin mülkiyyətinə məxsus olan 2,29 ha və 0,88 ha olmaqla, cəmi 3,17 ha torpaq sahəsini Mühüddün İsmayılov 3000 ABŞ dolları pul müqabilində satmışdır. Həmin alqı-satqıya dair akta tərəflər imza etmiş, eyni zamanda həmin akt nümayəndəliyin möhürü ilə təsdiq edilmiş, bununla da əqdin yazılı formasına əməl edilmişdir. Həmin yazılı sənəd “akt” adlandırılsa da, orada müqaviləyə xarakterik olan bütün zəruri şərtlər- müqavilənin tərəfləri, alqı-satqının predmeti, ödənilməli məbləğ öz əksini tapmış, tərəflər sözügedən sənədi imzalamışlar. Həmin müqavilənin bağlandığı 12 fevral 2001-ci il tarixdən indiyə kimi sözügedən 3,17 hektar torpaq sahəsinin vergilərini bələdiyyəyə iddiaçı Mühüddün İsmayılov ödəmişdir. Sözügedən alqı-satqı müqaviləsi bağlanan zaman cavabdehlər həmin torpağı iddiaçıya vermişdir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı X6 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdehlər X13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X14 (vəfat edib) və X15 (vəfat edib) ilə iddiaçı X6 arasında Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən, X13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X14 (vəfat edib) və X12 (vəfat edib) məxsus olan 2,29 ha və 0,88 ha olmaqla, cəmi 3,17 ha kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinin аlqı-sаtqısınа dаir 12 fevral 2001-ci il tаrixdə Zaqatala rayonu Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış alqı-satqı müqаviləsi bаğlаnmış hesаb edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X14 (vəfat edib) və X15 (vəfat edib) ilə iddiaçı X6 arasında Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən, X13, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X14 (vəfat edib) və X12 (vəfat edib) məxsus olan 2,29 ha və 0,88 ha olmaqla, cəmi 3,17 ha kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinin аlqı-sаtqısınа dаir 12 fevral 2001-ci il tаrixdə Zaqatala rayonu Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış alqı-satqı müqаviləsi bаğlаnmış hesаb edilsin. İddiaçı X6 oğlunun iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar