Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-624/2021 27.08.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi ilə, İddiaçı cavabdeh “X8 Cəmiyyətinə qarşı artıq ödənilmiş vəsaitin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 kVt gücündə kənd təsərrüfatı təyinatlı obyektlər üçün 3 faizli enerji təchizatı şəbəkəsinə qoşulmaya görə artıq ödənilmiş 2449,60 manat məbləğində vəsaitin cavabdeh “X8 Cəmiyyətindən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, İddiaçı və cavabdeh “X8 Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclaslarını onun iştirakı olmadan keçirib, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, cavabdehin nümayəndəsi isə gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən və ona məxsus olan torpaq sahəsində 3 fazalı 10 kvt gücündə elektrik qurğularının enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün 16.09.2020-ci il tarixdə Balakən regional "ASAN xidmət" mərkəzində "xxxx" ASC-yə ərizə ilə müraciət etmişdir. Həmin ərizə-müraciətdə torpaq sahəsində gələcəkdə kənd təsərrüfatı məhsullarının satışı üçün anbar qurulmasının nəzərdə tutulduğu bildirilmişdir. Ərizə ilə birlikdə tələb olunan sənədləri təqdim etmişdir. Balakən regional "ASAN xidmət" mərkəzində "xxxx" ASC-nin nümayəndələri tərəfindən qoşulma haqqı olaraq 1800 manat ödənilməsi bildirilmiş, həmin məbləğdə qoşulma haqqı onun tərəfindən ödənildikdən sonra 26.10.2020-ci il tarixdə "xxxx" ASC-nin işçiləri tərəfindən 10 kvt gücündə sayğacın quraşdırılması təmin olunmuşdur. 07.11.2020-ci il tarixdə yenidən "xxxx" ASC-yə müraciət edərək əlavə 18 kvt gücündə (ümumilikdə 28 kvt) elektrik qurğularının enerji təchizatı şəbəkəsinə qoşulmaq tələb olunduğunu bildirmişdir. Bunun üçün ona "xxxx" ASC tərəfindən əlavə olaraq 7996 manat qoşulma haqqının ödənilməsinə dair bildiriş təqdim olunmuşdur. Onun tərəfindən 8023,20 manat pul ödənilmiş, qəbzi “Azərişıq" ASC-nin əməkdaşlarına təqdim etmişdir. Onunla 23.11.2020-ci il tarixli EQTSA16047301S4629 saylı müqavilə bağlanmış, həmin müqavilənin 5-ci bəndində Abonentin elektrik qurğularının etibarlılıq kateqoriyası hissəsində-Kənd təsərrüfatı təyinatlı obyektlər üçün qeyd olunmuşdur. 17.11.2020-ci il tarixli məktubla həyat yoldaşı X3 "xxxx" ASC-nin rəhbəri Vüqar Əhmədova müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə Sahibkarların tələb olunan gücü 150 kvt-a qədər (150 kvt da daxil olmaqla mövcud 0,4 kVlıq şəbəkədən) elektrik enerjisinə qoşulması üçün müvafiq məbləğlərin müəyyənləşdirildiyini, həmin qərarda məbləğlər müəyyənləşdirilərkən 3 kateqoriya- kənd təsərrüfatı təyinatlı obyektlər, sənaye obyektləri və ticarət, ictimai-iaşə və digər xidmətlər nəzərdə tutulduğunu, ona məxsus olan və Balakən rayon ərazisində yerləşən həyətyanı torpaq ərazisində Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə güzəştli layihə çərçivəsində soyuducu anbar quraşdırıldığını, həmin obyektdə 28 kvt güc tələb olunduğunu nəzərə alaraq konkret olaraq nə qədər pul ödənilməli olduğunu sorğulamışdır. 04.12.2020-ci il tarixdə "xxxx" ASC tərəfindən həmin sorğuya cavab gəlmişdir. Cavab məktubunda göstərilir ki, enerji təchizatı şəbəkəsinə qoşulması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaydalar”a uyğun olaraq tələb olunan gücə görə diferensiallaşdırılmış qaydada müəyyən edilmiş qoşulma haqqı məbləği "xxxx" ASC-nin bank hesabına ödənilməli olduğu və bununla əlaqədar “ASAN Xidmət” mərkəzlərinə müraciət olunması tövsiyyə olunmuşdur. X6 Azərişıq ASC-nin sorğu məktubuna aydın cavab vermədiyinə, öz sorğu məktubunda qeyd etdiklərini təkrar olaraq ona cavab kimi göndərdiyinə və məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinə müraciət etmişdir. Energetika Nazirliyi tərəfindən müraciət araşdırılmış, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X4 Filialının nümayəndələri yerində məsələni araşdırmış, tələb olunan sənədlərin surətlərini götürmüşlər. 28.01.2021-ci il tarixli AERA-28-28-28-71/21 nömrəli məktubla müraciət yenidən cavablandırılmışdır. Cavab məktubunda “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli 180 nömrəli qərarına əsasən 28 kVt gücündə kənd təsərrüfatı təyinatlı obyektlər üçün 3 fazlı enerji təchizatı şəbəkəsinə qoşulmaya görə 7348,60 manat qoşulma haqqı ödənilməli olduğu halda, X1 ümumilikdə 9798,20 manat vəsaitin ödənilməsi tələb edildiyi, həmin məbləğ onun tərəfindən ödənildiyi, bununla da 2449,60 manat artıq vəsait ödənildiyi bildirilmişdir. Bu faktla bağlı onun tərəfindən artıq ödənilmiş 2449,60 manat vəsaitin geri qaytarılması üçün zəruri tədbirlərin görülməsi üçün "xxxx" ASC-yə məktub göndərildiyi qeyd edilmişdir. Lakin "xxxx" ASC məktubunda vətəndaş tərəfindən təqdim edilmiş sənəddə torpağın kateqoriyasının yaşayış olduğunu əsas gətirərək ondan “ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri" üçün nəzərdə tutulmuş haqqın alındığını, yəni əlavə məbləğ alınmadığını və əgər narazıyıqsa məhkəməyə müraciət etməyimiz tövsiyyə edilmişdir. Faktiki olaraq elektrik enerji təchizatı şəbəkəsinə qoşulma haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə tənzimlənir ki, həmin qərarda müraciət edən şəxslər üçün 3 kateqoriya müəyyənləşdirilmişdir: Kənd təsərrüfatı təyinatlı obyektlər, Sənaye obyektləri və Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri. Kənd təsərrüfatı təyinatlı obyektlərin 28 kvt gücündə elektrik qurğularının enerji təchizatı şəbəkəsinə qoşulma haqqı müvafiq qərarla-7348,6 manat, sənaye obyektləri üçün 8165,2 manat, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri üçün isə həmin məbləğ 9798,2 manat müəyyənləşdirilmişdir. "xxxx" ASC heç bir qanuna istinad etmədən ona məxsus torpaq sahəsinin yaşayış məntəqəsi olduğunu nəzərə alaraq vətəndaşın mənafeyinə zidd, öz mənafeləri xeyrinə olaraq ən yüksək həddə ödəmə haqqı tələb etmişdir. 28 kVt gücündə kənd təsərrüfatı təyinatlı obyektlər üçün 3 fazlı enerji təchizatı şəbəkəsinə qoşulmaya görə 7348,60 manat qoşulma haqqı ödənilməli olduğu halda, ondan ümumilikdə 9798,20 manat vəsaitin ödənilməsi tələb edilmiş, həmin məbləğ onun tərəfindən ödənilmiş, bununla da 2449,60 manat artıq vəsait ödənilərək "xxxx" ASC onun hesabına həmin 2449,60 manat məbləğdə əsassız varlanmış və ona 2449,60 manat məbləğdə maddi ziyan vurmuşdur. Eyni zamanda qeyd etmək istəyir ki, vətəndaşların elektrik enerjisi şəbəkəsinə qoşulma haqqı müəyyənləşdirilərkən yalnız onun ərizədə göstərdiyi təyinat nəzərə alınmalıdır. Çünki vətəndaş müraciət edən zaman onun torpaq sahəsində heç bir tikili və ya avadanlıq olmur (praktiki olaraq elektrik təchizatı olmadığından mümkün deyil). Yalnız vətəndaşın müraciəti əsasında onun kateqoriyası müəyyənləşdirilir, həmin kateqoriyaya uyğun şəkildə məbləğin ödənilməsi həyata keçdikdən sonra 20 gün müddətində vətəndaşın ərizədə göstərdiyi torpaq sahəsində elektrik təchizatı ilə təmin olunur. Gələcək dövrlərdə "xxxx" ASC nəzarət nəticəsində vətəndaşın elektrik enerjisindən təyinatı üzrə istifadə etdiyini müəyyənləşdirilir. Yəni heç bir qanunda yaşayış məntəqələrinin torpaqlarında ticarətlə və ya ictimai iaşə ilə məşğul olmaq olar, kənd təsərrüfatı ilə məşğul olmaq olmaz kimi məhdudiyyət yoxdur. Həyətində soyuducu anbar quraşdırılmış digər bir vətəndaşın qoşulma haqqı müəyyənləşdirilərkən kənd təsərrüfatı kateqoriyasına uyğun ödəmənin həyata keçirildiyinə dair məlumatlar vardır ki, bu da yanaşma deməkdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X4 Filialının 28.01.2021-ci il tarixli AERA-28-28-28-71/21 nömrəli məktubundan görünür ki, 07 noyabr 2020-ci il tarixində İddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən ona məxsus torpaq sahəsində yerləşən 28 kVt gücündə elektrik qurğularının enerji təchizatı şəbəkəsinə qoşulması üçün “Asan Xidmət” mərkəzi vasitəsilə enerji təchizatı müəssisəsinə müraciət edilmişdir. Həmin müraciət EQTSA**********629 nömrə ilə qeydiyyata götürülmüş və vətəndaşa bundan əvvəl 28 sentyabr 2020-ci il tarixdə 10 kVt güc üçün ödənilmiş 1802 manat nəzərə alınmaqla 7996,20 manat vəsaitin ödənilməsi haqqında bildiriş verilmişdir. Sözügedən vəsait 07 noyabr 2020-ci il tarixdə 68-20 nömrəli mədaxil orderi vasitəsilə "xxxx" ASC-nin hesabına ödənilmişdir. Bundan sonra, “Asan Xidmət” mərkəzi tərəfindən vətəndaşa Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kvt da daxil olmaqla mövcud 0,4 kV-lıq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyeklərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na əsasən "xxxx" ASC tərəfindən elektron formada hazırlanmış “Texniki şərtlər” verilmiş, eyni zamanda elektrik enerjisindən istifadəyə dair müqavilə təqdim edilmişdir. Həmin müqavilənin 5-ci bəndində (Abonentin elektrik qurğularının etibarlılıq kateqoriyası) sözügedən obyektin kənd təsərrüfatı təyinatlı obyekt olduğu qeyd olunmuşdur. “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləğin”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaydalar”a uyğun olaraq obyektlər üçün 3 fazlı enerji təchizatı şəbəkəsinə qoşulmaya görə 7348,60 manat qoşulma haqqı ödənilməli olduğu halda, enerji təchizatı müəssisəsinin nümayəndələri tərəfindən sifarişçi İddiaçı ümumilikdə 9798,20 manat vəsaitin ödənilməsi tələb edilmiş və həmin məbləğ onun tərəfindən ödənilmişdir. Bu isə onu deməyə əsas verir ki, sifarişçidən “ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri” üçün nəzərdə tutulan məbləğin ödənilməsi tələb edilmiş və nəticədə 2449,60 manat artıq vəsait ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən vətəndaş İddiaçı tərəfindən artıq ödənilmiş 2449,60 manat vəsaitin geri qaytarılması üçün zəruri tədbirlərin görülməsi məqsədilə onlar tərəfindən "xxxx" ASC-yə məktub göndərilmişdir. "xxxx" ASC-nin cavab məktubunda bildirilmişdir ki, 16 sentyabr 2020-ci il tarixdə “Asan Xidmət” mərkəzində qeydiyyata götürülmüş EQTSA**********1154 müraciət zamanı vətəndaş tərəfindən təqdim edilən daşınmza əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən torpağın kateqoriyası yaşayış məntəqələrinin torpaqları olaraq göstərildiyi nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaydalar”a uyğun olaraq onun tərəfindən “ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri” üçün qoşulma haqqı məbləğinə uyğun olaraq 1802 manat məbləğində ödəniş edilmiş, tikinti quraşdırılma işləri yerinə yetirilərək İddiaçı adına **********9 nömrəli abonent kodu açılmış və tikinti obyekti enerji təchizatı şəbəkəsinə qoşulmuşdur. Tələbat gücünün 18 kVt artırılaraq ümumilikdə 28 kVt-a çatdırılması üçün texniki şərtlərin verilməsi məsədilə vətəndaşın EQTSA**********9629 nömrəli, 07 noyabr 2020-ci il tarixli müraciəti zamanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahəsinin və ya torpaq sahəsində inşa edilmiş tikinti obyektinin təyinatının dəyişdirilərək kənd təsərrüfatı təyinatlı olması haqqında sərəncam və ya çıxarış təqdim edilmədiyindən qoşulma haqqının məbləği yenə də mövcud qaydaların tələblərinə uyğun olaraq “ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri” üçün nəzərdə tutulan məbləğə uyğun hesablanmış və vətəndaşa verilən bildirişdə düzgün olaraq 7996,20 manat qeyd olunmuşdur. 07 noyabr 2020-ci il tarixdə sifarişçi tərəfindən bildirişdə qeyd olunan məbləğ ödənilmiş və sifariş yerinə yetirilmişdir. İşdə olan müqavilələrdən görünür ki, Abonentin elektrik qurğularının etibarlılıq kateqoriyası Kənd təsərrüfatı təyinatlı obyektlər üçün olmuşdur. Məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləğin”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaydalar”a uyğun olaraq obyektlər üçün 3 fazlı enerji təchizatı şəbəkəsinə qoşulmaya görə 7348,60 manat qoşulma haqqı ödənilməli olduğu halda, enerji təchizatı müəssisəsinin nümayəndələri tərəfindən sifarişçi İddiaçı ümumilikdə 9798,20 manat vəsaitin ödənilməsi tələb edilmiş və həmin məbləğ onun tərəfindən ödənilmişdir. Bu isə onu deməyə əsas verir ki, sifarişçidən “ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri” üçün nəzərdə tutulan məbləğin ödənilməsi tələb edilmiş və nəticədə 2449,60 manat artıq vəsait ödənilmişdir. İddiaçı həmin pulun ona qaytarılmasını tələb edir. Cavabdeh isə məhkəməyə gəlməyərək iddiaya hər hansı müasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəf əsassız varlanmış şəxs olduğundan iddia təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, faktiki olaraq elektrik enerji təchizatı şəbəkəsinə qoşulma haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə tənzimlənir ki, həmin qərarda müraciət edən şəxslər üçün 3 kateqoriya müəyyənləşdirilmişdir: Kənd təsərrüfatı təyinatlı obyektlər, Sənaye obyektləri və Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri. Kənd təsərrüfatı təyinatlı obyektlərin 28 kvt gücündə elektrik qurğularının enerji təchizatı şəbəkəsinə qoşulma haqqı müvafiq qərarla-7348,6 manat, sənaye obyektləri üçün 8165,2 manat, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri üçün isə həmin məbləğ 9798,2 manat müəyyənləşdirilmişdir. Cavabdeh orqan isə qoşulma haqqını “ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektləri” üçün nəzərdə tutulan məbləğə uyğun hesablamış, lakin bu qaydada hesablamalarına dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdeh "xxxx" ASC-yə iddiaçının 2449,60 manat məbləğində pulu artıq ödəməsi və həmin pulun cavabdeh tərəfindən qaytarılmaması öz təsdiqini tapdığından iddiaçı həmin pulun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək cavabdeh "xxxx" ASC-dən 2449,60 manat artıq ödənilmiş pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 2449,60 (iki min dörd yüz qırx doqquz manat altmış qəpik) manat artıq ödənilmiş pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-624/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-624/2021
27.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver