Məhkəmə qərarları › İş №2(033)-667/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-667/2021

01.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-667/2021 01.07.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəməyə ərizə verilən gündən 12 yanvar 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 175 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı məhkəməyə ərizə göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, cavabdeh də ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddia ərizəsini qismən qəbul etdiyini, uşağın saxlanması üçün 150 manat aliment ödəməyə maddi imkanı çatdığını bildirmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 05 aprel 2010cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından 12 yanvar 2010-cu il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli qətnaməsi ilə cavabdehlə onun arasında bağlanmış 05 aprel 2010-cu il tarixli nikahın pozulması, övladları X4 onun himayəsinə verilməsi və hər ay 100 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda alimentin miqdarı uşağın normal həyat şəraitinin təmin edilməsi üçün kifayət deyildir. Eyni zamanda həmin alimentin məbləği bir uşağa görə ölkə ərazisində müəyyən yaşayış minimuna da uyğun deyildir. İşdə olan Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 10 fevral 2010-cu il tarixdə verilmiş AZ-İİ 411557 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 12 yanvar 2010-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-991/2016 saylı 14 iyun 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək İddiaçı ilə Cavabdeh arasında 05 aprel 2010-cu il tarixdə bağlanmış 11 nömrəli nikah qeydinin pozulması, 12 yanvar 2010-cu il tarixdə doğulmuş X4 anası X3 himayəsində saxlanması, Cavabdeh 12 yanvar 2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 11 may 2016-cı il tarixdən hesablanmaqla hər ay 100 manat sabit pul məbləğində alimentin X3 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 12 yanvar 2010-cu il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-991/2016 saylı 14 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən onlar arasında olan nikah pozulmuş, Cavabdeh 12 yanvar 2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 11 may 2016-cı il tarixdən hesablanmaqla hər ay 100 manat sabit pul məbləğində alimentin X3 xeyrinə tutulması qət edilmişdir. Hazırda tərəflər faktiki olaraq ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaq iddiaçının himayəsindədir. İddiaçı uşağın saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh isə iddianı qismən qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 8-ci prinsipinə əsasən, uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. 20 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, uşağının onun yanında da qalması və digər nikahdan da iki uşağının olması, onu hazırki uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir, lakin məhkəmə qaydasında müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini tərəflərin ailə və maddi vəziyyətində yaranmış dəyişikliklə şərtləndirilməsi zəruri və vacib elementlərdəndir. Məhkəmə sonda xüsusilə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə İddiaçı artıq 11 yaşına çatmış uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, 12 yanvar 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 12 yanvar 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli 2(033)- 991/2016 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay uşaq üçün 160 manat sabit pul məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh alınaraq 12 yanvar 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 14 iyun 2016-cı il tarixli 2(033)- 991/2016 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar