Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-691/2021 08.09.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı, onun nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayəsində saxlanması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə hər ay 175 manat alimentin 29 mart 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 sonradan iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin həcminin artırılaraq 29 mart 2010-cu il tarixdə doğulmuş X3 İddiaçı himayəsinə verilməsi və uşağın saxlanması üçün hər ay 175 manat alimentin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X1 iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə birgə nikahlarından 29 mart 2010-cu il tarixdə Nurcan adlı uşaqları doğulmuşdur. Nikahları məhkəmə qətnaməsi qaydasında pozulmuşdur. Nikah pozularkən uşaq cavabdehin himayəsində yaşayırdı. Lakin, 23 iyun 2020-ci il tarixdən uşaq onun himayəsində yaşayır, onun bütün qayğılarını o, çəkir. Qızının onun himayəsində yaşadığını Zaqatala rayon Mənzil İstismar İdarəsinin verdiyi 15 mart 2021-ci il tarixli 211 nömrəli arayış da təsdiq edir. Bundan başqa, cavabdeh məhkəməyə müraciət edərək qızının özünün himayəsinə verilməsini məhkəmədən xahiş etmişdir. Lakin, məhkəmə iclası zamanı uşaq cavabdehin himayəsində yaşamaq istəmədiyini, onun himayəsində yaşamaq istədiyini bildirmişdir. Uşaq tələbinə dair iddia ərizəsinin təmin olunmayacağını başa düşən cavabdeh məhkəməyə ərizə təqdim edərək uşaq tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Uşaq azyaşlı olduğundan və onun himayəsində yaşadığından, eyni zamanda cavabdehin də bir valideyn kimi uşağa baxmaq da, böyütmək də vəzifə borcu olduğundan uşağın saxlanması üçün aliment tələb etmək qərarına gəlmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və əlavə olaraq göstərdi ki, 29 mart 2010-cu il tarixdə doğulmuş X3 onun himayəsinə verilməsini tələb edir. Eyni zamanda, göstərdi ki, onun uşağın saxlanması üçün yetərincə maddi imkanı var. Onun cavabdeh tərəfindən verilən pul məbləğinə ehtiyacı yoxdur. Sadəcə qanunda göstərilən hüuqlarından istifadə edərək uşağın saxlanması üçün cavabdehdən aliment də tələb edir. Odur ki, iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiaçının göstərdiyi xüsusatları təsdiq edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə onunla İddiaçı arasında olan nikah pozulmuşdur. İddiaçı ilə nikahları pozulduqdan sonra birgə nikahlarından anadan olmuş 29 mart 2010-cu il təvəllüdlü Nurcan adlı qızları onun yanında saxlanılmışdır. Hazırda uşaq 23 iyun 2020-ci il tarixdən iddiaçının yanındadır. Onun yanında saxlanılır. Uşağın atasının yanında qalmasını istəməsi səbəbindən uşaq atasının yanındadır. O, da bir ana kimi qızının cəmiyyətdə normal bir insan kimi formalaşmasında övladının yaşayış tərzi ilə mütəmadi maraqlanmaq, onun təlim-tərbiyəsi ilə məşğul olmaq istəyir. Uşağın ona verilməsini tələb edir. Uşaq atasının yanında saxlanıldığı təqdirdə hər hansı məbləğdə aliment də ödəməyəcəkdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İşdə olan Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 iyun 2021-ci il tarixli AZ-T seriyalı 167089 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 29 mart 2010-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 07 may 2010-cu il tarixdə 125 nömrə ilə qeyd edilmişdir. Onun atası İddiaçı, anası isə Cavabdehdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 2(033)- 985/2019 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh ilə İddiaçı arasında bağlanmış 07 iyul 2009-cu il tarixli nikah qeydinin pozulması, nikahın pozulması Qeydiyyat Şöbəsində rəsmiləşdirilərkən 15 manat dövlət rüsumunun İddiaçı tutulması, Cavabdeh dövlət rüsumundan azad edilməsi, tərəflərin birgə nikahından 29 mart 2010-cu il tarixdə anadan olmuş X3 anası Cavabdeh himayəsində saxlanılması, tərəflərin birgə nikahından 29 mart 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 07 avqust 2019-cu il tarixdən hesablanmaqla, hər ay 120 manat sabit pul məbləğində alimentin İddiaçı Cavabdeh xeyrinə verilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İşdə olan Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 30 oktyabr 2020-ci il tarixdə verilmiş AZ-İ 366686 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Zaqatala Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli 2(033)-985/2019 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 28 oktyabr 2019-cu il tarixdə xitam verilmişdir. İşdə olan Zaqatala rayon Mənzil İstismar İdarəsinin verdiyi 15 mart 2021-ci il tarixli 211 nömrəli arayışından görünür ki, X5 23 iyun 2020-ci il tarixdən atası İddiaçı yanında yaşayır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayə Orqanının 10 avqust 2021-ci il tarixli 3/1108 nömrəli rəyindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin qərardadına əsasən İddiaçı Cavabdeh qarşı azyaşlı uşağın kimin yanında saxlanılması uşağın mənafeyinə uyğunluğu barədə işə RİH yanında Qəyyumluq və Himayə Orqanının iclasında baxılmışdır. Həmin iclasda 29 mart 2010-cu il tarixdə anadan olmuş X3 anası ilə görüşüb ünsiyyətdə olmaları təmin edilmişdir və hüquqşünas və psixoloqun iştirakı ilə dinlənilmişdir. Söhbət zamanı uşaq anasını və atasını çox sevdiyini, onların barışmalarını istədiyini, hazırda atası ilə birgə yaşadığını və atasının ona yaxşı baxdığını, atasına daha çox bağlı olduğunu, ancaq atasına məxsus evdə atasının razılığı ilə anası Cavabdeh ilə hər həftənin şənbə və bazar günləri görüşüb ünsiyyətdə olmaq istədiyini bildirmişdir. İddiaçı qızının izahatını öz imzası ilə təsdiq edərək həmin evdə qızının və anasının hər həftənin şənbə və bazar günləri görüşüb ünsiyyətdə olmalarına etirazının olmadığını bildirmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayə Orqanı tərəfindən İddiaçı yaşadığı evə baxış keçirilmiş, müayinə aktı tərtib edilmiş və onun həyat şəraitinə qənaətbəxş rəyi verilmişdir. Cavabdeh yaşadığı evə baxış keçirilmiş və həyat şəraiti müayinə edilmiş, akt tərtib edilmişdir. Akta əsasən cavabdehin həyat şəraitinə qənaətbəxş rəyi verilmişdir. RİH yanında Qəyyumluq və Himayə Orqanı yuxarıda qeyd olunanlara əsasən 29 mart 2010-cu il tarixdə anadan olmuş X3 fikrini nəzərə alaraq atası İddiaçı himayəsində saxlanılması uşağın mənafeyinə uyğun olduğu rəyindədir. Məhkəmə iclasında tərəflərin izahatlarının, onların təqdim etdiyi sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 29 mart 2010cu il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Tərəflər məhkəmənin qətnaməsinə əsasən ayrılmışlar, faktiki olaraq da ayrı yaşayırlar. Uşaq hazırda 23 iyun 2020-ci il tarixdən etibarən İddiaçı himayəsindədir. Hazırda atası İddiaçı yanında onunla yaşayır. İddiaçı uşağın onun himayəsində saxlanılmasını və aliment ödənilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etmir. RİH yanında Qəyyumluq və Himayə Orqanı isə 29 mart 2010-cu il tarixdə anadan olmuş X3 fikrini nəzərə alaraq atası İddiaçı himayəsində saxlanılması uşağın mənafeyinə uyğun olduğu rəyindədir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, 29 mart 2010-cu il təvəllüdlü X5 atası İddiaçı yanında saxlanılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidır. Belə ki, məhkəmə yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qalması məsələsini uşaqların hüquq və mənafelərini, onların istəyini, valideynlərdən hər birinə olan bağlılığını, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətlərini, uşaqların yaşını, onların inkişafı və tərbiyəsi üçün şərait yaradılmasını nəzərə almaqla həll edir. Uşağın mənafeyi ictimai maraq kəsb edir və valideynlərin hüququndan daha üstündür. Məhkəmə 29 mart 2010-cu il təvəllüdlü X3 valideynlərindən hansının yanında qalması məsələsini müzakirə edərkən Zaqatala Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayə Orqanının rəyini, həmin uşağın hal-hazırda doğulub böyüdüyü evdə atasının yanında olmasını, uşağın izahatını və fikrini, uşağın mənafeyini, iddiaçının uşağının öz yanında qalmasını tələb etməsini nəzərə alaraq belə hesab edir ki, həmin uşağın atasının yanında qalması məqsədə müvafiqdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. «Uşаq hüquqlаrı hаqqındа» Konvensiyаnın 3-cü mаddəsinə görə sosiаl təminаt məsələləri ilə məşğul olаn dövlət idаrələri və yа özəl idаrələr, hаbelə məhkəmələr, inzibаti orqаnlаr, yаxud qаnunvericilik orqаnlаrı tərəfindən həyаtа keçirilib keçirilməməsindən аsılı olmаyаrаq, uşаqlаr bаrəsində görülən bütün tədbirlərdə uşаğın mаrаqlаrının dаhа yаxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidirlər. Avropа dəyərləri müstəvisində uşаqlаrın sаxlаnmаsı ilə bаğlı аtаnın və аnаnın hüquqlаrı fərdi mаrаq, uşаqlаrın hüquqlаrı isə dаhа üstün dəyər olаn ictimаi mаrаq kimi qiymətləndirilir. Əgər uşаqlаrın sаxlаnmаsı ilə bаğlı vаlideynlər аrаsındа fikir аyrılığı yаrаnırsа dövlət uşаqlаrın hüquqlаrını ictimаi mаrаq kimi qiymətləndirərək uşаqlаrın tərəfindən mübаhisəyə qаrışır. İnsan hüquqları üzrə Avropа Məhkəməsinin Elsholzun işi ilə bağlı qərarında qeyd etmişdir ki, “uşаğın mаrаqlаrı ilə vаlideynlərin mаrаqlаrı аrаsındа ədаlətli tаrаzlıq yаrаtmаq zəruridir. Məhkəmə belə qərаrа gələrkən uşаğın mаrаqlаrınа xüsusi əhəmiyyət verir. Çünki uşаğın mаrаqlаrı öz təbiətinə və əhəmiyyətinə görə vаlideynlərin mаrаqlаrındаn üstündür. Azərbаycаn Respublikаsı «Uşаq Hüquqlаrı» hаqqındа qаnunun 5-ci mаddəsinə əsasən dövlət orqаnlаrı, bütün fiziki və hüquqi şəxslər öz fəаliyyətində uşаqlаrın mənаfelərini üstün tutmаlı, onlаrın hüquqlаrının təmin olunmаsınа şərаit yаrаtmаlıdırlаr. Həmin Qаnunun 8-ci mаddəsinə görə hər bir uşаğın yаşаmаq, normаl şərаitdə fiziki, əqli və mənəvi cəhətdən inkişаf etmək hüququ vаrdır. İnsаn Hüquqlаrı üzrə Avropа Konvensiyаsının tələbinə görə Uşaq barəsində bütün tədbirlərdə onun mənafeləri tam həcmdə nəzərə alınmalıdır. Uşaq öz valideynləri ilə yaşamaq hüququna malikdir. Bu şərtlə ki, bu, ən yaxşı halda uşağın mənafelərinə zidd olmasın. BMT Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə elan edilmiş “Uşaq hüquqları haqqında” Bəyannamənin 6-cı Prinsipində müəyyən olunur ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. BMT-nin 12 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyasının 9-cu maddəsinə əsasən iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, «Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməli, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 29 mart 2010-cu il tarixdə anadan olmuş X5 atası İddiaçı himayəsində saxlanılmalıdır. Məhkəmə daha sonra iddia tələbinin “uşağın saxlanması üçün alimentin ödənilməsi” hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri alimentin ödənilməsi ilə bağlıdır və bu tələbin maddi hüquqi əsasını Ailə Məcəlləsinin 78-ci maddəsi təşkil edir. Lakin iddianın düzgün həlli üçün digər əlaqəli hüquq normaları da nəzərə alınmalıdır. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci madəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmçinin uşaqlar üçün aliment tutulması barədə iddialara baxılarkən nəzərə alınmalıdır ki, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. İddia tələbinin hüquqi əsasını təşkil edən Ailə Məcəlləsinin 78-ci maddəsinin müddəalarını təhlil etdikdə görünür ki, qanun məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin müəyyən edilməsi üçün zəruri olan aşağıdakı dispozisiya şərtlərini müəyyən etmişdir: 1. Аliment ödənilməsi barədə saziş olmaması; 2. Tərəflərdən birinin ailə və ya maddi vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın hazırki təminat səviyyəsinin əvvəlki təminat səviyyəsindən aşağı olması; 3. Aliment ödəniləcək valideynin digər valideyndən az təminatlı olması. Bu şərtlərin hər hansı birinin mövcud olmaması alimentin artırılması barədə iddianın rədd olunması üçün əsasdır. Baxılan işin hallarından görünür ki, sadalanan dispozisiya şərtlərinin ikincisi və üçüncüsü mövcud deyildir. Hansı ki, «tərəflərdən birinin ailə və ya maddi vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın hazırki təminat səviyyəsinin əvvəlki təminat səviyyəsindən aşağı olması; 3. Aliment ödəniləcək valideynin digər valideyndən az təminatlı olması» alimentin təyin edilməsinə əsas verən başlıca hüquqi faktdır. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı isə məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. İşin hallarından da görünür ki, iddiaçının uşağın saxlanması üçün yetərincə maddi imkanı var. Onun cavabdeh tərəfindən verilən pul məbləğinə ehtiyacı yoxdur. Sadəcə qanunda göstərilən hüquqlarından istifadə edərək uşağın saxlanması üçün cavabdehdən aliment də tələb edir. Göründüyü kimi, uşağın hazırki təminat səviyyəsi əvvəlki təminat səyyəsindən heç də aşağı deyil və iddiaçının cavabdehdən az təminatlı olması da məhkəmə iclasında öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227.1 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahlarından 29 mart 2010-cu il tarixdə anadan olmuş X5 atası İddiaçı himayəsində saxlanılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-691/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-691/2021
08.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver