Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-712/2020 29.07.2020 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan xx xxxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay üçün 180 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə xx xxxxxxx 2016-cı il tarixdə rəsmi qaydada nikah bağlayaraq ailə qurmuş, hazırda faktiki olaraq ayrılmışlar. Onların birgə yaşadıqları dövrdə, yəni xx xxxxxx 2017-ci il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə uzun müddətdir ki, ər-arvad münasibətləri tamamilə pozulmuşdur, ayrı yaşayırlar. Cavabdeh uşağı saxlamaq üçün ona heç bir maddi köməklik etmir. Uşaq azyaşlı olduğu üçün və onun himayəsində yaşadığı üçün cavabdeh uşaqların saxlanması üçün aliment ödəməlidir. Hər hansı bir gəliri və fayda götürəcəyi bir işi yoxdur. Cavabdehin maddi imkanı yaxşıdır, kifayət qədər qazancı var. Ona görə də, sabit pul məbləğində aliment tələb edir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddiası əsaslıdır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, İddiaçı ilə xx xxxxxxx 2016-cı il tarixdə rəsmi qaydada nikah bağlayaraq ailə qurmuşdur. Onların birgə yaşadıqları dövrdə, yəni xx xxxxxx 2017-ci il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Hazırda onlar ayrı yaşayırlar. Uşaq hazırda iddiaçının himayəsindədir. İşləmədiyindən ailəsinə maddi köməklik göstərə bilməmişdir. Eyni zamanda, məhkəməyə ərizə təqdim edərək iddianı qismən qəbul etdiyini və iddiaçıya 100 manat məbləğində aliment ödəməyə imkanı çatdığını bildirdi. Buna görə də, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş edir. İşdə olan Qax RİHB-nın Qarağan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxxxxx 2016-cı il tarixdə verilmiş AZ-İİ 115009 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında xx xxxxxxx 2016-cı il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra kişiyə “Musayev”, qadına isə “Musayeva” soyadı verilmişdir. İşdə olan Qax RİHB-nın Qarağan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İİİ 949856 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 2017-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə iclasında iddiaçının və cavabdehin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı ilə Cavabdeh xx xxxxxxx 2016-cı ildə ailə qurmuş, birgə nikahdan xx xxxxxx 2017-ci il tarixdə X3 adlı uşaqları anadan olmuşdur. Tərəflərin ailə münasibətləri baş tutmadığından faktiki olaraq ayrılmışlar. İddiaçı təkbaşına himayəsində olan uşağın tələbatını ödəyə bilmədiyindən Cavabdeh qarşı aliment tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddiasını müdafiə edir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qismən qəbul etdiyini və iddiaçıya 100 manat məbləğində aliment ödəməyə imkanı çatdığını bildirir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Məhkəmə sonda xüsusilə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxx 2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. İddiaçı, cavabdehin qazancı barədə məhkəməyə heç bir sənəd təqdim etmədiyindən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Məhkəmə tərəflərin maddi vəziyyətini, uşağın mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin ediləcək alimentin məbləği hər ay uşaq üçün 140 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göründüyü kimi, iddiaçı alimentin tutulmasının əvvəlinin hansı tarixdən hesablanmasını mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün sabit pul məbləğində 140 manat aliment Cavabdeh tutulub İddiaçına verilməli, eyni zamanda iddiaçının ərizəsində alimentin tutulmasının əvvəlinin hansı tarixdən hesablanmasını mübahisələndirməməsi nəzərə alınmalı və alimentin tutulmasının əvvəli İddiaçı iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün sabit pul məbləğində 140 (bir yüz qırx) manat aliment Cavabdeh tutulub İddiaçına ödənilsin. Alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-712/2020
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-712/2020
29.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver