Məhkəmə qərarları › İş №2(033)-86/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-86/2021

27.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-86/2021 27.04.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, iddiaçı X1 Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı birgə nikah dövründə yaranmış borcun bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Həsənova (Mirzəyeva) Sevinc Abdurahman qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikah dövründə - 08 noyabr 2019-cu il tarixli, GTKR1618099A139 nömrəli "Kredit müqaviləsi"-nə əsasən yaranmış borclarının qalıq qalan 2461,48 (iki min dörd yüz altmış bir manat qırx səkkiz qəpik) manat hissəsinin 1/2nin bölünərək ödəniş qrafikinə uyğun şəkildə Cavabdeh tutulub iş üzrə üçüncü şəxs olan kreditor "KapitalBank" Açıq Səhimdar Cəmiyyətinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh 01 sentyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan 18 may 2019-cu il tarixdə Dərya adlı qız övladları doğulmuşdur. O, Cavabdeh qarşı aralarında bağlanmış nikahın onlara barışmaq üçün vaxt verilmədən pozulması, cavabdeh ilə birgə nikahlarından 18 may 2019-cu il tarixdə doğulmuş X5 onun yanında qalması, cavabdeh ilə birgə nikahlarından 18 may 2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun hazırki ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi, cavabdeh ilə birgə nikah dövründə yaranmış borcun bölünməsi ilə bağlıdır. Belə ki, o, cavabdehlə nikahda olduqları müddətdə, yəni, 08 noyabr 2019-cu il tarixdə öz ehtiyaclarını qarşılamaq üçün "KapitalBank" Açıq Səhimdar Cəmiyyətindən özünün adına 3400 (üç min dörd yüz) manat kredit götürmüşlər. Həmin kreditin faizi ilə birgə müəyyən hissəsi ödənilmişdir. Onların faktiki olaraq ayrı yaşamağa başladıqları müddətə, yəni, 2020-ci ilin avqust ayına olan borcları 2461,48 (iki min dörd yüz altmış bir manat qırx səkkiz qəpik) manat təşkil edir. Mülki iş üzrə tərəflər məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə iddiaçı Həsənova (Mirzəyeva) Sevinc Abdurahman qızı və üçüncü şəxs X8 Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsaslanaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə baxış iclasında iştirak edən iddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda göstərdi ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsi birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə yanaşı birgə nikah dövründə yaranmış borcların da bölünməsini nəzərdə tutur. Odur ki qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia ərizəsində qeyd edilənləri qəbul etməyərək göstərdi ki, iddiaçı X3 ilə 01 sentyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olmadan əvvəl iddiaçının müxtəlif banklara kredit borcu olmuşdur. İddiaçı, 2019-cu ilin noyabr ayında da şəxsi ehtiyaclarını qarşılamaq üçün xxxx ASC-dən kredit götürmüşdür. O, birgə nigah dövründə maşın almaq üçün iddiaçıdan bir miqdar pul götürmüş olsa da, lakin həmin məbləği sonradan Sevinc Həsənovaya qaytarmışdır. Götürülmüş kredit məbləği yalnız iddiaçının şəxsi ehtiyacları üçün xərcləndiyindən və iddia tələbi əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Ümid Nəbizadə 23 sentyabr 2020-ci il tarixli mülahizəsini məhkəməyə göndərərək, iş üzrə Cavabdeh Bankın istehlak kreditlərinin verilməsi qaydalarının tələblərinə uyğunluğu yoxlanılmadığından kredit üzrə aylıq ödənişlərin 1/2 hissəsinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasma etiraz etdiklərini bildirmişdir. Mülahizə onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Zaqatala rayon filialı ilə X3 arasında bağlanmış 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsinə əsasən iddiaçıya 48 ay müddətinə illik 27.84 faiz dərəcəsi ilə 3400 manat məbləğində kredit verilmişdir. İddiaçı Həsənova (Mirzəyeva) Sevinc Abdurahman qızının Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış borcun bölünməsi” tələbinə dair iddia ərizəsinin aşağıdakı səbəblərə təmin olunmamasını xahiş edirlər. İddiaçı ilə bank arasında kredit müqaviləsi bağlanarkən Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda kreditlərin verilməsi Qaydaları”na və bankdaxili qaydalara uyğun olaraq iddiaçının kredit tarixçəsi, digər öhdəliklərinin olub-olmaması, olduğu təqdirdə öhdəliklərin yüklülük həcmi yoxlanılmış, həmçinin öhdəliyin təminatı üsulu kimi iddiaçının gəlirləri nəzərə alınmış, iddiaçının qeyd olunan göstəriciləri qənaətbəxş hesab olunduğundan Bank ilə onun arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsində öhdəliyin təminatı üsulu akseptsiz silinmə nəzərdə tutulmuşdur. Belə ki, həmin müqavilənin 4.2-ci bəndinə əsasən Bank Müştərinin əsas, faiz və digər borclarını, habelə Müştərinin Bankda olan hesablarına istənilən üsulla səhvən köçürülmüş pul vəsaitini onun sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığı alınmadan) onun istənilən hesabından tuta (silə) bilər. Hazırda kredit üzrə aylıq ödəniş məbləğinin 1/2 hissəsinin ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması kreditin təminatlılığını risk altına almış olur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, işdə olan Zaqatala rayon Çobankol kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 01 sentyabr 2018-ci il tarixdə verilmiş AZ-İİ 261315 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X3 01 sentyabr 2018-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 12 nömrə ilə qeyd edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra müvafiq olaraq ər “Mirzəyev”, arvad isə “Mirzəyeva” soyadını qəbul etmişlər. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-85/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək iddiaçı X3 ilə Cavabdeh arasında Zaqatala rayon Çobankol kənd İƏD üzrə nümayəndəliyində qeyd edilmiş 01 sentyabr 2018-ci il tarixli 12 nömrəli nikahın pozulması, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi, tərəflərin uşaqları olan- 18 may 2019-cu il təvəllüdlü X5 anası X1 himayəsində saxlanılması, iddiaçı X1 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 20 (iyirmi) manatın özünə aid edilməsi, 18 may 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün sabit pul məbləğində 140 (bir yüz qırx) manat alimentin tutularaq X2 ödənilməsi, aliment tutulmasının əvvəlinin 10 sentyabr 2020-ci il tarixdən hesablanması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İşdə olan 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə X3 arasında bağlanmış kredit müqaviləsindən görünür ki, bank tərəfindən Sevinc Həsənovaya 48 ay müddətinə illik 27,84 (FİFD 28,5) faiz dərəcəsi ilə 3400 manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Bank Müştərinin əsas, faiz və digər borclarını, habelə Müştərinin Bankda olan hesablarına istənilən üsulla səhvən köçürülmüş pul vəsaitini onun sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun istənilən hesabından tuta (silə), o cümlədən hesablarındakı digər valyutada olan pul vəsaitlərini Bankın elan etdiyi məzənnəyə və Tarif dərəcələrinə əsasən konvertasiya edərək silə bilər, habelə Müştərinin bank hesabında olan pul vəsaitini borcların məbləği həddində bloklaşdıra bilər, ödəniş intervalının əvvəlində aylıq borcları tuta (silə) bilər, bundan əlavə, Müştəri Banka olan borclarının ödənilməsini gecikdirdikdə Bank tərəfindən Müştəriyə verilmiş kredit, kredit münasibətləri, kredit üzrə borclar haqqında məlumat, kredit dosyesində olan sənədlərin surəti (hesab müqaviləsi, kredit müqaviləsi, Ödəniş qrafiki və s.), həmin sənədlərdə qeyd edilmiş məlumatlar Bank tərəfindən üçüncü tərəfə (şəxslərə) ötürülə, verilə bilər. İşdə olan 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsinə əlavədən görünür ki, kredit müqaviləsi üzrə son ödəniş tarixi 08.11.2023-ci il tarixdir. İşdə olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 20 avqust 2020-ci il tarixli arayışından görünür ki, X1 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsi üzrə 20.08.2020-ci il tarixə 2461,86 manat kredit borcu vardır. İşdə olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 153 nömrəli 10 mart 2021-ci il tarixli arayışından görünür ki, X1 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsi üzrə 10.03.2021-ci il tarixə 2835,98 manat kredit borcu vardır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı Həsənova (Mirzəyeva) Sevinc Abdurahman qızı ilə Cavabdeh 01.09.2018-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahı döründə iddiaçı Həsənova (Mirzəyeva) Sevinc Abdurahman qızı ilə üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsi bağlanmışdır. 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsinə əsasən 48 ay ərzində qaytarılmaq şərtilə yəni, sonuncu ödəniş 08.11.2023-cü il tarixdə olmaqla, 3400 (üç min dörd yüz) manat krediti iddiaçı, “xxxx” Açıq Səhmdar Cəmiyyətindən almışdır. Həmin kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən mülki iş üzrə üçüncü şəxs olan Bank mülki iş üzrə iddiaçı olan X1 əsas, faiz və digər borclarını, habelə onun Bankda olan hesablarına istənilən üsulla səhvən köçürülmüş pul vəsaitini onun sərəncamı olmadan, akseptsiz qaydada onun istənilən hesabından tuta bilər. İddiaçı Həsənova (Mirzəyeva) Sevinc Abdurahman qızı ilə Cavabdeh 2020-ci ilin avqust ayından ayrı yaşamağa başlamışlar, Zaqatala Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikahın pozulmuşdur. Qeyd edilən tarixə iddiaçı Həsənova (Mirzəyeva) Sevinc Abdurahman qızının 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsi üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qarşısında borcu 2461,86 manat təşkil etmişdir. İddiaçı qeyd edilən məbləğin 1/2 hissəsinin bölünərək ödəniş qrafikinə uyğun şəkildə Cavabdeh tutulub iş üzrə üçüncü şəxs olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyəti 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsinin təminatı kimi iddiaçı olan Həsənova İddiaçı əsas, faiz və digər borclarını, habelə onun Bankda olan hesablarına istənilən üsulla səhvən köçürülmüş pul vəsaitini akseptsiz qaydada silinməsini nəzərdə tutulduğundan və iddia tələbi təmin edildiyi halda kreditin təminatlılığının risk altına alınacağına görə kredit müqaviləsi üzrə öhdəliyin 1/2 hissəsinin Cavabdeh üzərinə qoyulmasına etiraz edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Ailə Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Şərh edilən normaların məzmunundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinin qüvvəsi o zaman tətbiq oluna bilərdi ki, tərəflərin birgə yaşadıqları dövrdə ailənin ehtiyacına sərf olunmuş borclarının olması məhkəmədə sübuta yetirilmiş olsun. İddiaçı Həsənova (Mirzəyeva) Sevinc Abdurahman qızı tərəfindən 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsinə əsasən götürülmüş 3400 manat kredit məbləğinin ailənin ehtiyaclarına sərf edilməsinə dair heç bir sübut təqdim edilməmiş və Cavabdeh həmin kredit məbləğinin yalnız iddiaçının şəxsi ehtiyaclarının ödənilməsi üçün istifadə olunduğunu bildirmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi üddəalarının şərh edilməsi nədair 14 iyul 2015-ci il tarixli qərarında göstərilir ki, Öhdəliyin təmin olunması üzrə qüvvədə olan Mülki Məcəllədə nəzərdə tutulan müddəalarla əvvəlki qanunvercilikdə mövcud olmuş müddəalar arasındakı prinsipial fərq ondan ibarətdir ki, qüvvədə olan qanunvericilikdə həm qanunla, həm də müqavilə ilə öhdəliyin təmin olunmasının digər üsulları da nəzərdə tutula bilər. Mülki Məcəllədə öhdəliyin icrasının təmin olunmasının digər üsulları barədə hər hansı müddəa öz əksini tapmamışdır. Digər üsullar sırasında bəzi nəğdsiz ödəmə vasitələrini – akkredetiv, inkasso, akseptiz çıxarış, əvvəlcədən ödəmə və s. göstərmək olar. Bir sıra müqavilə növləri, məsələn, sığorta, kredit, lizinq müqavilələri də müəyyən təminat xüsusiyyətlərinə malikdir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinin, 15-ci maddəsinin İİ hissəsinin, 29-cu maddəsinin İİ hissəsinin və 59-cu maddəsinin müddəalarını və Mülki Məcəllənin 389 və 390-cı maddələrinin tələblərini nəzərə alaraq, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu da öz aralarında iradə sərbəstliliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər. Yuxarıda şərh olunanlardan da görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsi öhdəliklərini icrası kimi girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə yanaşı Məcəllədə və müqavilədə nəzərdə tutulan digər üsulları da öhdəliklərini icrası kimi qeyd edir və Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 14 iyul 2015-ci il tarixli qərarında mülki hüquq subyektlərinin mülki qanunvericiliyin tələblərinə zidd olmayan öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu da öz aralarında iradə sərbəstliliyi prinsipinə uyğun olaraq müəyyən edə biləcəklərini göstərir. Eyni zamanda həmin qərarda nəğdsiz ödəmə vasitəsi olan akseptiz çıxarışın da öhdəliyin icrasının təmin edilməsinin digər üsulu kimi qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” ASC ilə iddiaçı Mirzəyeva (Həsənova) Sevinc Abdurahman qızı arasında 08.11.2019-cu il tarixdə bağlanmış GTKR1618099A139 nömrəli kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən tərəflər arasında öhdəliyin icrasının təmini kimi akseptsiz çıxarışların aparılmasını razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 461.1-ci maddəsinə əsasən öhdəliklərin icrası üçün təminat vermiş şəxs kreditorun razılığı ilə onu başqa təminatla əvəz edə bilər. Həmin Məcəllənin 522-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. İcazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır. Borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur. Kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur. Mülki Məcəllənin qeyd edilən normalarından da aydın olur ki, yalnız kreditorun razılığı ilə öhdəliyin icrası üçün təminat vermiş şəxs onu başqa təminatla əvəz edə bilər və əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Mülki iş materialları ilə də müəyyən edilir ki, iddiaçı Mirzəyeva (Həsənova) Sevinc Abdurahman qızı ilə kreditor olan üçüncü şəxs “xxxx” ASC arasında öhdəliyin digər şəxsə verilməsi üçün razılaşma mövcud deyil. Məhkəmə hesab edir ki, hazırki iddia təmin ediləcəyi halda 08.11.2019-cu il tarixli GTKR1618099A139 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin təminatlılığı risk altına alınmış olmaqla yanaşı, həmin müqavilənin şərtlərinin pozulmasına gətirib çıxaracaq ki, bu da yolverilməzdir. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı X1 Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı birgə nikah dövründə yaranmış borcun bölünməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı X3 tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 217, 219-220, 227 və 233-cü maddələrinə əsaslanaraq, məhkəmə qət etdi: İddiaçı X1 Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı birgə nikah dövründə yaranmış borcun bölünməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı X3 tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar