Məhkəmə qərarları › İş №2(033)-89/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-89/2022

07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-89/2022 07.01.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqısatqısına dair 19 mart 2004-cü il tarixli müqavilənin etibarlı (bağlanmış) hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan Zaqatala rayonu, Əliabad kəndində “Gər” çölü adlanan ərazidə yerləşən 0,47 ha torpaq sahəsini 19 mart 2004-cü il tarixdə öz aralarında şahidlərin iştirakı ilə bağlanmış akta əsasən almışdır. Torpaq sahəsini alarkən torpağın sənədləri hazır olmamışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi cavabdehlərin təqsiri ucbatından baş vermişdir və hazırda da cavabdehlər torpaq sahəsinin alqı-satqısına dair əqdin rəsmiləşdirilməsindən qərəzli olaraq yayınmışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ölmüşdür. Zaqatala RİHB-ın Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2021-ci il tarixli, 1716 saylı arayışına istinadən onların birinci dərəcəli vərəsələri olmamış və onların təsərrüfatını mərhum Cavabdeh1 qardaşı oğlu və varisi Cavabdeh3 idarə edir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı ərizə ilə müraciət edərək səhhətində ciddi problemlərinin olmasını və İ qrup əlil olmasını nəzərə alaraq mülki işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X11 da ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, eyni zamanda sözügedən torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı heç bir iddiası və tələbi olmayacaq. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessua Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahat verərək göstərmişdir ki, iddianı qəbul edir, digər cavabdehlər əmisi Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 Həsil qızı ölmüşlər. Onlar vəfat etdikdən sonra övladları olmadığı üçün onların təsərrüfatlarını o idarə etmişdir. Cavabdehlər-əmisi Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 Həsil qızı öldüyündən onların hüquqi varisi kimi ozünün tanınmasını, İddiaçı ona və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə iddianın təmin olunmasını xahiş edir. Ona görə ki, həmin torpaq sahəsi həqiqətən əmisigil tərəfindən iddiaçıya satılmışdır. Əliabad Bələdiyyəsi tərəfindən mülkiyyətdə olan torpaq sahəsinə dair arayışında qeyd edilən X11 onun qızıdır, o, Bakı şəhərində yaşayır və o da iddia tələbinin təmin edilməsinə etiraz etmir. İşdə olan 19 mart 2004-cü il tarixli alqı-satqı aktından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı və şahidlərin iştirakı ilə tərtib edilərək imzalanmışdır. Akta əsasən Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan 0,47 ha torpaq sahəsi onlar tərəfindən 1000 ABŞ dollarına İddiaçı satılmışdır. Cavabdeh1 pulu şahidlərin iştirakı ilə sayaraq təhvil almışdır. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmi.ş 24 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2t qızı xx.xx.2010-cu il tarixdə ölmüşdür. İşdə olan Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Əliabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 1716 nömrəli arayışdan görünür ki, mərhum X12 və Cavabdeh2t qızının övladları olmamışdır. Onların birinci dərəcəli varisi olmayıb. Onların varisi qardaşı oğlu Cavabdeh3dur. Hal-hazırda onların təsərrüfatını Cavabdeh3 idarə edir. Sorğu edilməklə əldə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 adına qeydiyyatın olması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar edilməmişdir. Zaqatala rayonu, Əliabad qəsəbəsi üzrə vətəndaşlara məxsus torpaq sahələrinə dair qeydiyyatın aparılması üçün 18 saylı Zaqatala Ərazi İdarəsinin xidməti istifadəsində olan elektron kadastr baza məlumatlarından, Zaqatala RİHB tərəfindən 4/475 saylı, xx.xx.2018-ci il tarixli məktubu ilə təsdiq edilmiş siyahılardan və mövcud elektron xəritələrdən istifadə olunur. Həmin torpaq sahələrinə dair siyahıda (cədvəldə) Əliabad kolxozu üzrə 1004 təsərrüfat nömrəsi ilə X3, Əlixanov Hacımada (Hacıməmməd) Əli oğlunun və Cavabdeh2t (Həmzə) qızının adlarına 1,02 ha kənd təsərrüfatı təyinatlı (0,52 ha+ 0,46 ha+ 0,04 ha) və 0,14 ha həyətyanı torpaq sahələrinin olması qeyd edilmişdir. Siyahıda qeyd olunan 1,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,52 ha hissəsi özgəninkiləşdirilmiş və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə tam mülkiyyət üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Əliabad Bələdiyyəsi tərəfindən xx.xx.2021-ci il tarixli 319 nömrəli arayışdan görünür ki, X4 1996-cı ildə torpaq islahatı ilə bağlı tərtib edilmiş siyahıda ona və ailəsinə (3 nəfər) 0,14 ha həyətyanı, 0,04, 0,52 ha bağ və 0,46 ha pay torpaq İİ keyfiyyət qrupu torpaq sahəsi vardır. Qəsəbədə islahat başa çatmadığına görə vətəndaşa dövlət aktı təhkim edilməmişdir. X10 0,34 ha, X8 0,34 ha, Cavabdeh2t qızı-0,34 ha. İşdə olan Əliabad Bələdiyyəsi tərəfindən xx.xx.2021-ci il tarixli 51 nömrəli arayışdan görünür ki, 929 təsərrüfatda olan Cavabdeh3, X5 və X6 aid 0,09 ha həyətyanı, 0,21 zəbt, 0,48 ha bağ, 0,33 ha əkin, cəmi: 1,02 pay torpaq sahəsi vardır. 1004 təsərrüfada olan X9, X8 və Cavabdeh2t qızına aid 0,14 ha həyətyanı, 0,04 ha zəbt, 0,52 ha bağ, 0,46 ha əkin cəmi: 1,02 torpaq sahəsi vardır. İşdə olan xx.xx.2021-ci il tarixli X7 ərizəsindən görünür ki, mülki iş üzrə sözügedən torpağın alqı-satqı müqaviləsinin bağlanması ilə bağlı heç bir etirazının və tələbinin olmadığını, gələcəkdə də sözügedən torpaq sahəsi ilə bağlı heç bir iddiası və tələbinin olmayacağını bildirmişdir. İşdə olan Cavabdeh3 tərəfindən verilmiş ərizələrdən görünür ki, 0,47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satışına dair 19 mart 2004-cü il tarixli müqavilənin etibarlı hesab edilməsini xahiş edir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Zaqatala rayonu Əliabad qəsəbəsi sakini cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 0.47 ha tоrpаq sаhəsini 19 mart 2004-cü il tаrixdə 1000 ABŞ dolları pul müqabilində İddiaçı satmışdır. Alqı-satqıya dair tərəflərin, onların vərəsəsi Cavabdeh3 və şahidlərin iştirakı ilə Akt tərtib olunmuş və onların imzaları ilə təsdiq edilmişdir. Pul Cavabdeh1 verilmiş, sonuncu isə həmin pulun müqabilində torpaq sahəsini iddiaçıya vermişdir. Torpaq sahəsinə dair sənədlər hаzırlаnıb nоtariаt kоntоrundа təsdiq edilməmişdir. Cavabdehlər Cavabdeh1 xx.xx.2015-ci il tarixdə, Cavabdeh2t qızı isə xx.xx.2010-cu il tarixdə ölmüşlər. Torpaq sahəsinin mülkiyyətçiləri öldüyündən və torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından iddiaçı, Cavabdeh1 və Cavabdeh2t qızı ilə аrаlаrındа bаğlаnmış аlqısаtqı müqаviləsini rəsmiləşdirə bilməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 və Cavabdeh2t qızından miras qalmış əmlakı Cavabdeh3 qəbul edərək idarə etmiş, mirası faktiki olaraq qəbul etmişdir. Məhkəmə mülki iş materiallarını araşdırıb tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi tərəflər arasında mübahisəli hüquq münasibəti 2004-cü il tarixdə yaranmışdır. Ona görə də mübahisənin həlli üçün həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 222.3-cü maddəsinə görə, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Həmin Məcəllənin 178.5-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydə almanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqı müqaviləsidir. Mülki Məcəllənin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-cı maddəsinə əsasən, daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 144.1-cı maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsinə dair müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Bununla yanaşı qanunverici əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını da müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2004-cü ildə qüvvədə olmuş (24 iyun 2005-ci il tarixədək) 335.2-ci maddəsinin tələbinə görə, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş şəxsin tələbi ilə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi göstərmişdir ki, daşınmaz əşyanın (əmlakın) alqı-satqısı haqqında əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. İş materiallarından göründüyü kimi tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı yazılı əqd bağlanmış, həmin əqd tərəflərin iştirakı ilə tərtib olunaraq təsdiq olunmuş, əqd qanuna zidd olmamış, cavabdehlər razılaşdıqları pulu alıb torpaq sahəsini iddiaçının istifadəsinə və sahibliyinə vermişdir. Bundan başqa cavabdehlər həmin torpaq sahəsinə dair alqı-satqını sonradan notariat qaydasında rəsmiləşdirməsini öhdəsinə götürsələr də, cavabdehlər vəfat etdiyinə görə həmin torpaq sahəsi barədə iddiaçı ilə notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmaqdan imtina edilmiş və əqd notariat qaydada təsdiqlənməmişdir. Bunа görə də iddiaçı tоrpаq sаhəsi barədə cavabdehlərlə аrаlаrındа bаğlаnmış аlqı-sаtqı müqаviləsini rəsmiləşdirə bilməmişdir. Lakin hazırda torpaq sahəsinin formal olaraq cavabdehlərin vərəsəsi olan Cavabdeh3 mülkiyyətində qalması iddiaçıya mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır. Mülki Məcəllə Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)... 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarı ... mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, ilk növbədə nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən ölmüş şəxsin qohumları mirası qəbul edib-etməmələrindən asılı olmayaraq onun qanun üzrə vərəsələri hesab edilirlər. Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları miras qoyanın ikinci növbəli vərəsələri sayılırlar. Hazırkı iş üzrə Cavabdeh3 da miras qoyanın qardaşı oğlu olduğundan onun vərəsə olduğunu təsdiq etmək üçün əlavə sübutlar təqdim etməsinə ehtiyac olmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, mülki qanunvericilik mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbulunu mümkün edir. Lakin vərəsə miras əmlaka olan hüququnu realizə etmək üçün üç ay ərzində və hər bir halda 6 aydan gec olmayaraq mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etməlidir (maddə 1243.2, 1246). Bu baxımdan miras qoyanın ölümündən 6 aydan artıq müddət keçdikdən sonra vərəsələrin sırasına daxil olan şəxslər miras əmlaka dair iddia qaldırdıqları halda onların bununla bağlı subyektiv hüquqa malik olduqlarının təsdiqi baxımından ilk növbədə mirası qəbul etdikləri barədə sübutları məhkəməyə təqdim etməlidirlər. İşdə olan sənədlərdən də görünür ki, mərhum X12 və Cavabdeh2t qızının övladları olmamışdır. Onların birinci dərəcəli varisi olmayıb. Onların varisi qardaşı oğlu Cavabdeh3dur. Hal-hazırda onların təsərrüfatını Cavabdeh3 idarə edir. Məhkəmə daha sonra qeyd edir ki, 19 mart 2004-cü il tаrixdə İddiaçı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 aralarında bağlanmış alqı-satqı müqaviləsinə dair aktdan görünür ki, onlar özlərinin mülkiyyətində olan 0,46 ha torpaq sahəsini İddiaçı 1000 ABŞ dolları pul müqabilində satmışdır. Həmin alqı-satqıya dair akta tərəflər imza etmiş, eyni zamanda həmin akt şahidlərin iştirakı ilə təsdiq edilmiş, bununla da əqdin yazılı formasına əməl edilmişdir. Həmin yazılı sənəd “akt” adlandırılsa da, orada müqaviləyə xarakterik olan bütün zəruri şərtlər- müqavilənin tərəfləri, alqı-satqının predmeti, ödənilməli məbləğ öz əksini tapmış, tərəflər sözügedən sənədi imzalamışlar. Həmin müqavilənin bağlandığı 19 mart 2004-cü il tarixdən indiyə kimi sözügedən 0,46 hektar torpaq sahəsinin vergilərini bələdiyyəyə İddiaçı ödəmişdir. Sözügedən alqı-satqı müqaviləsi bağlanan zaman cavabdehlər həmin torpağı iddiaçıya vermişdir. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı arasında Zaqatala rayonu Əliabad qəsəbəsində “Gər” çölü adlanan ərazidə yerləşən, Cavabdeh1 və Cavabdeh2 məxsus olan 0,46 ha kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinin аlqı-sаtqısınа dаir 19 mart 2004-cü il tаrixdə bağlanmış alqı-satqı müqаviləsi bаğlаnmış hesаb edilməli, iddia tələbinin qalan hissəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə İddiaçı arasında Zaqatala rayonu Əliabad qəsəbəsində “Gər” çölü adlanan ərazidə yerləşən, Cavabdeh1 və Cavabdeh2 məxsus olan 0,46 ha kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinin аlqı-sаtqısınа dаir 19 mart 2004-cü il tаrixdə bağlanmış alqı-satqı müqаviləsi bаğlаnmış hesаb edilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar