Məhkəmə qərarları › İş №2(033)-95/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-95/2021

02.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-95/2021 02.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X9 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.02.2009-cu il tarixdə doğulmuş X2 və 27.06.2010-cu il tarixdə doğulmuş X3 müalicə olunmaları üçün, Xankəndi şəhərində qeydiyyatda olan və Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində salınmış Məcburi Köçkünlər üçün Yeni qəsəbədə yerləşən bina 2, 21 saylı mənzildə yaşayan Cavabdeh əlavə müalicə xərcləri üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi hər ay 300 manat pulun ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, birgə nikahlarından 13 fevral 2009-cu il tarixdə “Zeynəb” və 27 iyun 2010-cu il tarixdə “Ləman” adlı övladları doğulmuşdur. Zaqatala rayon Məhkəməsinin 15.01.2020-ci il tarixli 2(033)-73/2020 nömrəli qətnaməsinə əsasən aralarında olan nikah aktı pozularaq, boşandıqdan sonra uşaqların onun himayəsində qalması və hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat məbləğində almentin cavabdehdən alınaraq onun xeyrimə tutulması qət edilmişdir. 26 yanvar 2020-ci il tarixdə Zaqatala rayonu 2 saylı notariat ofisində 3M-37 reyestr nömrəli “Mənzildən istifadə hüququna xitam verilməsi barədə Müqavilə” bağlayaraq, cavabdeh ona 2 azyaşlı övladının 18 yaşına kimi ödənilməsi nəzərdə tutulan aylıq 250 manat pul məbləğində alimentin qarşılığında, Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində salınmış Məcburi Köçkünlər üçün Yeni qəsəbədə yerləşən bina 2, 21 saylı mənzildəki yaşama hüququndan imtina edərək həmin mənzildəki mövcud olan əşyaları ilə birlikdə ona verməyi öhdəsinə götürmüşdür. O, azyaşlı övladları ilə birlikdə hal-hazırda həmin ünvandakı evdə yaşayır. Lakin uşaqların birinin böyrək xəstəsi, digərinin skolioz dioqnozu ilə xəstə olmaları, uşaqların hər ikisinin də daima mütamadi olaraq müalicə olunmaları və müalicə üçün əlavə xərclərin olması ona uşaqları müalicə elətdirmək üçün maddi cəhətdən çətinlik çəkməsinə səbəb olur. O, hər ay hər uşaq üçün 150 manat məbləğində müalicə üçün pul xərcləyir. Ona görə də məhkəməyə müraciət edərək cavabdehin hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində əlavə xərclərə cəlb olunmasını xahiş edir. Hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh izahatında göstərdi ki, 15 yanvar 2020-ci il tarixdə yekun qərar olaraq onun keçmiş həyat yoldaşı X10 ilə aralarında olan nikah aktı pozulmuşdur. O, bütün proses boyunca təkrar-təkrar boşanmaq istəmədiyini bildirmişdir. Hər uşağa 125 manat olmaqla cəmi 250 manat aliment ödənişindən iddiaçı imtina etmişdir. Ona qarşı şərti ondan ibarət olmuşdur ki, o, dövlət tərəfindən ona yaşamaq üçün verilmiş 3 otaqlı mənzildən pay hüququndan imtina etsin və evdə olan əşyaların hamısını ona versin. Razılaşmışlar və bu razılıq 26 yanvar 2020-ci il tarixdə Zaqatala rayon 2 saylı notariat ofisində notarial qaydada rəsmiləşdirilmişdir. Rəsmi gəlirinin 290 manat olmasına baxmayaraq o, həm öz məişət-həyat təminatını, həm də arada imkanı çatdıqda övladlarının müəyyən maddi ehtiyaclarını qarşılamağa çalışır. Bildirir ki, nə qızı Ləman nə də qızı Zeynəb, çox şükür, ağır xəstə deyillər. Hətta Ləmanın böyrək xəstəsi olması qəti yalandır. Zeynəbdə isə az dərəcəli skalioz vardır. Həkimin təyinatı turnikdən sallanmaq, masaj və imkan olarsa dənizə quma aparmaq olmuşdur. Sözügedən müalicə metodlarının hamısını etdirmiş və həkimin məsləhət gördüyü korseti də almışdır. İddiaçı ilə aralarında tərtib olunmuş müqavilənin 7-ci maddəsində “Müqavilənin bağlanmasından sonra X10 heç bir əsasla alimentin məbləğinin artırılmasını tələb edə bilməz.” deyilir. Adını “müalicə xərcləri” və ya digər xərclər qoymaqla açıq-aşkar aliment məbləğinin artırılmasına can atır qarşı tərəf. Arayış üçün bildirir ki, onun gəliri 290 manat, keçmiş həyat yoldaşı Gözəlin rəsmi gəliri isə 500 manatdan çoxdur. Boşandığı gündən indiyədək dəfələrlə övladlarının maddi ehtiyaclarını qarşılamış və indidən sonra da bunu etməyə davam edəcək. Ancaq, dediyi kimi, imkanının çatdığı qədər. Yox, əgər İddiaçı hesab edirsə ki, bu iki qız övladını saxlamaq, böyütmək və müalicə etmək iqtidarında deyil, o zaman, qəyyumluqdan imtina etsin, uşaqları versin ona. Onların bütün ehtiyaclarını onun himayəsində olduqları halda əksiksiz qarşılayacağına söz verir. Hətta mənzili də istəmir, əşyaları da istəmir. Aliment tələbi də yoxdur. Getsin tək canına 3 otaqlı mənzildə rahat və fırəvan yaşasın, etiraz etmir. Hazırda isə Zeynəb adlı uşağı 5 aydır ki, onun yanındadır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsini xahiş edir. İşdə olan Zaqatala RPŞ tərəfindən 01 mart 2016-cı il tarixdə verilmiş Seriya AZE 12381778 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 13 fevral 2009-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası isə X6r. İşdə olan Zaqatala RPŞ tərəfindən 01 mart 2016-cı il tarixdə verilmiş Seriya AZE 12381780 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 27 iyun 2010-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası isə X6r. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(033)-73/2020 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək iddiaçı X10 ilə Cavabdeh arasında olan Zaqatala rayon VVADQ şöbəsində qeyd edilmiş 01 dekabr 2007-cı il tarixli 346 nömrəli nikahın pozulması, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi, tərəflərin uşaqları olan-13 fevral 2009-cu il təvəllüdlü X4 və 27 iyun 2010-cu il təvəllüdlü X3 anaları X5 himayəsində saxlanılması, iddiaçı X5 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 20 (iyirmi) manatın özünə aid edilməsi, 13 fevral 2009-cu il təvəllüdlü X4 və 27 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat məbləğində alimentin tutularaq X7 ödənilməsi, aliment tutulmasının əvvəlinin 03 sentyabr 2019-cu il tarixdən hesablanması, iddiaçı Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş X12 X18 Şəxsin 19 noyabr 2020-ci il tarixli arayışından görünür ki, 13 fevral 2009-cu il tarixdə anadan olmuş X1 MDM PHŞ-də həkim müayinəsində olmayıb. 27 iyun 2010-cu il təvəllüdlü X8 29 oktyabr 2020-ci il və 06 noyabr 2020-ci il tarixlərdə konsultativ poliklinika şöbəsində həkim uroloqun müayinəsində olmuşdur və xəstəyə sistit N30.1 diaqnozu ilə anbulator şəraitdə müalicə təyin olunmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Mərkəzi X17 Şəxsin 23 noyabr 2020ci il tarixli arayışından görünür ki, 27 iyun 2010-cu il tarixdə anadan olmuş X8 18 fevral 2020-ci il və 06 iyun 2020-ci il tarixlərdə “Bronxial astma” diaqnozu ilə Ailə həkiminin qəbulunda olub. 13 fevral 2009-cu il tarixdə anadan olmuş X4 11 may 2020-ci il, 30 oktyabr 2020-ci il və 05 noyabr 2020-ci il tarixlərində həkim travmatoloqun qəbulunda olub Diaqnozu “Skalyoz”. İş materiallarına əlavə edilmiş X15 Mərkəzinin 02 dekabr 2020-ci il tarixli arayışından görünür ki, X8 mərkəzin laboratoriyasına 2 dəfə, 06 iyun 2020-ci il və 15 iyun 2020-ci il tarixlərdə müraciət etmişdir. Mərkəzdə həmin şəxsə hər hansı müalicə tədbiri göstərilməmişdir. Keçdiyi müayinələrdə hər hansı ağır xəstəlik və ya şikəstliyi göstərən nəticələri olmayıb. Məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflərin birgə nikahlarından 13 fevral 2009-cu il tarixdə “Zeynəb” və 27 iyun 2010-cu il tarixdə “Ləman” adlı övladları doğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(033)-73/2020 nömrəli qətnaməsinə əsasən onların arasında olan nikahın pozulmuş, tərəflərin uşaqları olan-13 fevral 2009-cu il təvəllüdlü X4 və 27 iyun 2010-cu il təvəllüdlü X3 anaları X5 himayəsində saxlanılması, 13 fevral 2009-cu il təvəllüdlü X4 və 27 iyun 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 125 (bir yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat məbləğində alimentin tutularaq X7 ödənilməsi qət edilmişdir. Bundan sonra tərəflər 26 yanvar 2020-ci il tarixdə Zaqatala rayonu 2 saylı notariat ofisində 3M-37 reyestr nömrəli “Mənzildən istifadə hüququna xitam verilməsi barədə Müqavilə” bağlayaraq, cavabdeh iddiaçıya 2 azyaşlı övladının 18 yaşına kimi ödənilməsi nəzərdə tutulan aylıq 250 manat pul məbləğində alimentin qarşılığında, Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində salınmış Məcburi Köçkünlər üçün Yeni qəsəbədə yerləşən bina 2, 21 saylı mənzildəki yaşama hüququndan imtina edərək həmin mənzildəki mövcud olan əşyaları ilə birlikdə iddiaçıya verməyi öhdəsinə götürmüşdür. İddiaçı hazırda həmin uşaqların əlavə müalicə xərcləri üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi hər ay 300 manat pulun ödənilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin əlavə xərclərə cəlb olunması ilə bağlıdır və bu tələbin maddi hüquqi əsasını Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir. Lakin iddianın düzgün həlli üçün digər əlaqəli hüquq normaları da nəzərə alınmalıdır. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Hazırki iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsində deyilir ki, əlavə xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında da göstərilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Məhkəmənin qənaətinə görə Ailə Məcəlləsinin 81-ci maddəsinə görə iddia tələbində göstərilən dəlillər atanın əlavə xərclərin ödənilməsinə cəlb edilməsinə əsas ola bilməz. Belə ki, birincisi, atadan aliment tutulması artıq qət olunub, alimentin təyinatı yalnız geyim və qida xərcini ödəmək deyil, həm də müalicə xərcini ödəməkdir. Əgər müalicə xərci həddindən artıq çox olarsa, belə halda ata müalicə xərcinin ödənilməsinə cəlb edilə bilər. Lakin ana uşağın müalicə xərci barədə məhkəməyə mötəbər (uşaqların ağır xəstə və şikəst olması ilə bağlı) heç bir sübut təqdim etməmişdir. İkincisi, Azərbaycan Respublikasında dövlət tibb müəssisələrində tibbi xidmət dövlət hesabına göstərilir. Göründüyü kimi, iddiaçının qeyd etdiyi tələbi irəli sürməkdə Ailə Məcəlləsinin 81-ci maddəsində nəzərdə tutulmuş hüquqi əsası olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsinin hüquqi əsasları konkret müəyyən olunmuşdur. Buraya müstəsna hallar: uşağın ağır xəstə və şikəst olması halları daxildir. Bu şərtlərin hər hansı birinin mövcud olmaması hazırki iddianın rədd olunması üçün əsasdır. Baxılan işin hallarından görünür ki, sadalanan dispozisiya şərtləri mövcud deyildir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı əlavə xərclərin ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tələbi təmin edilmədiyindən İddiaçı dövlətə ödədiyi 30 manat dövlət rüsumu özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 360 və 362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı əlavə xərclərin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar