Məhkəmə qərarları › İş №2(034)-117/2022

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-117/2022

31.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-117/2022 31.03.2022 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 02.06.2020-ci il tarixli 2(034)-157/2020 saylı qətnaməsi ilə birgə nikahlarından olmuş 04.1.2015-ci il təvəllüdlü X8, 07.10.2017-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, birgə nikahlarından olmuş 04.12.2015-ci. il təvəllüdlü X8 və 07.10.2017-ci il rəvəllüdlü X1 üçün Cavabdeh hər ay hər bir övladı üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin və övladının xəstəliyinin müalicəsi ilə əlaqədar əlavə olaraq hər ay 50 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 24.10.2014-cü ildə rəsmi nikaha daxil olmuş və onların nikahları akt qeydiyyat kitabında 2517 nömrə ilə qeydiyyatan keçmişdir. Birgə nikahlarından 04.12.2015-ci il təvəllüdlü X10 və 07.10.2017-ci il təvəllüdlü X6 anadan olmuşlar. Ailə quranda münasibətləri normal olsa da, lakin sonradan cavabdehin öz ailəsinə pis münasibəti, daimi evdə söz-söhbət salması, ailəsinə baxmaması və maddi yardım etməməsi, həmişə evdə mübahisə salması onların ailələrinin dağılmasına səbəb olmuşdur. Belə ki, Zəngilan Rayon Məhkəməsinin 02.06.2020-ci il tarixli 2(034)-157/2020 saylı qətnaməsi ilə nikahları pozulmuş, az yaşlı övladları onun himayəsinə verilmiş və övladlarının saxlanılması üçün cavabdehin əmək haqqının üçdə biri həddində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lakin hesab edir ki, cavabdeh tərəfdən övladlarnın saxlanılması üçün ödənilən aliment azdır və artırılmalıdır. Belə ki, iki övladının saxlanması üçün cavabdehdən cəmi 120 manat aliment tutulur ki, bu məbləğ çox azdır və övladalarının təlabatını ödəmir. Hazırda ona olan məlumata əsasən cavabdeh həm rəsmi, həm də qeyri rəsmi işləyir və aylıq qazancı 1000 (bir min) manatdan çoxdur. Bununla belə övladlarına çox az məbləğdə aliment ödəyir. Həmçinin, ölkə üzrə ərzaq məhsullarının və xidmət sahəsində qiymətlərin artması, övladlarının saxlanması üçün daha çox vəsait sərf edilir. Ödənilən aliment kiçik yaşlı övladlarının xərclərini və onların tez-tez xəstələnmələri ilə əlaqədar dərman vasitələrinin alınaraq müalicə olunmalarına kifayət etmir. Həmçinin övladları azyaşlı olduqlarından və başqa şəxslərin baxması mümkün olmadığı üçün o, işləyə bilmir və aldığı aliment və yaxınlarının verdikləri vəsaitlə övladlarını saxlayır. Bu həmişə belə davam edə bilməz. Hazırda Azərbaycan Respublikası üzrə uşaqların saxlanılması üçün yaşayış minumum 195 manat müəyyən edilmişdir. Lakin az yaşlı övladının saxlanması üçün faktiki tələb olunan vəsait ödənilən aliment məbləğindən daha çoxdur. Ona görə hesab edir ki, Cavabdeh övladlarının saxlanılması üçün aliment məbləği artırılaraq hər bir övladı üçün 200 manat həddinə çatdırılmalı və övladının müalicəsi ilə əlaqədar, əlavə xərc olaraq hər ay 50 manat pul tutulmalıdır. Cavabdeh övladlarına ödənilməli alimentin artırılması və övladının xəstəliklərinin müalicəsi ilə əlaqədar əlavə 50 manat ödənilməsi üçün Mediasiya qaydasında təklif edilmiş, lakin cavabdeh Mediasiya qaydasında ona edilən təklifi qəbul etməmişdir. Sonda iddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı daha sonra ona verilən sual-cavablarda bildirmişdir ki, cavabdeh ödədiyi alimentdən başqa uşaqların saxlanması üçün əlavə olaraq maddi yardım edir, belə ki, uşaqların yeməklərini, paltarlarını, hətta xəstələndikdə belə onların dərmanlarını alır. Ümumiyyətlə cavabdeh uşaqlara yaxşı baxır. Sadəcə olaraq o, alimenti sabit pul məbləğində istəyir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) X5 iddia tələbini qəbul etməyərək izahatında bildirdirmişdir ki, iddiaçı ilə cavabdeh 24.10.2014-cü il tarixində rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından 04.12.2015-ci il təvəllüdlü X10 və 27.10.2017-ci il təvəllüdlü X6 adlı iki uşaqları doğulmuşdur. İddiaçının “alimentin təyin edilməsi tələbinə dair” iddia ərizəsində qeyd olunan tələbinə əsasən alimentin məbləği hər bir uşaq üçün 200 manat həddinə çatmalı, və uşağın müalicəsi ilə əlaqədar, əlavə xərc olaraq 50 manat sabit pul məbləğində, cəmi 450 manat aliment tutulub iddiaçıya verilməlidir. Hesab edir ki, iddia ərizəsi aşağıda göstərilən hallara və əsaslara görə qanunsuz, əsassız və ədalətsiz tələb olduğundan rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış nikah qeydi Zəngilan Rayon Məhkəməsinin 02.06.2020-ci il tarixli 2(034)157/2020 saylı qətnaməsi ilə pozulmuş, həmin qətnamə ilə uşaqlar iddiaçının yanında saxlanılmış və məhkəmə cavabdehin əmək haqqısının 1/3 hissəsində alimentin tutularaq iddiaçıya verilməsini qət etmişdir. Cavabdeh "xxxx" QSC-də rəsmi olaraq çalışır. Zəngilan Rayon Məhkəməsi tərəfindən alimentin tutulması qət edildiyi gündən bu ana qədər alimentin ödənilməsində heç bir ləngimə olmamış, borc yığılıb qalmamışdır. Məhkəmə qətnaməsi dəqiq yerinə yetirilir. İki ilə yaxın müddətdə işindən asılı olaraq əmək haqqı yüksək də olmuşdur. Bu vaxta kimi aliment ödənişi ilə əlaqədar heç bir problem olmamışdır. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandırmaq məqsədi ilə əsassız olaraq bildirir ki, hazırda onda olan məlumata əsasən cavabdeh həm rəsmi, həm də qeyrirəsmi işləyir və aylıq qazançı 1000 manatdan çoxdur. Bununla belə övladına çox az məbləğdə aliment ödəyir. Bu tamamilə əsassız iddiadır, yalandır. Cavabdehin bir iş yeri var və bütün günü yalnız həmin iş yerində işləməklə keçir. Cavabdehin 8-9 saat iş yerində işləyib işdən çıxdıqdan sonra başqa hansısa işdə işləyib əlavə pul qazanması sadəcə mümkün deyildir. Buna fiziki imkan olmur. Əmək haqqı həqiqətən də hərdən 1000 manatdan da yuxarı olmuş və iddiaçı da həmin zaman yüksək aliment almışdır. Cavabdehin başqa heç bir qazancı yoxdur və bu mümkün deyildir. İşlərinin həcmindən asılı olaraq əmək haqqı çoxala və ya azala bilər. Bu ilki artımlar hələki rəsmiləşməmişdir. Cavabdeh rəsmi olaraq "xxxx" QSC-də işləyir. Ona görə də cavabdehdən aliment sabit pul məbləğində deyil, Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq tutulmaqda davam etdirilməlidir. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. 2-uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.2.Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. İddiaçının digər tələbinə görə cavabdehdən “övladının müalicəsi ilə əlaqədar əlavə xərc olaraq hər ay 50 manat pul tutulmalıdır. İddiası tam əsassız olduğundan cavabdeh iddiaçının bu iddiasına da etiraz edir. Çünki qanunvericilik belə halları müəyyən etsə də, iddiaçı məhkəməyə uşağın ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də cavabdeh belə hesab edir ki, iddiaçının bu iddiası da rədd edilməlidir. Hazırki məhkəmə prosesi iddiaçının cavabdehə qarşı məhkəmələrdə və digər hüquq mühafizə orqanlarında qaldırdığı sayca 6-cı prosesdir. Bundan əlavə uşaqlar xəstələnən zaman cavabdeh onlara baxır, bu yaxınlarda 86 manat dəyərində dərmanlar alıb vermişdir. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddianın əsassız olmasını nəzərə alaraq, rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin (vəkili) izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-157/2020 saylı 02.06.2020-ci il tarixli qətnaməsinin surətindən məlum olur ki, İddiaçı Cavabdeh ilə cavabdeh X7 arasında 20.10.2014-cü il tarixdə 1 saylı Bakı «Asan xidmət» Qeydiyyat şöbəsində bağlanmış nikah pozulması, 04.12.2015-ci il təvəllüdlü X10 və 07.10.2017-ci il təvəllüdlü X6 anaları X4 himayəsində saxlanılması, Cavabdeh 04.12.2015-ci il təvəllüdlü X8 və 07.10.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 05.03.2020-ci il tarixindən başlayaraq hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3(üçdə bir) hissəsi miqdarında aliment X4 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər 04.12.2015-ci il təvəllüdlü X8 və 07.10.2017-ci il təvəllüdlü X3 valideynləridirlər. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında olan nikah 28.07.2020-ci il tarixdə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment ödənişləri cavabdeh tərəfindən vaxtında həyata keçirilmişdir. İş mteriallarında olan 06.10.2021-ci il tarixli ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayışdan aydın ki, cavabdeh ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 01.03.2022-ci il tarixli A/71 nömrəli arayışından aydın olur ki, Cavabdeh 01.08.2014-cü il tarixdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Tikinti Departamentinin 4 saylı Tunel Tikinti Dəstəsində, 01.07.2017-ci il tarixindən Xüsusi və Ümumi Tikinti işləri üzrə Dəstəsində qəlibçi peşəsində işləyir və onun orta aylıq əmək haqqı 847 manat təşkil edir. İşçinin üzərinə götürdüyü öhdəliklərə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti heç bir məsuliyyət daşımır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun (19 may 1998-ci il) 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər 24.10.2014-cü il tarixində rəsmi nikaha daxil olmuşlar və birgə nikahlarından onların 04.12.2015-ci il təvəllüdlü X10 və 07.10.2017-ci il təvəllüdlü X6 adlı iki uşaqaları doğulmuşdur. Lakin tərəflər arasında ailə münasibətəlri alınmadığı üçün aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin 2(034)-157/2020 saylı 02.06.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan 04.12.2015-ci il təvəllüdlü X8 və 07.10.2017-ci il təvəllüdlü X3 anaları X4 himayəsində saxlanılması, Cavabdeh 04.12.2015-ci il təvəllüdlü X8 və 07.10.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 05.03.2020-ci il tarixindən başlayaraq hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin X4 xeyrinə tutulması qət edilmişdir. Məhkəmə tərəfindən alimentin tutulması qət edildiyi gündən və təqdim edilmiş ödəniş qəbzlərindən aydın olur ki, cavabdeh tərəfindən bu günə kimi həmin işlədiyi "xxxx" QSC-də işləyir və alimentin ödənilməsində heç bir ləngimə olmamış, borc yığılıb qalmamış, əksinə aliment ödənişi vaxtlı vaxtında ödənilmiş, iddiaçı özü də məhkəmə iclasında cavabdehin ödədiyi aliment başqa, uşaqların saxlanması üçün əlavə olaraq maddi yardım etməsini, uşaqların yeməklərini, paltarlarını, hətta xəstələndikdə belə onların dərmanlarını almasını, ümumiyyətlə uşaqlarına yaxşı baxmasını bildirmişdir. İddiaçı cavabdehdən uşağın mülaciəsi ilə əlaqədar əlavə xərc kimi hər ay 50 manat pul tutulmasını tələb etsədə, uşağın ağır xəstə olması barədə və əlavə xərclərə ehtiyacının olması ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçı əmək qabliyyətli olduğundan, uşağın saxlanması hər iki valideynin borcu olduğundan, həmçinin iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanı olması barədə məhkəməyə sübutlar təqdim edə bilmədiyindən iddiaçının iddia tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının qanunu ilə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu alimentin artdırılması üçün əsas deyldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar