Məhkəmə qərarları › İş №2(034)-167/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-167/2025

30.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-167/2025 30.01.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı iln tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan onların xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı iki uşaqları doğulmuşdur. Lakin onların ailə münasibətləri alınmadığı üçün boşanmaq qərarına gəlmiş, cavabdehə qarşı nikahın pozulması, uşaqların onun himayəsində qalması və uşaqların saxlanması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və məhkəmə qətnanməsi ilə birgə nikahdan olan uşaqlar onun himayəsində saxlanılmışdır. Maddi vəziyyəti yaxşı olduğu üçün məhkəmə prosesinin gedişatında cavabdehin tələb etdiyi məbləğdə alimenti ödəmək imkanın məhdud olmasını nəzərə alaraq, ərizə ilə iddianın aliment hissəsindən imtina etmişdir. Cavabdeh uşaqların saxlanmasında məhkəmə qətnaməsi olmasa da, uşaqlara bir ata kimi bütün maddi yardım edəcəyinə söz vermiş, lakin cavabdeh tərəfindən heç bir köməklik olmamışdır. Bütün bunlara baxmayaraq, cavabdeh uşaqların saxlanmasında ona köməklik etməsə də, övladlarının saxlanmasında heç bir maddi çətinliyi olmamışdır.Amma son dövrlərdə maddi vəziyyəti pisləşdiyindən və hazırkı iqtisadi vəziyyətdə tək qadın olaraq uşaqların saxlamasında bəzi çətinliklərlə üzləşmişdir. Uşaqlar günü-gündən böyüyür və beləcə də, tələbatları da artır. Hazırda tək qadın olaraq iki uşağın saxlanmasında çətinlik çəkir. Ona görə də, cavabdehə qarşı aliement tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehdən aliment tələb etməyi qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan onların xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı iki uşaqları doğulmuşdur. Lakin ailə münasibətləri alınmadığı üçün boşanmaq qərarına gəlmiş, cavabdehə qarşı nikahın pozulması, uşaqların onun himayəsində qalması və uşaqların saxlanması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Nikah pozulan zaman aliment tələb etməmişdir. Uşaqlarına anası köməklik edir. Cavabdeh ayda bir dəfə uşaqlarını gəlib görür.Cavabdeh hər uşağa görə 100 manat aliment ödəmək iqtidarındadır. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin oulnmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X2 ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə Zəngilan rayon qeydiyyat şöbəsində pozulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflər xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 valideynləridirlər. İş materiallarında Zəngilan Rayon Məhkəməsinin e-2(034)-165/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, boşanmadan sonra yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 anaları-İddiaçı himayəsində saxlanılmışlar. İş materiallarına əlavə edilmiş Bakı 16 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/16/2024-1944 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan məcburi köçkünlük vəsiqəsinin surətindən görünür ki, Nəcəfova X1 rayaonundan məcburi köçkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə-valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmiş, dəyişikliyə əsasən 1.1.1.7-ci bəndə aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilmiş: “Ailə Məcəlləsinin 22-ci maddəsində nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərin dairəsi nəzərdə tutulsa da, bu zaman uşaqların hüquq və mənafelərinə təsir göstərə biləcək digər məsələlərin həlli imkanı qanunla qadağan edilməmişdir. Odur ki, uşaqların üstün mənafelərinin qorunması, habelə prosessual qənaət prinsipləri rəhbər tutularaq məhkəmələrə izah edilir ki, nikahın pozulmasına dair iddialara baxılarkən hazırlıq iclasında uşağın hansı valideynin yanında saxlanması ilə bağlı mübahisənin olmadığı müəyyən edildiyi halda, məhkəmələr valideynlər arasında uşaqla ünsiyyət qaydası ilə bağlı qarşılıqlı razılığın olub-olmadığını aydınlaşdırmalıdırlar. Bununla bağlı mübahisə varsa uşaqla ünsiyyət qaydasının müəyyən edilməsini arzu edən valideynə bu barədə iddia tələbi ilə müraciət etmək hüququ izah edilməli və irəli sürüldüyü halda nikahın pozulması ilə yanaşı, bu tələbə də mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməlidir. 8.4-1-ci bənd üzrə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minium əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 09.2016-cı iln tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan onların xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı iki uşaqları doğulmuşdur. Lakin tərəflərin ailə münasibətləri alınmadığından aralarından olan nikah Zəngilan Rayon Məhkəməsinin 2(034)-165/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi pozulmuş və yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında saxlanılmışdır. İddiaçı cavabdehlə aralarında olan nikah pozulduğuzaman cavabdehin maddi vəziyyətini nəzərə alaraq, ondan uşaqların saxlanması üçün aliment tələb etməmişdir. Araşdırma zamanı iddiaçı uşaqların saxlanmasında anasının ona kömək etməsini, cavabdehin ayda bir dəfə gəlib uşaqları görməsini və uşaqların saxlanmasında cavabdehin hər uşağa 100 manat ödəmək iqtidarında malik olmasını bildirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, uşaqların mənafeyini nəzərə aaraq belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulması qənaitinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi, iddiaçı Məhkəməyə xx.xx.2025-ci ildə müraciət etmişdir. Odur ki, alimentin tutulması xx.xx.2025-ci ildən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, aliment tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx.xx.2025-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ayrı ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar