Məhkəmə qərarları › İş №2(034)-173/2023

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-173/2023

03.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-173/2023 03.07.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Mahmudov Ağa Alqulu oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment üzrə yığılan borcun ödənilməsindən azad olunma tələbinə dair» ilk iddia, Cavabdeh İddiaçı qarşı «alimentin artırılması tələbinə dair» qarşılıqlı iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment üzrə yığılan borcun ödənilməsindən azad olunma tələbinə dair” iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli 2(034)-1064/2017 nömrəli cra vərəqəsinə əsasən 02 avqust 2017-ci il tarixdən başlayaraq cavabdehin xeyrinə 13 fevral 2007-ci il təvəllüdlü X3, 16 oktyabr 2009-cu il təvəllüdlü X2 və 05 may 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 409 (dörd yüz doqquz) manat 80 (səksən) qəpik sabit pul məbləğində ödənilməli olan alimentə dair yığılan 11.178 AZN borcun ödənilməsindən İddiaçı azad edilməsi barədə qətnamə çıxırlımasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən sabit pul məbləğində yığılan 10.712 manat aliment borcunun ödənilməsindən İddiaçı edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «alimentin artırılması tələbinə dair» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən 13 fevral 2007-ci il təvəllüdlü X3, 16 oktyabr 2009-cu il təvəllüdlü X2 və 05 may 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Zəngilan Rayon Məhkəməsinin 2(034)-156/19 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, ümumilikdə 660 (altı yüz altmış) manat sabit məbləğinin İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxırlımasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli 2(034)-1064/2017 nömrəli icra vərəqəsinə əsasən 02 avqust 2017-ci il tarixdən başlayaraq ondan cavabdehin xeyrinə 13 fevral 2007-ci il təvəllüdlü X3, 16 oktyabr 2009-cu il təvəllüdlü X2 və 05 may 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cəmi 409 (dörd yüz doqquz) manat 80 (səksən) qəpik sabit pul məbləğində aliment tutulur. O, əvvəlki illərdə mütəmadi olaraq uşaqlarının saxlanılması üçün aliment ödəmiş, 2022-ci ildə ailəsi ilə barışaraq 8 ay bir yerdə yaşamış, lakin ağır xəstəliyi ilə əlaqədar müəyyən illərdə və vaxtlarda aliment ödəyə bilmədiyi üçün hazırda 11.178 AZN aliment borcu yaranmışdır. Aliment borcu onu ağır xəstəliyi, bu səbəbdən işləyə bilmədiyi kimi üzürlü səbəblərə görə əmələ gəlmiş, ailə və maddi vəziyyəti bu borcu ödəməyə imkan vermir. Ötən illər ərzində imkanı daxilində uşaqlarının zəruri ehtiyaclarını, maddi təminatlarını qarşılamışdır. Bir neçə aydır mütəmadi olaraq aliment ödəyir. Hazırda 2-ci qrup əlil olmaqla təqaüd alır, himayəsində ağır xəstə olan qoca vardır. Digər gəlir yeri yoxdur. onun ailə və maddi həyatı o qədər ağırdır ki, o, hər ay təyin olunmuş aliment ödəyəndə, əlavə olaraq aliment üzrə yaranmış borc məbləğindən ödəniş edə bilmir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-156/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Zəngilan Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli 2(034)-1064/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər uşaq üçün 160 manat, ümumilikdə 480 (dörd yüz səksən manat) müəyyən edilmişdir. Hazırda həmin məbləğ övladlarının aliment ehtiyaclarını ödəmək üçün yetərli deyil, məktəbə getdiyi üçün lazımi qaydada ehtiyaclarını qarşılaya bilmir. Həmin tarixdən Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir.Aradan artıq uzun müddət keçmişdir. Cavabdeh bu günləri alimenti ödəməmək üçün bütün yollardan istifadə etmişdir. Hazırda uşaqları saxlamaq üçün hər uşaq üçün 220 manat tələb edir, tələbində haqlıdır. Buna görə də, tərəfindən “aliment məbləğinin artırılması” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hazırki qarşılıqlı iddası ilk iddia ilə bağlıdır. Yəni ilk iddia alimentdən azad olunma ilə, qarşılıqlı iddia isə alimentin artırılması tələbi ilə bağlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd edilən sənədləri təqdim etmişlər. Sumqayıt şəhəri İcra İdarəsinin məhkəməyə göndərdiyi arayışa əsasən aliment borcunun 10712 manat təşkil etdiyinə görə onlar iddia tələbinin dəqiqləşməsinə görə ərizə vermişlər. Hal-hazırda 10712 manat aliment borcun silinməsinə dair qətnamə qəbul edilməsni xahiş edirlər. Aliment borcu 2019-cu ildən yığılmışdır. Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə 3 uşağa 409 manat aliment tutulmuş, amma iddiaçı hər ay 500 manat ödəyirdi ki, borcuda ordan silinsin.Tərəflər bir müddətdə bir yerdə yaşamışlar. Sonda iddiaçının nümayəndəsi (vəkili) məhkəmədən iddialarının təmin olunmasını, qarşılıqlı iddianın isə təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş İddiaçı ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında bildirmişdir ki, 2006-cı ildə Cavabdeh ilə ailə qurmuşlar, 2017ci ildə cavabdehlə ayrılmışlar.3 övladı var. Xəstə olduğu üçün ödənişlər edə bilməmişdir. 5 ildir ki, xəstədir.Sonradan cavabdehlə barışıb 8 ay bir yerdə yaşamışlar. Barışdıqdan sonra 8 ay müddətində hər ay 400-500 manat onlara pul xərcləmişdir. Bir evdə yaşamışlar. Qaraciyərində problem var. Yenidən həkim komissiyasından keçmiş, İİ qrup əlildir. Bunlar saxta sənəd düzəldirməsini deyirlər. 220 manat pensiya alır. 2 aydır ki, tərpənə bilmir, bütün bədəni şişdir. Anası da, o da əlildirlər, ona görə pensiya alırlar. Uşaqları ilə danışır, mehribançılıqdır. Qızı ilə də danışır. Ürəyi də 17% işləyir. Xəstəliklə bağlı sənədləri istəmiş, ona sənədləri nazirliyə göndərəcəklər demişlər. Alimenti verməlidir bilir. İki gün qabaq qaynanasının ad günü olmuş, uşaqlara kabab, tort almışdır. Oğlu isə velisoped istəyir, onu da alacaqdır. O, uşaqları ilə mehribançılıq istəyir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 qarşılıqlı iddianı müdafiə edib, İlk iddianı isə qəbul etməyərək izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər, çünki uşağın mənafeyinə ziddir. Ana uşaqlarına xərcləmiş, indidə ananın ehtiyacı var. Aliment borcunun silinməsini istəmirlər. Hər 3 uşağa hər ay 220 manat aliment, ümumilikdə 660 manat aliment tutulmasını xahiş edirlər. Tərəflər qohumdular, öz aralarında razılığa gələ bilərlər. Sonda cavabdehin nümayəndəsi (vəkili) məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan «Sumqayıt Tibb Mərkəzi» X11 1 nömrəli xəstəxana poliklinka şöbəsi tərəfinlən verilmiş ambulator, stasionar xəstənin tibb kartasından çıxarışdan görünür ki, İddiaçı xroniki ürək çatışmazlığı xəstəliyi qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, İddiaçı İİ əlilliyə görə müavinət alır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər 13 fevral 2007-ci il təvəllüdlü X3, 16 oktyabr 2009cu il təvəllüdlü X2 və 05 may 2016-cı il təvəllüdlü X4 valideynləridirlər. İş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli 2(034)-1064/2017 nömrəli qətnamənin surətindən görünür ki, İddiaçı 13 fevral 2007ci il təvəllüdlü X3, 16 oktyabr 2009-cu il təvəllüdlü X2 və 05 may 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaıs üçün 02 avqust 2017-ci il tarixdən başlayraq hər ay hər uşaq üçün 136.60 qəpik olmaqla, cəmi 409.80 manat sabit pul məbləğində alimentin X1 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli 2(034)-201/2019 nömrəli qətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 arasında SUmqayıt şəhər Nikah evində nikahın bağlanması haqqında akt qeydləri kitabında 462 sayla qeydə alınmış xx.xx.2006-cı il tarixli nikahın pozulmuş, 13 fevral 2007-ci il təvəllüdlü X3, 16 oktyabr 2009-cu il təvəllüdlü X2 və 05 may 2016-cı il təvəllüdlü X4-anaları X1 yanında qalmaları müəyyən edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 arasında olan nikah 20 avqust 2019-cu il tarixdə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə icra idarəsi tərəfindən verilmiş 16 mart 2023-cü il tarixli 91103/45 nömrəli arayışdan görünür ki, icra sənədinin materiallarına əsasən icra sənədi icraatda olduğu müddət ərzində borclu İddiaçı 10.712 manat aliment borcu vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci madəsinin tələbinə görə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcələlnin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, tərəflər arasında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahlarından olan uşaqlar isə analarının himayəsində saxlanılmışdır. Zəngilan Rayon Məhkəməsinin 20 sentyabr 2017ci il tarixli 2(034)-1064/2017 nömrəli icra vərəqəsinə əsasən 02 avqust 2017-ci il tarixdən başlayaraq, İddiaçı cavabdehin xeyrinə 13 fevral 2007-ci il təvəllüdlü X3, 16 oktyabr 2009cu il təvəllüdlü X2 və 05 may 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa 136.6 manat olmaqla, cəmi 409.80 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İddiaçı əvvəlki illərdə mütəmadi olaraq uşaqların saxlanılması üçün aliment ödəmişdir. 2022-ci ildə isə tərəflər barışaraq 8 ay bir ailə kimi bir yerdə yaşamışlar. Lakin iddiaçı xəstəliyi ilə əlaqədar müəyyən illərdə və vaxtlarda aliment ödəyə bilmədiyindən hazırda onun 10.712 manat məbləğində aliment borcu yaranmışdır. İddiaçı ağır xəstə olmasını, İİ qrup əlil olmasını, bu səbəbdən işləyə bilməməsi, maddi vəziyyətinin alimenti ödəməyə imkanın olmamasını əsas gətirərək yaranmış aliment borcunun ödənilməsindən azad edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı İİ qrup əlil olması, işləyə bilməməsi, cavabdehlə barışıb 8 ay bir ailə kimi bir yerdə yaşamaqları onun aliment borcundan azad edilməsi üçün əsas deyildir. İddiaçının həmin müddət ərzində, Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş məktubundan da göründüyü kimi 10.712 manat aliment məbəlğində borcu yaranmışdır. İddiaçı hazırda aliment və aliment borcundan cəmi 500 manat ödəniş etdiyini və bu məbləği ödəmək imkanında olduğunu bildirmişdir. Cavabdeh tərəf isə iddiaçının aliment üzrə yığılan borcun ödənilməsindən azad olunmasına razı olmadığını bildirmişdir. Məhkəmə, qeyd olunanları və qanunvericiliyini qeyd edilən tələblərini nəzərə alıb hesab edir ki, ilk iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı qarşı «alimentin artırılması tələbinə dair» qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-156/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Əsas kimi onu göstərmişdir ki, hazırda üç uşağın saxlanması üçün ödənilən cəmi 480 manat məbləğində aliment üşaqların heç bir maddi təlabatlarını belə ödəmir. Həmin məbləğ övladlarının aliment ehtiyaclarını ödəmək üçün yetərli deyildir, uşaqlar məktəbə getdiyi üçün lazımi qaydada ehtiyaclarını qarşılaya bilmir. Ona görə də cavabdehdən uşaqlarının saxlanması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun (19 may 1998-ci il) 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bununla bağlı məhkəmə qeyd edir ki, uşaqların saxlanması hər iki valideynin borcu olduğundan, həmçinin cavabdehin iddiaçının daha artıq məbləğdə aliment ödəmək imkanı olması barədə məhkəməyə sübutlar təqdim edə bilmədiyindən alimentin artırılması barədə Cavabdeh qarşılıqlı iddiası təmin edilməməlidir.Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının qanunu ilə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu alimentin artırıllması üçün əsas deyldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment üzrə yığılan borcun ödənilməsindən azad olunma tələbinə dair” ilk iddia tələbi təmin edilməsin. Cavabdeh İddiaçı qarşı «alimentin artırılması tələbinə dair» qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar