Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-327/2024 24.06.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı «aliment və əlavə xərc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı «aliment və əlavə xərc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Xankişiyeva Zəhra Söhbət qızının və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Xankişiyeva Zəhra Söhbət qızının müalicəsi üçün hər ay 400 manat əlavə xərcin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, onların nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Xankişiyeva Zəhra Söhbət qızı və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı iki övladları doğulmuşdur. Cavabdehlə aralarında olan və Zəngilan rayon Qeydiyyat şöbəsində bağlanmış rəsmi nikah pozulmamışdır. Cavabdeh birgə nikahdan olan uşaqların saxlanması üçün ona heç bir maddi yardım etmir. Hazırkı vəziyyətdə uşaqların saxlanmasında böyük çətinlik çəkir. Uşaqlar böyüyür və onların təlabatları günü-gündən artır. Uşaqların hər ikisi məktəbə gedirlər. Cavabdeh övladlarının necə yaşaması ilə maraqlanmır, onların təlimtərbiyəsi ilə məşğul olmur. O, işləmədiyindən övladlarının saxlanmasında çətinlik çəkir. Bundan başqa qızı xx.xx.2011-ci il təvəllüdlü Xankişiyeva Zəhra Söhbət qızı xəstədir. Belə ki, qızı ilə bağlı aparılmış müayinələr nəticəsində məlum olmuşdur ki, uşaqda tipik putaminal travmatik lokal zədələnmə ocağı var ( selektiv putamiı zədələnmə). Burada kistoz qliotik sahə qeyd edilir. Sahə quyruqlu nüvəyə davam edir. Ən böyük ölçüsü-23 mm. Sağ yan mədəciyin lokal dilyatasiyası və traksiyası müəyyən edilir. Digər serebral və serebelyar ocağlı patologiya müəyyən olunmur. Keçirilmiş travma nəticəsində yaranan putaminal formalaşmış lokal kistoz qlic sahə (posttravmşitik ocaq) aşkar edilmişdir. Hər ay uşağın müalicəsi üçün hardasa 500-580 manata yaxın xərci çıxır. Ona görə də, cavabdehdən birgə nikahdan olan uşaqlarının saxlanması üçün aliment və qızının müalicəsi ilə bağlı əlavə xərc tələb edir. Cavabdeh tələb etdiyi alimenti ödəmək imkanındadır. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mediasiyada cavabdeh iştirak etmiş, razılığa gəlmiş, amma heç bir nəticə olmamışdır. Cavabdehin maşın sexi var, işlədir, gəliri, qazancı yaxşıdır. Qızının sol tərəfi hemiparez olduğu üçün müalicə etdirirlər. Qızına həkim dərman yazır, onları almaqda çətinlik çəkir. Cavabdeh neçə müddətdir ki, evə və uşaqlarına baxmır. Onların cavabdehlə bu nikahlarından iki övladları var. Cavabdehlə bir ildir ki, ayrı yaşayırlar, cavabdeh uşaqlarına heç bir maddi yardım etmir. Qızı xəstəliy ilə bağlı ayda iki dəfə bərpa mərkəzində müalicə alır. Cavabdehin anası onunla birgə yaşayır. Qızını həkimə özü aparıb gətirir, hər dəfə də, 20 manat taksi ilə aparıb-gətirdiyi üçün yol pulu çıxır. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, mediasiyada iştirak edib razılığa gələ bilməmişlər. Uşağı xəstədir. O, iddiaçı X3 ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmuş, bu nikahdan xx.xx.2011-ci ildə Xankişiyeva Zəhra Söhbət qızı və xx.xx.2014-cü ildə X4 anadan olmuşlar. Gücü çatdığı qədər övladlarına baxır, daima maddi yardım göstərir, uşaqlarının xərclərini özü ödəyir, belə ki, uşağının velosipedi xarab olmuş, 360 manat verib yenisini almışdır. O, hər iki uşağa 235 manat, ümumilikdə 470 manat ödəyə bilər, amma 400 manat əlavə xərci ödəyə bilməz. Qızı xəstədir, müalicə alır, qızının müalicə pulunu, hətta taksi puluna kimi özü ödəyir. Sonda cavabdeh məhkəmədən hər ay hər uşağa 235 manat, ümumilikdə 470 manat aliment ödəməyə razı olmasını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən aydın olur ki, tərəflər arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanaraq, bu barədə Zəngilan rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 217 nömrəli qeyd aparılmışdır. İş materiallaırnda olan doğum haqqında şəhadətnamələrin notarial təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2011-ci il təvəllüdlü Xankişiyeva Zəhra Söhbət qızının və xx.xx.2014-cü il təvəllüdlü X2 valideynləridirlər. İş materiallarında olan məcburi köçkün vəsiqələrinin surətərindən görünür ki, iddiaçı Füzuli rayonundan, cavabdeh isə Zəngilan rayonundan məcburi köçkündürlər. İş materiallarına əlavə edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı X3 mediasiya prosesini davam etlirməyə razılıq verməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Xankişiyeva Zəhra Söhbət qızı sağlamlıq imkanları məhdud uşaqdır. İşmateriallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsi tərəfindən verilmiş ambulator, stasionar xəstənin tibb kartasından 10474 nömrəli çıxarışdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Xankişiyeva Zəhra Söhbət qızına qapalı kəllə beyin travması, baş beyin əzilməsi, sol tərəfin hemiparez, hipersenzion sindrom, ensilopetiya diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş əmək haqqı barədə məlumatdan görünür ki, Cavabdeh 350 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan onların xx.xx.2011-ci il təvəllüdlü Xankişiyeva Zəhra Söhbət qızı və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı iki övladları dünyaya gəlmişdir. Tərəflər arasında olan nikah rəsmi qaydada ləğv edilməsə də, artıq onlar bir ilə yaxındır ki, bir yerdə yaşamırlar. Tərəflərin birgə nikahından olan uşaqlar isə iddiaçının himayəsindədir. İddiaçı cavabdehin hazırda birgə nikahdan olan uşaqların saxlanması üçün heç bir maddi yardım etmədiyini bildirsə də, məhkəmə araşdırması zamanı cavabdehin uşaqlara hərtərəfli yardım göstərdiyini, xəstə uşağının müalicə xərclərini özü ödədiyini, uşaqların saxlanması üçün hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat ödəməyə razı olmasını, amma 400 manat əlavə xərci ödəyə bilməyəcəyini bildirmiş, iddiaçı isə cavabdehin dediklərini təsdiqləyərək cavabdehin ailəyə qayıtmasını istəmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1-ci maddəsinə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin məcəllənin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə iddiaçının birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Xankişiyeva Zəhra Söhbət qızının müalicəsi üçün hər ay 400 manat əlavə xərcin tutularaq ona ödənilməsi barədə tələbi ilə bağlı qeyd edir ki, cavabdehin uşaqlara hərtərəfli yardım göstərməsini, xəstə uşağının müalicə xərclərini cavabdeh tərəfindən ödənildiyini nəzərə alaraq, hesab edir ki, iddiaçının tələbinin bu hissədə təmin olunmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi, iddiaçı Məhkəməyə xx.xx.2024-cü ildə müraciət etmişdir. Odur ki, alimentin tutulması xx.xx.2024-cü ildən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü Xankişiyeva Zəhra Söhbət qızının və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X1 xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü Xankişiyeva Zəhra Söhbət qızının və xx.xx.2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixindən başlayaraq, hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-327/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-327/2024
24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver