Məhkəmə qərarları › İş №2(034)-342/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-342/2025

12.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-342/2025 12.05.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş övladları xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 55 manat, ümumilikdə 110 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, onların cavabdehlə birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı iki övladları doğulmuşlar. Cavabdehlə ailə münasibətləri alınmadığından aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş və birgə nikahdan olan hər iki uşaq onun himayəsində saxlanılmışlar. Cavabdeh birgə nikahdan olan uşaqlarının saxlanmasında ona maddi köməklik göstərəcəyini desə də, aralarında olan nikah pozulduqdan sonra heç bir köməklik etməmişdir. O, işləmədiyindən övladlarının saxlanmasında çətinlik çəkir. Dəfələrlə cavabdehə uşaqların saxlanmasında ona köməklik etməsini xahiş etsə də, bunun heç bir nəticəsi olmamışdır. Uşaqlar böyüyür və onların təlabatları isə günü-gündən artır. Ona görə də hesab edir ki, cavabdehdən alimentin tutulması zəruridir. Cavabdehin gəlirləri dəyişkəndir, stabil gəliri yoxdur. Ona görə də onun maddi vəziyyətini nəzərə alaraq, hər uşağa 55 manat olmaqla, cəmi 110 manat məbləğində alimentin onun xeyrimə tutulmasını istəyir. İddiaçı daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, alimentin məbləğinin 55 manat deyil, 56 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə xx.xx.2010-cu ildə ailə qurmuş, bu nikahdan onların xx.xx.2011-ci il X4 və xx.xx.2014-cü ildə X5 anadan olmuşlar. xx.xx.2024-cü ildə Cavabdehla rəsmi olaraq boşanmışlar. Boşandıqdan sonra cavabdeh ona uşaqların saxlanılması üçün köməklik edəcəyini bildirdiyi üçün cavabdehə qarşı aliment tələbi olmamışdır. Cavabdeh ilk əvvəllər uşaqların saxlanmasında ona köməklik etmiş, lakin sonradan etməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh fərdi əməklə məşğuldur və gəliri azdır. Buna görə də cavabdehdən uşaqların saxlanması üçün hər ay hər uşağa 56 manat məbəlğində aliment istəyir. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/16/2025-00521 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. -İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-462/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010cu il tarixdə Zəngilan rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulsun və akt qeydləri kitabındakı 243 nömrəli nikah qeydi ləğv edilmiş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5-anaları X2 himayəsində saxlanılmışlar. -İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 valideynləridirlər. -İş materiallarında olan məcburi köçkün vəsiqəsinin notarial təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı Laçın rayonunda, Cavabdeh isə Zəngilan rayonundan məcburi köçkündürlər. -İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah məhkəmənin qətnaməsinə əsasən xx.xx.2024-cü il tarixdə Zəngilan rayon qeydiyyat şöbəsi tərəfindən ləğv edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1.Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə-valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə100.2.Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, bu nikahdan onların xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı iki övladları doğulmuşlar. Tərəflərin ailə münasibətləri alınmadığından aralarından nikah Zəngilan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş və birgə nikahdan olan uşaqlar iddiaçının himayəsində saxlanılmışlar. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinin səbəbi cavabdehin birgə nikahdan olan uşaqların saxlanmasında ona heç bir maddi köməklik etməməsi olmuşdur. İddiaçı tək qadın olduğundan və heç bir yerdə işləmədiyindən himaysəində olan hər iki uşağın maddi təlabatlarını ödəməkdə çətinlik çəkdiyindən və cavabdehin maddi vəziyyətini nəzərə alaraq, hər ay hər iki uşağa görə 56 manat olmaqla, cəmi 112 manat alimentin onun xeyrinə tutulmasını tələb edir. -“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. -Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. -BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, uşaqların mənafeyini, cavabdehin maddi vəziyyətini nəzərə alaraq belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2025-ci il tarixindən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,14 misli həddində sabit pul məbləğində aliment tutulması qənaətinə gəlir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tuturaq, Qət etdi: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,14 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar