Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-489/2025 11.08.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı «aliment tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından doğulmuş övladları xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 150 manat, ümumilikdə isə 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2006-cı ildə nikaha daxil olmaqla rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurmuş, nikahdan onların xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı 3 övladları doğulmuşdur. Cavabdehlə ailə münasibətləri alınmadığından aralarında olan rəsmi nikah Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ləğv edilmiş, həmin qətnamə ilə onların birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 onun himayəsində saxlanılmışlar. Artıq xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatmışdır. Bu günə kimi uşaqlarının bütün təlabatlarını o, qarşılamış, cavabdeh bir ata kimi bu müddət ərzində övladlarının necə yaşaması ilə maraqlanmamış, onların ehtiyaclarının ödənilməsində ona heç bir maddi köməklik göstərməmişdir. Bu günə kimi övladlarına o, tək qadın olaraq baxmış və baxmaq da davam edir. Cavabdehdə bir ata kimi öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Uşaqların ikisi yetkinlik yaşalarına çatmamış, onlarda digər uşaqları kimi istirahət etmək, gəzmək, dincəlmək istəyirlər, bunlar üçün isə maddi təminat lazımdır. O, gücü çatdığı qədər uşaqların təlabatlaırın ödəməyə çalışsa da, çətinliklərlə qarşılaşmalı olur. Hesab edir ki, cavabehdən uşaqların saxlanması üçün aliment tutulması ailə qanunvericiliyinin tələblərinə zidd deyildir. Hər uşağa görə ayrı-ayrılıqda 150 manat olmaqla, cəmi 300 manat aliment tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatına bildirmişdir ki, Cavabdeh ilə xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmuş, bu nikadan xx.xx.2006-cı ildə X4, xx.xx.2008-ci ildə X5 və xx.xx.2014-cü ildə X3 anadan olmuşlar.Onların nikahları pozulanda aliment istəməmiş, o, gücü çatdığı qədər uşaqların tələbatlarını ödəməyə çalışsa da, çətinliklərlə qarşılaşmalı olduğu üçün hər uşağa 150 manat aliment tələb edir. Bu günə kimi uşaqlarının bütün tələbatlarını o,özü qarşılamışdır. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən göürnür ki, tərəflər arasında olan nikaha Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2024-cü il tarixdə Zəngilan rayon qeydiyyat şöbəsində xitam verilmişdir. -İş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 valideynləridirlər. -İş materiallarında olan mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli MŞB/16/2025-0961 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. -İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-706/2023 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 anaların himayəsində saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Alilə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2.Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər xx.xx.2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, bu nikahdan onların xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 adlı üç övladları doğulmuş, uşaqlardan X4 artıq yetkinlik yaşına çatmışdır. Tərəflərin ailə münasibətləri alınmadığından aralarında olan nikah məhkəmə qətnaməsi ilə ləğv edilmiş və birgə nikahdan olan uşaqlar ananın himayəsində saxlanılmışdır. Bu günə kimi uşaqların bütün təlabatları iddiaçının özü tərəfindən qarşılanmış, cavabdeh bir ata kimi bu müddət ərzində övladlarının necə yaşaması ilə maraqlanmamış, onların ehtiyaclarının ödənilməsində iddiaçıya heç bir maddi köməklik etməmişdir. Uşaqlar böyüdükcə onların günü-gündən artan təlabatlarını ödəmək iddiaçı üçün çətin olduğundan o, cavabdehə qarşı aliment tələbi ilə məhkəyəmə müraciət etmək məcburiyyətində qalmış və cavabdehdən hər uşaq üçün 150 manat olmaqla,cəmi 300 manat məbləğində aliment tələb edir. -“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. -Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. -BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, uşaqların mənafeyini, nəzərə alaraq belə bir nəticəyə gəlir ki, tərəflərin birgə nikah münasibətlərindən olan xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2025-ci il tarixindən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ayrı-ayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində alimentin tutulması qənaətinə gəlir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tuturaq, Qət etdi: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ayrıayrılıqda ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-489/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-489/2025
11.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver