Məhkəmə qərarları › İş №2(034)-518/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-518/2025

01.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-518/2025 01.09.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Cavabdeh onun xeyrimə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək saxlanması üçün hər ay 200 manat əlavə xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2017-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, onların iki övladları var. xx.xx.2019-cu il təvəllüdlü X5 cavabdehlə birgə nikahlarından dünyaya gəlmiş, xx.xx.2024-cü il təvəllüdlü X6 adlı övladları isə cavabdehlə rəsmi nikahları pozulduqdan sonra dünyaya gəlmişdir. Belə ki, məhkəmə qətnaməsi ilə nikahlarının pozulmasına baxmayaraq, böyüklərinin israrı ilə yenidən bir yerdə yaşamalı olmuş, amma yaşadıqları müddət ərzində rəsmi nikaha girməmişlər. Elə Cahid həmin müddətdə dünyaya gəlmişdir. Sonradan yenə cavabdehlə bir yerdə yaşamaqları alınmamış və yenidən ayrılmalı olmuşlar. Məhkəmə qətnaməsi ilə cavabdehlə birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X5 üçün artıq aliment kəsilsə də, xx.xx.2024-cü il təvəllüdlü X6 boşandıqdan sonra dünyaya gəldiyi üçün qanunla ona aliment ala bilmir. Cavabdeh ikinci uşaq dünyaya gələndə köməklik edəcəyini desə də, bu günə kimi heç birköməklik etmir. Özü Ağalıda yaşayır, uşaqlar balaca olduğu üçün heç bir yerdə işləyə bilmir. Tək olaraq hər iki uşağın təlabatlarını ödəyə bilmir. Hər dəfə cavabdehə ona köməklik etməsini desə də, heç bir xeyri olmur. xx.xx.2024-cü il təvəllüdlü X3 hələ 3 yaşı yoxdur. Cavabdehdən alimentlə yanaşı, uşağın 3 yaşına çatana kimi əlavə xərc də tələb edir. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək, iki azyaşlı aşağı ilə birlikdə Zəngilan rayonu, Ağalı kəndində yaşamasını, uşaqları körpə olduğu üçün məhkəməyə gəlib-gedə bilməyəcəyini, maddi cəhətdən çətinlik çəkməsini nəzərə alaraq, bütün məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini və iddiasının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alıb, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2022-ci ildə Zəngilan rayon qeydiyyat şöbəsində pozulmuşdur. -İş materiallaırnda olan doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2024-cü il təvəllüdlü X3 valideynləridirlər. -İş materiallaırnda olan mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025 -ci il tarixli MŞB/16/2025-00820 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. -İş materiallarında olan və «Elektron Məhkəmə İnformasiya” Sistemindən əldə edlmiş məlumat görünür ki, Cavabdeh «İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti» X7 istismar üzrə mühəndis vəzifəsində işləyir və aylıq əmək haqqısı 1000 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Maddə 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Maddə 84.2.2. Hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad aliment tələb edə bilər. Maddə 100.2.Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər xx.xx.2017-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, onların iki övladları var. xx.xx.2019-cu il təvəllüdlü X5 tərəflərin birgə nikah münasibətlərindən, xx.xx.2024-cü il təvəllüdlü X6 adlı övladları isə tərəflərin rəsmi nikahları pozulduqdan sonra dünyaya doğulmuşdur. Tərəflər aralarında olan rəsmi nikah münasibətlərinin pozulmasına baxmayaraq, yenidən ailə münasibətlərini bərpa edərək, bir müddət bir yerdə yaşamış, sonradan ailə münasibətləri alınmadığından ayrılmalı olmuşlar. Məhkəmə qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X1 üçün cavabdehdən iddiaçının xeyrinə artıq aliment tutulması müəyyən edilmişdir. Cavabdeh ayrılsalarda ikinci uşağın saxlanması üçün iddiaçıya maddi cəhətdən köməklik edəcəyinə söz vermiş, lakin araşdırma zamanı cavabdehin iddiaçıya uşağın saxlanması üçün heç bir maddi köməklik etməməsi müəyyən edilmişdir. İddiaçı uşaqlar azyaşlı olduğundan heç bir yerdə işləmədiyindən, tək qadın olaraq uşaqların maddi təlabatlarının ödənilməsində çətinlik çəkdiyindən xx.xx.2024-cü il təvəllüdlü X2 üçün aliment və uşaq 3 yaşına çatana kimi əlavə xərcin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. -“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. -Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. -BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bundan başqa, məhkəmə iddia tələbinin əlavə xərc hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin hissədə sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi əlavə xərc hisssəsində təmin edilə biləmz. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, uşağın mənafeyini, nəzərə alaraq belə bir nəticəyə gəlir ki, xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment, həmçinin uşaq 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat əlavə xərcin tutulması qənaətinə gəlir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tuturaq, Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment və uşaq 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat əlavə xərc tutulsun. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar