Məhkəmə qərarları › İş №2(034)-528/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-528/2024

30.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-528/2024 30.09.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikah pozulmadan aliment ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «nikah pozulmadan aliment ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onların cavabdehlə birgə nikah münasibətlərindən iki uşaqları-xx.xx.2014-cü il təvəlllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 dünyaya gəlmişlər. Cavabdeh onları xx.xx.2024-cü il tarixindən atıb getmiş və maddi köməklik göstərməmişdir. Uşaqları saxlamaq onun üçün maddi cəhətdən çətindir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdehlə 2013-cü ildə ailə qurmuş, bu nikahdan onların xx.xx.2014-cü ildə X4 və xx.xx.2016-cı ildə X5 dünyaya gəlmişlər. Cavabdeh aprel ayının 16-sı evdən çıxıb getmişdir. Cavabdeh birgə yaşadıqları zaman da uşaqlara baxmamışdır. Cavabdeh halhazırda uşaqlara heç bir maddi köməklik etmir. Cavabdeh Rusiya Federasiyasında borcu olduğu üçün hər ay 700 manat pul göndərmiş və o, Rusiya Federasiyasından yanvar ayında gəlmişdir. Cavabdeh Rusiya Federasiyasına işləmək üçün gedib-gəlmişdir. Cavabdeh Rusiyada işləyən zaman ona 250, 300-400 manat pul göndərmişdir. Uşağında D vitamini çatışmamazlığı var, müalicəsinə çox pulu çıxdığı üçün alimentdə razılığa gələ bilməmişlər. Uşaqları xəstəxanaya aparanda ödənişlərini cavabdeh etmişdir. Uşaqlardan biri 8, o biri isə 10 yaşlarındadırlar. Uşaqlarına baxdığı üçün işləmir.Uşaqlarının saxlanılmasına anası köməklik edir. Cavabdeh keçən ay 300 manat uşaqların məktəb ləvazimatlarına köməklik etmişdir. Uşaqların geyimi, iş dəftərləri, kifayət qədər pul tələb etdiyindən maddi imkanının olmaması səbəbilə alimentlə bağlı cavabdehə güzəştə gedə bilməmişdir. Sonda iddiaçı məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, tərəflər 2013-cü ildə ailə qurmuş, bu nikahdan onların xx.xx.2014-cü ildə X4 və xx.xx.2016-cı ildə X5 dünyaya gəlmişlər. Cavabdeh 2024-cü ilin aprel ayından evdən çıxıb getmiş və ailəsinə heç bir maddi yardım göstərməmişdir. Cavabdeh uşaqlara heç bir maddi və mənəvi köməklik etməmişdir. Uşaqlar ananın yanındadırlar. Cavabdeh hər vasitə ilə alimentdən yayınmağa çalışmışdır. Hesab edir ki, prezident tərəfindən yetkinlik yaşına çatanadək hər bir uşaq üçün 235 manat cavabdehdən aliment tutulması müəyyən olunmuşdur. Onlar da cavabdehdən hər uşağa 235 manat, ümumillikdə 470 manat alimentin tutulmasını xahiş etmişlər. Cavabdehin alimenti ödəməmək üçün heç bir xəstəliyi yoxdur. Cavabdehin işləyib-işləməməsinin alimentə heç bir aidiyyəti yoxdur. Uşaqlar yeməli, geyinməlidirlər. Uşaqların məktəb xərcləri var və bunları cavabdeh qarşılamalıdır. 300 manata indiki zamanda uşaq saxlamaq olmaz. Prezident hər bir uşağa 235 manat alimentin tutulmasını nəzərdə tutduğundan, onlar da hər uşağa görə 235 manat aliment, ümumillikdə 470 manat alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, qarşı tərəfin vəkili onu başqa uşaqlarının olmasında ittiham etmişdir. İddiaçı evinin qapısını bağlayaraq evin açarını özü ilə aparmış, iddiaçının etdiyi hərəkət nə qədər düzgündür. İddiaçının etdiyi özbaşınalıqdır. Anası ürək xəstəsidir, anasına da o baxır. Mediasiyada iştirak etməmişdir. Hər iki uşağa görə iddiaçıya 470 manat aliment verməyə maddi imkanının çatmadığını və hər ay hər iki uşağa görə 300 manat aliment verəcəyini qeyd etmişdir. İddiaçı ilə danışmağa cəhd etsə də, iddiaçı işlərinin məhkəmədə olduğuna görə onunla danışmaq istəmədiyini bildirmişdir. İddiaçı ilə aralarındakı mübahisənin səbəbi Rusiyaya gedib işlədiyi üçün olmuşdur. 470 manat aliment verməyə hal-hazırdakı işlə gücü çatmır. İddiaçı uşaqlara baxa bilməsə uşaqları ona versin və o özü uşaqlarına baxacaqdır. Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən uşağa baxmaq həm atanın, həm də ananın borcudur. Uşaqlarına gücü çatdığı qədər köməklik etmişdir. Aylıq gəliri 500 manatdır. Sonda cavabdeh məhkəmədən hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat aliment ödəyə biləcəyini qeyd elərək, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən aydın olur ki, tərəflər arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanaraq, bu barədə Zəngilan rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 118 nömrəli qeyd aparılmışdır. İş materiallaırnda olan doğum haqqında şəhadətnamələrin notarial təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 valideynləridirlər. İş materiallarında olan məcburi köçkün vəsiqələrinin notarial təsdiq edilmiş surətlərindən görünür ki, İddiaçı və cavabdeh Əsgərov X1 rayonundan məcburi köçkündürlər. İş materiallarına əlavə edilmiş Bakı 16 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01073 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü madddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan onların xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı iki övladları doğulmuşlar. Tərəflər arasında olan nikah rəsmi qaydada ləğv edilməmiş və cavabdeh 2024-cü ilin aprel ayından evdən çıxıb getmişdir. Tərəflərin birgə nikahlarından olan uşaqlar hazırda iddiaçının himayəsindədirlər və iddiaçı cavabdehin birgə nikahdan olan uşaqların saxlanması üçün ona heç bir maddi yardım etməməsini, uşaqlara tək başına baxdığı üçün maddi cəhətdən çətinlik çəkməsini, uşaqlara baxdığı üçün heç bir yerdə işləyə bilməməsini nəzərə alaraq, cavabdehdən birgə nikahdan olan uşaqların saxlanması üçün cəmi 470 manat məbləğində aliment tutulmasını tələb edir. Məhkəmə araşdırması zamanı cavabdeh aylıq əmək haqqısının 500 manat olmasını, himayəsində xəstə anası olmasını, həmçinin uşaqlarına gücü çatdığı qədər maddi yardım etməsini, iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəməyə maddi imkanının çatmayacağını, hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində aliment ödəməyə imkanın olmamasını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi, iddiaçı məhkəməyə xx.xx.2024-cü ildə müraciət etmişdir. Odur ki, alimentin tutulması xx.xx.2024-cü ildən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh xx.xx.2014cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 9.1.20-ci maddəsinə əsasən,məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar .Odur ki, tərəflər dövlət rüsumunu ödəməkdən azaddırlar. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixindən başlayaraq, hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar