Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-575/2025 01.12.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Zəngilan Rayon Məhkəməsinin 8(034)-22/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən cavabdehin xeyrinə xx.xx.2011-ci ildə anadan olmuş oğlu X2 üçün tutulan alimentin miqdarının azaldılması, cavabdehin xeyrinə ondan xx.xx.2011-ci ildə anadan olmuş oğlu X2 üçün hər ay əmək haqqından 220 manat miqdarında alimentin tutulması, şahid qismində Cavabdeh məhkəməyə çağırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 1464/2017 nömrəli, 04 12.2017-ci il tarixli qərarına (məhkəmə əmrinə) əsasən xx.xx.2017-ci il tarixdən başlayaraq, ondan cavabdehin xeyrinə xx.xx.2011 -ci ildə anadan olmuş oğlu X1 üçün 100 manat miqdarında aliment tutulur. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı o, əmək haqqısı yaxşı olan işdə işləmiş və subay olmuşdur. xx.xx.2019-cu il tarixdə bir yetkinlik yaşına çatmayan uşağı olan X4 ilə nikaha girmiş və onlara könüllü olaraq maddi yardım göstərir. Hazırda o, ADMİU-da işləyir və onun vəzifə maaşı 520 manat təşkil edir. Digər gəlir yeri yoxdur. O, yenidən ailə həyatı qurmuş və hazırda valideyn himayəsindən məhrum olan bir qız uşağının da qayğısını çəkir. İdentikasiya olunmuş aliment məbləği maaşının təxminən 70 faizinə bərabər olduğundan, real imkanlarını nəzərə alaraq ayda 220 manat aliment ödəyə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, xx.xx.2017-ci ildə nikahları pozulanda cavabdehin xeyrinə xx.xx.2011-ci ildə anadan olmuş oğlu X1 üçün 100 manat aliment tutulmuş, sonradan cavabdeh alimentin indeksasiya ilə bağlı məhkəməyə müraciət edərək alimentin miqadarı 344 manat olmuşdur. O, müqavilə ilə işləyir. Hazırda ailəlidir, amma bu nikahdan övladı yoxdur, kirayədə qalır hər ay 165 manat kirayə haqqı ödəyir, 344 manat aliment ödəməkdə çətinlik çəkir. Sonda iddiaçı məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, 2017-ci ildə iddiaçı ilə aralarında olan nikah pozulduqdan sonra alimentin miqdarı 100 manat olmuş, sonradan məhkəməyə alimentin indeksasiya ilə bağlı müraciət etmiş və alimentin miqdarı dəyişərək 344 manat olmuşdur. Oğlunun hazırda 15 yaşı var və bu vaxta qədər onu özü tək böyütmüşdür. Artıq uşaq böyüdü üçün və onun xərcləri artdığından alimentin artımı ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, artıq bir il olar ki, yeni ev almış və hər ay evə 700 manat ödəniş edir. İddiaçı bir ata kimi oğlu ilə nə maddi, nədə mənəvi olaraq heç vaxt maraqlanmamışdır. Oğlu atasından qayğı görmədiyi üçün psixoloji problemlər yaşayır, bununla bağlı həkim müalicəsi alır. İddiaçı aliment məbləğini tam ödəmək iqtidarında olsa belə, aliment məbləğinin hər ay 300 manat olmaqla azaldılmasına razı olmasını bildirərək, məhkəmədən 300 manat aliment tutulmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyi, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. -Tədqiq edilən sübutlar: -İş materiallarında olan notarial qaydada təsdiq edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında olan nikah xx.xx.2019-cü ildə Zəngilan rayon qeydiyyat şöbəsi tərəfindən ləğv edilmişdir. -İş materiallarına əlavə edilmiş və notarial qaydada təsdiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2011-ci il təvəllüdlü X3 valideynləridir. -İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025ci il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. -İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Publik Hüquqi Şəxs tərfindən verilmiş 13/66 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2013-cü il tarixdən xx.xx.2025ci il tarixinə qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tam ştat böyük laborant vəzifəsində çalışmış, aylıq vəzifə maaşı 664 manat olmuş, xx.xx.2025-ci il tarixindən müqavilə ilə tam ştat vahidi müəllim vəzifəsində işləyir və aylıq vəzifə maaşı 946 manat təşkil edir. -İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(034)22/2025 nömrəli qərardadından görünür ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(034)-1464/2017 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilərək, borclu İddiaçı xx.xx.2011ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarıxdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində sabit pul məbləğində aliement tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş, lakin sonradan ailə münasibətləri alınmadığı üçün aralarında olan nikah məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Tərəflərin bu nikahdan xx.xx.2011-ci il təvəllüdlü X5 adlı bir övladları var. Uşağın saxdanması üçün alimentin məbləği Zəngilan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(034)-1464/2017 nömrəli qətnaməsi ilə 100 manat sabit pul məbləğində müəyyən edilmiş, ödənilən aliment uşağın təlabatlarını ödəmədiyi üçün tələbkar Cavabdeh alimentin indeksasiyası ilə məhkəməyə müraciət etmiş və Zəngilan Rayon Məhkəməsinin 8(034)- 22/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(034)-1464/2017 nömrəli qətnaməsinin icra üsulu dəyişdirilərək, borclu İddiaçı xx.xx.2011ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarıxdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində sabit pul məbləğində aliement tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməsi qərara alınmışdır. Lakin, hazırkı iş üzrə iddiaçı maddi vəziyyətinin çətin olmasını, yenidən ailə qurmasını, kirayədə yaşamasını, 344 manat məbləğində alimenti ödəməyə maddi imkanının olmamasını, hər ay uşağın saxlanması üçün yalnız 220 manat aliment verə bilcəyini bildirsə də, cavabdeh onun bu tələbini qəbul etməyərək, 220 manat alimentin uşağın saxlanmasına kifayət etməməsini nəzərə alaraq, aliment məbləğinin hər ay 300 manat olmaqla azaldılmasına razı olmasını bildirmişdir. -“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. -Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. -BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, uşağın mənafeyini, nəzərə alaraq belə bir nəticəyə gəlir ki, Zəngilan Rayon Məhkəməsinin 8(034)-22/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin məbləği azaldılaraq, tərəflərin birgə nikahlarından olan xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində alimentin tutulması qənaətinə gəlir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tuturaq, Qət etdi: İddia qismən təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 8(034)-22/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin məbləği azaldılaraq, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin azaldılması hazırki qətnamə qanuni qüvvəsini aldığı andan hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-575/2025
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-575/2025
01.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver