Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-613/2023 27.11.2023 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı «aliment tələbinə dair» iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı «aliment tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan uşaqları xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat və 60 manat məbləğində mediasiyaya dair xərcin ödənilməsinin onun xeyrinə tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X7 ilə Bakı şəhəri, 1 saylı Bakı «Asan xidmət» mərkəzinin qeydiyyat şöbəsində 02 iyun 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, cavabdehlə birgə nikah münasibətlərindən xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X9 dünyaya gəlmişlər. Cavabdeh X7 « Avenst» reklam şirkətində işləyir, aylıq əmək haqqısı 2000 (iki min) manatdır. Cavabdeh aylıq gəlirinə baxmayaraq, onunla yaşamır, uşaqlara hec bir maddi köməklik göstərmir. Uşaqları saxlamaq onun üçün maddi cəhətdən günü-gündən çətinləşir. Necə aydır ki, yoldaşını gözləməsinə baxmayaraq, uşaqlara hər hansı bir yardım göstərmir. Ona və uşaqlarına valideyinləri köməklik edir, özü hec birdə yerdə işləmir, maddi vəziyyəti olduqca ağırdır. Uşaqlarını tək başına saxlamaq ona maddi cəhəddən çətinlik yaradacağı üçün cavabdeh tərəfindən alimentin ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Buna görə də hazırki iddia ilə Zəngilan Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. O, həmçinin cavabdehlə aralarında razılığın əldə edilməsi üçün Mediasiya Şurasına müraciət etmiş, lakin cavabdehlə ilkin mediasiya sesssiyasında iştirak etməmiş, onlara bununla bağlı müvafiq arayış təqdim olunmuşdur. Həmçinin o, ilkin mediasiya ilə bağlı 50 manat məbləğində medaisiya xərci ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçı onun qızıdır. İddiaçı ilə Cavabdeh 2018-ci ildə ailə qurmuş, bu nikahdan tərəflərin xx.xx.2018-ci ildə X8 və xx.xx.2022-ci ildə X9 adlı iki uşaqları dünyaya gəlmişdir. Hal-hazırda cavabdeh qızından ayrı yaşayır. Uşaqlar körpə olduğu üçün qızı məhkəmə iclasında iştirak etmir. Hər ailədə çətinlik olur, o da bir valideyn kimi qızının ailəsinə köməklik etmişdir. Cavabdeh evinə, ailəsinə baxmır. Qızı ilə cavabdeh 18 sentyabrdan ayrı yaşayırlar. Qızının uşaqlarına 18 sentyabrdan özü köməklik edir. Cavabdeh o vaxtdan iki dəfə uşaqlara cəmi 30 manat pul vermişdir. Cavabdeh hətta gəlib uşaqlarını belə görmür. Cavabdehin rəsmi iş yeri yoxdur, amma gəliri 2000-3000 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin tam təmin olunmasını, hər uşağa 220 manat alimentin cavabdehdən tutulub ödənilməsini xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdeh mediasiyaya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən aydın olur ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə nikah bağlanaraq, bu barədə 1 saylı Bakı «Asan xidmət mərkəzi» Qeydiyyat şöbəsində akt qeydləri kitabında 1392 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci ildə X4 valideynləridirlər. İş materiallarına əlavə edilmiş məcburi köçkün vəsiqəsinin notarial təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Zəngilan rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci təvəllüdlü X9 adlı iki uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətləri alınmadığından onlar faktiki olaraq ayrılmış, lakin aralarında olan rəsmi nikah isə pozulmamışdır. Tərəflər ayrı-ayrı ünvanlarda yaşayırlar. Birgə nikahdan olan uşaqlar hazırda iddiaçının yanındadırlar və cavabdeh ayrıldıqları gündən bu günə kimi uşaqların saxlanmasında iddiaçıya heç bir maddi yardım etmir, uşaqları ilə belə maraqlanmır. Uşaqların saxlanmasında iddiaçıya valideynləri köməklik edirlər. İddiaçının bildirdiyinə görə cavabdeh reklam şirkətində işləyir və aylıq gəlirir 2000-3000 manat təşkil etdiyindən cavabdehdən birgə nikahdan olan uşaqların saxlanması üçün hər ay hər uşağa görə 220 manqat olmaqla, cəmi 440 manat alimentin tutulmasını tələb edir. Eyni zamanda iddiaçı cavabdehdən mediasiya xərci olan 60 manat pulun tutulub ona ödənilməsini tələb etsə də, məhkəmə hesab edir ki, mediasiya xərci məhkəmə xərclərinə aid olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X2 xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi, iddiaçı Məhkəməyə xx.xx.2023-cü ildə müraciət etmişdir. Odur ki, alimentin tutulması xx.xx.2023-cü ildən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X2 xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh X2 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-613/2023
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-613/2023
27.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver