Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-671/2024 25.11.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı Məhəmməd qızının, Cavabdeh Hüseyn oğlunun iştirakı ilə, İddiaçı Məhəmməd qızının Cavabdeh Hüseyn oğluna qarşı «aliment və əlavə xərc» tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Məhəmməd qızı Cavabdeh Hüseyn oğluna qarşı «aliment və əlavə xərc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Hüseyn oğlundan xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində uşağa hər ay 235 manat alimentin və cavabdehin əlavə xərcə cəlb olunması qaydasında 200 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Hüseyn oğlundan xx.xx.2016-cı il tarixində Zəngilan Rayon Məhkəməsinin qətnaməsinə əsasən rəsmi olaraq boşanmışdır. Cavabdeh Hüseyn oğlu ilə rəsmi nikahları olmasa belə, birlikdə yaşamış, birgə yaşadıqları müddət ərzində xx.xx.2023-cü il tarixində X4 anadan olmuş və atalıq müəyyən edilmişdir. Ona tək uşağı saxlamaq çox çətindir və uşağı körpə olduğundan işləmir. Buna görə də Prezidentin sərəncamına əsasən alimentin kəsilməsini istəyir, çünki, Prezidentin sərəncamı ilə uşaqlar üçün yaşayış minimum 2024-cü ili üçün 235 manat təşkil edir. Uşaq böyüdükcə tələbatının çoxalması səbəbilə alimetntin tutulmasını xahiş edir. Həmçinin xx.xx.2023-cü il təvəllüdlü X4 çox körpə olduğu üçün cavabdehdən uşağın 3 yaşı olana kimi əlavə xərc olaran 200 manat pulun tutulub ona verilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı Məhəmməd qızı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, Cavabdeh Hüseyn oğlundan xx.xx.2016-cı il tarixində Zəngilan Rayon Məhkəməsinin qətnaməsinə əsasən rəsmi olaraq boşanmış, Cavabdeh Hüseyn oğlu ilə rəsmi nikahları olmasa belə, birlikdə yaşamış, birgə yaşadıqları müddət ərzində onların xx.xx.2023-cü il tarixində X4 anadan olmuş və atalıq müəyyən edilmişdir. Uşağı körpə olduğu üçün işləyə bilmədiyini,cavabdehdən ancaq 235 manat alimentin tutularaq ona ödənilməsini xahiş edir və əlavə xərclərin ödənilməsini tələb etmədiyini bildirərək məhkəmədən cavabdehdən aliment məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Hüseyn iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, rəsmi iş yeri olmadığına görə işsizdir.Hər ay 235 manat aliment ödəməyə razıdır. Əlavə xərci isə işləmədiyi üçün ödəyə bilməyəcəyini bildirmişdir. Sonda cavabdeh məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01455 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh Hüseyn oğlu mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-877/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnamənin surətindən görünür ki, tərəflər arasında xx.xx.2007-ci il tarixində Zəngilan rayon VVADQ şöbəsində bağlanmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X2 ananın yanında saxlanılmış və xx.xx.2015-ci il tarixdən başlayaraq uşağın saxlanması üçün hər ay 108 manat məbləğində aliment və uşağın xəstəliyi ilə bağlı müalicəsi üçün əlavə xərc qismində 100 manat olmaqla, cəmi 208 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. İş materiallarında nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Binəqədi rayon qeydiyyat şöbəsində İddiaçı Məhəmməd qızı ilə Cavabdeh Hüseyn arasında olan nikah xx.xx.2016-cü il tarixdə ləğv edilmişdir. İş materiallaırnda olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2023-cü il təvəllüdlü X1 valideynləridirlər. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Hüseyn oğlu xx.xx.2023-cü il təvəllüdlü X1 atası hesab edilmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətlərindən görünür ki, tərəflər Zəngilan rayonundan məcburi köçkündürlər. İş materiallarında olan Zəngilan rayon İcra Hakimiyyəti başçısının X8 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı Məhəmməd qızına verilən 39 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdam görünür ki, o, Zəngilan rayonu, Ördəkli kəndində daim pasport qeydiyyatındadır, məcburi köçkündür, hal-hazırda ünvan 1 ünvanında məskunlaşmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Eyni Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 27 mart 2007-ci ildə rəsmi nikaha daxil olaraq, ailə qurmuş və onların ailə münasibətləri alınmadığından aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin 30 noyabr 2015-ci il tarixli, 2(034)- 877/2015 nömrəli qətnaməsi ilə pozulmuşdur. Lakin, tərəflər aralarında olan nikahın pozulmasına baxmayaraq, birlikdə yaşamağa davam etmiş və onların xx.xx.2023-cü ildə X3 dünyaya gəlmişdir. Tərəflərin rəsmi nikahları olmadığından atalığın müəyyən edilmiş və Cavabdeh Hüseyn oğlu xx.xx.2023-cü il təvəllüdlü X1 atası olması hesab edilmişdir.İddiaçı uşaq böyüdükcə onun təlabatlarının günü-gündən artmasını, uşağın ehtiyaclarını ödəməkdə çətinlik çəkməsini, uşaq körpə olduğu üçün özünün işləyə bilməməsini əsas gətirək cavabdehlə birgə nikahlarından olan uşağın saxlanması üçün hər ay 235 manat məbləğində alimentin tutulmasını tələb etmiş, cavabdeh də öz növbəsində uşağın saxlanması üçün hər ay 235 manat ödəməyə razı olmasını bildirmiş, əlavə xərcə gəldikdə isə hazırda işləmədiyi üçün iddiaçının ondan tələb etdiyi 200 manat məbləğində pulun ödənilməsinə maddi imkanının olmamasını, iddiaçı cavabdehin maddi vəziyyətini nəzərə alaraq əlavə xərcin ödənilməməsinə razı olduğunu bildirmişdir. Belə ki, Ailə Məcəlləsinin 81.1.-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2.-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir və bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3.-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə iddiaçının cavabdehin maddı vəziyyətini nəzərə alıb alimentdən başqa heç bir əlavə xərc istəmədiyini nəzərə alıb hesab edir ki, iddia tələbi cavabdehin əlavə xərcə cəlb olunması hissəsində təmin edilməmlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Hüseyn oğlundan xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı Məhəmməd qızının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi, iddiaçı Məhkəməyə xx.xx.2024-cü ildə müraciət etmişdir. Odur ki, alimentin tutulması xx.xx.2024-cü ildən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcələlnin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcələlnin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Hüseyn oğlundan xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Məhəmməd qızının xeyrinə ödənilsin. Cavabdeh Hüseyn oğlundan 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova
Məhkəmə qərarları › İş №2(034)-671/2024
Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-671/2024
25.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver