Məhkəmə qərarları › İş №2(034)-713/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-713/2024

23.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-713/2024 23.12.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat məbləğində alimentin və 60 manat ödənilmiş mediasiya xərcinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə qeyri-rəsmi nikah münasibətlərində yaşamış və ümumi təsərrüfat aparmışlar. Cavabdehlə qeyri-rəsmi nikah münasibətlərində xx.xx.2010-cu il təvəllüdlü X6 adlı bir uşaqları dünyaya gəlmişdir. Zəngilan rayon qeydiyyat şöbəsində 56 nömrəli akt qeydi ilə atalıq müəyyən edilmişdir. Cavabdeh 500 manatdan yuxarı pensiya alır, son vaxtlar içki içir və onu və uşağı nəlayiq sözlərlə təhqir edir. Cavabdeh tərəfindən hazırki vəziyyətdə uşağın heç bir maddi təminatı ödənilmir. O, uşaqla və cavabdehlə bir evdə yaşayır, onun heç bir yerdən gəliri yoxdur. Uşağı tək saxlamaqda maddi çətinlik çəkir, çünki uşaq böyüdükcə onun xərcləri də artır. Uşaq məktəbə və hazırlığa gedir, uşağın çantası, kitabları, məktəb paltarları, hazırlığı və hər ay ödənişləri var. Cavabdeh bir dəfə belə uşaqla maraqlanmamışdır. Uşağı təkbaşına saxlamaq ona maddi cəhətdən çətinlik yaradacağı üçün cavabdeh tərəfindən alimentin ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə qeyri-rəsmi nikah münasibətəlrində olmuş, bir ailə kimi bir yerdə yaşamaqla ümumi təsərrüfat aparmışlar. Cavabdehlə qeyri-rəsmi nikahlarından onların xx.xx.2010-cu il təvəllüdlü X6 adlı bir uşaqları dünyaya gəlmişdir. Cavabdeh içki alüdəçisi olduğu üçün evə və uşağa baxmır, ona heç bir maddi köməklik etmir. Oğlu məktəbə hazırlığa getdiyi üçün maddi cəhətdən çətinlik çəkir. Cavabdeh tərəf hal-hazırda uşağın heç bir maddi təminatını ödəmir. O, cavabdehlə eyni evdə yaşayırlar.cavabdehin maddi vəziyyətini nəzərə alaraq cavabdehdən hər ay 160 manat aliment tutulmasına razı olduğunu bildirmişdir. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, İddiaçı ilə rəsmi nikaha daxil olmadan bir evdə yaşamış, nikahdan kənar onların xx.xx.2010-cu il tarixdə X6 adlı bir uşaqları anadan olmuşdur. İddiaçı ilə bir evdə yaşayırlar. Banka 238 manat kredit borcu olduğu üçün hər ay 235 manat məbləğində alimenti ödəyə onun maddi imkanı yoxdur. Bankdan kredit götürərək maşın və sürücülük vəsiqəsi almışdır. Sonda cavabdeh məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Zəngilan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid xx.xx.2024-cü il ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan və Zəngilan rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli atalığın müəyyən edilməsi barədə rayışdan görünür ki, xx.xx.2010-cu il tarixində Bakı şəhər Yasamal rayonunda İddiaçı doğulmuş X3 atası Cavabdeh hesab edilmiş və xx.xx.2010-cu il tarixdə Zəngilan rayon qeydiyyat şöbəsində 56 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmuşdur. iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2010-cu il təvəllüdlü Cavabdeh valideynləridirlər. İş materiallarına əlavə edilmiş Bakı 16 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01425 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir İş materiallarında olan məcburi köçkünlük vəsiqəsinin surətindən görünür ki, iddiaçı Əhmədova X5 rayonundan məcburi köçkündür. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 8 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş məlumatdan görünür ki, Cavabdeh İİİ dərəcəli əlildir və yüngül işlərdə işləyə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər qeyri-rəsmi nikah münasibətlərində olmuş və bu münasibətlərdən onların xx.xx.2010-cu il təvəlllüdlü X6 adlı bir uşaqları dünyaya gəlmişdir. Tərəflər qeyri-rəsmi nikah münasibətlərində olmaqla hal-hazırda bir evdə yaşayırlar. Lakin bir evdə yaşamaqlarına baxmayaraq, cavabdeh uşağın saxlanmasında iddiaçıya heç bir maddi yardım etməmiş, içki aludəçisi olduğu üçün qazandığını içkiyə və özünə xərcləmişdir. İddiaçının heç bir yerdən gəliri olmadığı üçün uşağın saxlanması və onun təlabatlarını ödəməkdə çətinlik çəkir. Cavabdehdən uşağın saxlaması üçün ona köməklik edilməsini istəsə də, bunun heç bir nəticəsi olmamış, bu səbəbdən də cavabdehə qarı uşağın saxlanması üçün aliment tələbi ilə məhkəməyə müraciət etmişdir.Məhkəmə araşdırması zamanı cavabdeh hazırda banka kredit borcu olması, iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəmək imkanın olmamasını bildirmişdir. Lakin iddiaçı məhkəmə iclasında cavabdehdən uşağın saxlanmaı üçün hər ay 160 manat məbləğində aliment tutulmasına razı olduğunu bildirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, uşağın mənafeyini, cavabdehin gəlirlərinin dəyişkən olmasını nəzərə alaraq, belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşağa görə 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qənaitinə gəlir. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi, iddiaçı Məhkəməyə xx.xx.2024-cü ildə müraciət etmişdir. Odur ki, alimentin tutulması xx.xx.2024-cü ildən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu cavabdeh X1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin mediasiya xərcinin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, mediasiya xərcləri məhkəmə xərclərinə aid edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixindən başlayaraq, hər ay uşağa görə 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar