Məhkəmə qərarları › İş №2(034)-725/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-725/2025

01.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-725/2025 01.12.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş övladları xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay uşaq üçün 246 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 29 may 2002-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan onların xx.xx.2003-cü il təvəllüdlü X2, xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı üç övladımız doğulmuşlar. Övladlarından Firuzə və Banu artıq yetkinlik yaşlarına çatmışlar. Oğlu Əli isə yetkinlik yaşına çatmamışdır. Cavabdehlə ailə münasibətləri alınmadığı üçün aralarında olan nikah onun tələbi üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-51/2025 nömrəli, 13 yanvar 2025-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X6 isə onun himayəsində saxlanılmışdır. Cavabdehlə aralarında olan rəsmi nikah pozulduğu gündən bu günə kimi cavabdeh övladının necə yaşaması ilə maraqlanmamış, onun təlim-tərbiyəsi ilə məşğul olmamışdır.Uşağın bütün maddi təlabatlarını o, özüm tək başına ödəyir, bu da ona maddi cəhətdən çətinlik törədir. O, bir valideyn kimi üzərinə düşən öhdəliyi yerinə yetirirsə hesab edir ki, cavabdehdə bir valideyn, ata kimi öz öhdəliyini yerinə yetirməlidir. Cavabdeh könüllü olaraq uşağın saxlanmasında ona heç bir maddi yardım etmir, uşaq günü-gündən böyüyür, məktəb xərcləri və digər ehtiyacları artır. Uşağın xərclərini tək başına ödəmək tək qadın, ana olaraq ona çətindir. Uşaq tək onun uşağı deyil, onların cavabdehlə birgə nikahlarından olan uşaqlarıdı və onun təlabatlarını da onlar valideyn olaraq bərabər şəkildə ödəməlidirlər. Uşağın saxlanması üçün cavabdehə müraciət olunsa da, o, bundan imtina etmiş, uşağın xərclərinin ödənilməsində yardım etmək istəməmişdir. O,da məcbur olub məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, valdeyinləri İddiaçı və Cavabdeh 29 may 2002-ci ildə ailə qurmuş, bu nikahdan xx.xx.2003-cü ildə o, X3, xx.xx.2004-cü ildə X5 və xx.xx.2010-cu ildə X6 anadan olmuşlar. Anası hal-hazırda Türkiyədə səhhəti ilə bağlı müalicə alır. Valdeyinləri İddiaçı və Cavabdeh arasında olan nikah xx.xx.2025-ci ildə ləğv edilmişdir. Nikah pozulan zaman anasının atasından aliment tələbi olmamışdır. Atası onlara və qardaşına baxmır. Qardaşının bütün xərclərini anası ödəyir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, İddiaçı ilə o, 29 may 2002-ci ildə ailə qurmuş , bu nikahdan onların xx.xx.2003cü ildə X3, xx.xx.2004-cü ildə X5 və xx.xx.2010-cu ildə X6 anadan olmuşlar. İddiaçı halhazırda Türkiyədə müalicə almır. Sonda cavabdeh məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb, təqdim olunmuş sübutları müvafiq maddi və prosessual hüquq normalarına əsasən qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Tədqiq edilən sübutlar: -İş materiallarında Zəngilan Rayon Məhkəməsinin 2(034)-51/2025 nömrəli, xx.xx.2025ciil tarixli qətnaməsindən görünü ki, tərəflər arasında olan xx.xx.2002-ci il tarixli nikah ləğv edilmişdir. -İş materiallaırnda olan doğum haqqında şəhadətnamənin notarial təsdiq edilmiş surətindən görünür ki, tərəflər xx.xx.2010-cu il təvəllüdlü X4 valideynləridirlər. -İş materiallaırnda olan mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025 -ci il tarixli MŞB/xx/xx-01452 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. -Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etdiyinə görə iddiaçının işləmək imkanının məhdud olmasını onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1.Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2.Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər xx.xx.2002-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan onların xx.xx.2003cü il təvəllüdlü X2, xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X6 adlı üç uşaqları doğulmuşdur. Firuzə və Banu adlı uşaqlar artıq yetkinlik yaşlarına çatmış, xx.xx.2010-cu il təvəllüdlü X6 isə yetkinlik yaşına çatmamışdır. Tərəflərin ailə münasibətləri alınmadığından aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin 2(034)-51/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və birgə nikahdan olan xx.xx.2010cu il təvəllüdlü X6 iddiaçının himayəsində saxlanılmışdır. Məhkəmə qətnaməsi ilə tərəflər arasında rəsmi nikah pozulan zaman iddiaçının cavabdehə qarşı aliment tələbi olmamışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında rəsmi nikah münasibətləri pozulduğu gündən bu günə kimi cavabdeh iddiaçının himayəsində qalmış uşağın saxlanması üçün ona maddi olaraq heç bir köməklik etməmiş, uşağın butun maddi ehtiyacları iddiaçının özü tərəfindən ödənilmiş, lakin hazırda həmin ehtiyacların ödənilməsi iddiaçı üçün çətinlik yaratdığından iddiaçı məcbur olaraq cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçının tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, uşağın mənafeyini, nəzərə alaraq belə bir nəticəyə gəlir ki, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixindən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin tutulması qənaətinə gəlir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tuturaq, Qət etdi: İddia təmin edilsin. xx.xx.2025-ci tarixindən başlayaraq, yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar