Məhkəmə qərarları › İş №2(034)-756/2024

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-756/2024

26.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-756/2024 26.12.2024 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 1175 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2008-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan onların xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2022-ci il təvəllüdlü X9 adlı övladları dünyaya gəlmişlər. Ailə qurduqdan sonra ilk vaxtlar cavabdehlə münasibətləri normal olmuş, lakin sonradan xasiyyətlərinin bir-birinə uyğun gəlməməsi, ailədə yola gedə bilməməkləri, dava-dalaşlar ailə münasibətlərinin pozulmasına gətirib çıxarmışdır. Aralarında olan rəsmi nikah Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Birgə nikahdan olan uşaqlar isə hazırda onun himayəsindədirlər. Tək qadın olaraq uşaqları saxlamaqda maddi cəhətdən çətinliklərlə üzləşməli olmuşdur. Uşaqlar azyaşlı olduqlarından və onlara baxdığı üçün özü heç bir yerdə işləmir. Uşaqlar günü-gündən böyüyür və tələbatları hər gün artır. Cavabdeh ona uşaqların saxlanaması üçün heç bir yardım göstərmir. Buna görə də cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin cavabdeh hal-hazırda işləyir və aliment ödəməyə maddi imkanı da var. İddiaçı X6 vəsatət ilə məhkəməyə müraciət edərək, Zəngilan rayonu, 1-ci Ağalı kəndində yaşamasını, yol uzaq olduğu üçün məhkəmə iclasına 5 azyaşlı övladlarını tək qoyub gələ bilməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin olunması baradə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin notarial təsdiq edilmiş surətlərindən görünür ki, tərəflər xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X3 valideynləridirlər. İş materiallarına əlavə edilmiş Bakı 16 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01691 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İş materiallarına əlavə edilmiş Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(034)-703/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Bakı şəhəri, Xətai rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 363 nömrəsi ilə qeydə alınmış xx.xx.2008-ci il tarixli nikahın pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X12 xx.xx.2016-cı il təvəllüdlü X8 anaları İddiaçı yanında saxlanılmaları qət edilmişdir. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Zəngilan rayonundan məcburi köçkündür. İş mteriallarına əlavə edilmiş və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh “X18 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində nəzarətçi vəzifəsində şləyir və əmək haqqısı 2532 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Deməli, Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləği valideynlər bərabər olaraq ödəməlidirlər. Lakin, Məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və uşağa qulluq etməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hesab edir ki, aliment məbləğinin hamısını cavabdeh, iddiaçıya sabit pul məbləğində ödəməyə borcludur. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Eyni zamanda, Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olmuş, bu nikahdan onların xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X12 xx.xx.2016-cı il təvəllüdlü X8 adlı dörd uşaqları olmuşdur. Tərəflərin ailə münasibətləri alınmadığından aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X12 xx.xx.2016-cı il təvəllüdlü X8 analarının, yəni iddiaçının himayəsində saxlanılmışdır. Tərəflərin rəsmi nikah münasibətləri pozulsa da, onların daha bir övladları xx.xx.2022-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Tərəflərin birgə nikahlarından olan uşaqlar hazırda analarının himayəsindədirlər və anaları ilə birlikdə yaşayırlar. İddiaçı tələbində uşaqlar azyaşlı olduqları üçün heç bir yerdə işləyə bilməməsini, uşaqların maddi təlabatlarının ödənilməsində çətinlik çəkməsini, cavabdehin isə birgə nikahdan olan uşaqların saxlanması üçün yetəri qədər maddi imkana sahib olmasını və bunun əsasında da cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməsini bildirmişdir. Belə ki, məhkəmə araşdırması zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumat təhlil edilərkən məlum olmuşdur ki, Cavabdeh “X18 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində nəzarətçi vəzifəsində işləyir və onun aylıq əmək haqqısı 2532 manat təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək, uşaqların mənafeyini nəzərə alaraq, belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixindən başlayaraq, hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 1175 (bir min yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qənaitinə gəlir. Bundan başqa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi, iddiaçı Məhkəməyə xx.xx.2024-cü ildə müraciət etmişdir. Odur ki, alimentin tutulması xx.xx.2024-cü ildən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddiaçı ailment tələbi üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan aliment tələbinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixindən başlayaraq, hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 1175 (bir min yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar