Məhkəmə qərarları › İş №2(034)-82/2025

Zəngilan Rayon Məhkəməsi Qətnamə — İş №2(034)-82/2025

17.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zəngilan rayonu İş № 2(034)-82/2025 17.02.2025 ZƏNGİLAN RAYON MƏHKƏMƏSİ Hakim İmanova Gülsarə Kərimovnanın sədrliyi, Abızadə Günel Məmmədbağır qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsi üzərində ½ hissədə payların müəyyən edilməsi, fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərcin ½ hissəinin cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsi üzərində ½ hissədə payların müəyyən edilməsi, fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərcin ½ hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsi üzərində tərəflərin ½ hissədə paylarının müəyyən edilməsi, Abşeron rayonu, Masazır qəsəbəsi, döngə 9 ünvanında yerləşən fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərcin ½ hissəsinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X34, xx.xx.2011-ci il təvəllüdlü X37 və xx.xx.2011-ci il təvəllüdlü X27 adlı 3 övladları doğulmuşdur. Onlar birgə nikah dövründə birgə gəlirləri hesabına ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini tikmiş, evi təmir etdirərək, evdə yaşamışlar. Övladları ilə birlikdə sözgedən fərdi yaşayış evində bir müddət mehriban yaşamışlar. Onlar sözügedən evdə bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətləri soyumuş, aralarında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Belə ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X16, xx.xx.2011-ci il təvəllüdlü X21 və xx.xx.2011-ci il təvəllüdlü X13 analarının yanında qalması qət edilmişdir. Daha sonra Zəngilan Rayon Məhkəməsinin 2(034)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X37 anası Cavabdeh himayəsindən alınaraq atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. Onlar birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini əldə etmişlər. Aralarında olan nikahın məhkəmə qaydasında pozulmasına baxmayaraq, cavabdeh onların birgə nikah dövründə birgə gəlirləri hesabına tikilmiş evi dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq tərk etməmişdir. Ona görə də o, hazırda birgə nikah dövründə birgə gəlirləri hesabına tikdirdikləri fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin ½ hissəsini cavabdehdən tələb etmək niyyətindədir. Belə ki, sözügedən fərdi yaşayış evinin tikintisi və torpaq sahəsinin alınması onların birgə nikah dövründə birgə gəlirləri hesabına tikdirmişlər. Ona görə də o, hazırda birgə nikah dövründə fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin ½ hissəsini cavabdehdən tələb edir. O, azyaşlı övladı ilə kirayədə yaşayır, başqa yaşayış yeri yoxdur. Birgə nikah dövründə tək o, işlətdiyinə görə cavabdehə münasibətdə daha çox qazanc əldə etmiş və təbii ki, bu səbəbdən onun ailə büdcəsinə xeyri də artıq olmuşdur. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin inşasına nəzarəti də məhz o həyata keçirmiş, ustalara tikiləcək evlərin sxemini məhz o, vermiş, usta və fəhlələrin əl haqqını da məhz o, ödəmişdir. Bütün bu hallar evlərin tikintisini həyata keçirən usta və fəhlələrin əl haqqını da məhz o, ödəmişdir. Bütün bu hallar evlərin tikintisini həyata keçirən usta və fəhlələr də şahid kimi təsdiq edə bilərlər. Mübahisəli evin inşası və təmiri başa çatdıqdan onun tərəfindən alınan ev əşyaları yerləşdirildikdən sonra onlar həmin evdə yaşamışlar. Onlar birgə nikah dövründə birgə vəsait hesabına ünvan 2 ünvanında heç bir hüquqmüəyyənedici sənədi olmayan birmərtəbəli fərdi yaşayış evini inşa etmişlər. Hazırda onunla cavabdehin nikahları pozulmuş, ayrı yaşayırlar. Sözügedən fərdi yaşayış evindən isə cavabdeh istifadə edir, həmin ev cavabdehin faktiki sahibliyi və istifadəsindədir. Hesab edir ki, mübahisəli hər iki fərdi yaşayış evinin inşa edilməsinə sərf olunmuş pul vəsaitinin ½ hissəsi Cavabdeh tutularaq ona ödənilməlidir. Cavabdeh iddia ərizəsinə etirazla Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı “torpaq sahəsinə dair payların müəyyən edilməsi və evin inşasına çəkilən xərcin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsi üzərində tərəflərin ½ hissədə paylarının müəyyən edilməsi, Abşeron rayonu, Masazır qəsəbəsi, döngə 9 ünvanında yerləşən fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərcin ½ hissəsinin ondan alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edir ki, iddiaçının iddiası əsassızdır və o təmin edilə bilməz. İddiaçı göstərmişdir ki, birgə nikah dövründə birgə gəlirləri hesabına Abşeron rayonu, Masazır qəsəbəsi, döngə 9 ünvanında yerləşən torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evini tikmiş, evi təmir etdirərək, övladları ilə birlikdə sözügedən fərdi yaşayış evində bir müddət mehriban yaşamış, sözügedən evdə bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətləri soyumuş, aralarında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuş, onu dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, o, həmin yaşayış evini tərk etməmişdir. Buna görə də iddiaçı hazırda birgə nikah dövründə birgə gəlirləri hesabına əldə etdikləri torpaq sahəsi üzərində ½ paylarının müəyyən edilməsi, həmçinin həmin torpaq sahəsi üzərində inşa etdikləri fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərclərin ½ hissəsinin ondan tələb etmək niyyətindədir. Sözügedən torpaq sahəsi Masazır Bələdiyyəsinin sərəncamı ilə 2005-ci ildə X4 fərdi ev tikmək üçün verilmiş və həmin torpaq sahəsi 0.06 ha təşkil edir. Həmin torpaq sahəsinin 0.04 ha sahəsini X8 istifadə etmək üçün onun rəhmətlik atasına vermişdir. Amma torpağın mülkiyyətçisi X8 olmuşdur. Sonradan atası ilə aralarında olan danışıqlara əsasən X8 tərəfindən həm ona, həm də iddiaçıya 0.04 ha torpaq sahəsinə dair etibarnamə verilmişdir. Torpağın mülkiyyətçisi X8 hazırda rəhmətə getmişdir. 0.04 ha torpaq sahəsi onlara verilən zaman o, iddiaçı ilə rəsmi nikah münasibətlərində olmuş, aralarında olan nikah isə məhkəmə qətnaməsi ilə xx.xx.2013-cü ildə ləğv edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə bütün xərclər məhz onun tərəfindən ödənilməmişdir. Bütün bunların hamısı yalandır və iddiaçı yalnız evin inşasına nəzarət etmişdir. Amma evin tikintisinə, təmirinə iddiaçı tərəfindən hər hansı bir maddiyyat belə ödənilməmişdir. Evin inşasına və təmirinə çəkilmiş bütün xərcləri o çəkmişdir. Banklardan öz adına kredit götürərək evi təmir etdirmişdir. Bu günkü günə kimi də banklara kredit ödəyir. Evin inşasına və təmirinə çəkdiyi bütün xərcləri orada yaşayan qonşuları da təsdiq edə bilərlər. İddiaçı onu uşaqları ilə birlikdə sözügedən fərdi yaşayış evindən qovmuş, o, evə məhkəmə qətnaməsi ilə köçürülmüşdür. Digər tərəfdən məhkəmənin diqqətinə çatdırır ki, keçmiş həyat yoldaşının ona 24.000 manat məbləğində aliment borcu olmuş və həyat yoldaşı həmin borcu ödəyə bilmədiyi üçün ona təklif etmişdir ki, o, aliment borcundan imtina etdiyi halda, onun da bu evə dair gələcəkdə hər hansı bir tələbi olmayacaqdır. Abşeron rayonunda 1 saylı notariat ofisində iddiaçı ilə aralarında onun aliemntdən imtina etməsi, iddiaçının da bu evə dair gələcəkdə hər hansı bir tələbinin olmaması ilə bağlı müqavilə bağlanmışdır. Hazırda iddiaçının ona qarşı belə iddia qaldırması əsassızdır. Bundan başqa, fərdi yaşayış evinin bütün kommunalları keçmiş həyat yolaşının adına rəsmiləşdirilsə də, hazırda həmin ödənişlərini o ödəyir. Bundan başqa, o, iddiaçı ilə birgə nikah dövründə avtomobil də əldə edilmişdir. Hesab edir ki, əgər iddiaçı ona qarşı belə bir iddia tələbi irəli sürürsə, o, da birgə nikah dövründə əldə etdikləri avtomobilin bölünməsini, eyni zamanda, 24.000 manat məbləğində aliment borcunun ödənilməsini tələb edir. Sözügedən mənzildə o, qızları ilə birlikdə yaşayır. Evin bütün tikinti-təmir işlərinin xərclərini o ödəmiş, iddiaçı yalnız evlə bağlı aparılan işlərə nəzarət etmişdir. İddiaçı tərəfindən evə dair heç bir xərc çəkilmədiyi, notarial formada gələcəkdə evə dair hər-hansı bir tələbinin olmadığı halda, sözügedən evdən payının müəyyən edilməsini və heç bir xərc çəkmədiyi halda evə çəkilmiş xərclərinin yarısını tələb etməsi insanlığa və qanuna sığmır. Cavabdeh sonda etirazında iddia tələbinin əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddia müddətinin tətbiq edilməsi və İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ev, işıq və su onun adınadır. O, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2005-ci ildə X34, xx.xx.2011-ci ildə X37 və xx.xx.2011-ci ildə X27 adlı övladları olmuşdur. Onlar birgə nikah dövründə birgə gəlirləri hesabına ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində bir müddət mehriban yaşamışlar. Sözügedən evdə bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətləri soyumuş, aralarında olan nikah məhkəmə qətnaməsi ilə xx.xx.2013-cü ildə pozulmuş, xx.xx.2005-ci il təvəllüdlü X17, xx.xx.2011-ci il təvəllüdlü X21 və xx.xx.2011-ci il təvəllüdlü X13 analarının yanında qalmaları qət edilmiş, daha sonra Zəngilan Rayon Məhkəməsinin 2(034)-223/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X37 anası Cavabdeh himayəsindən alınaraq ona verilmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini əldə etmişlər. Nikahın pozulmasına baxmayaraq, cavabdeh tərəflərin birgə nikah dövründə birgə gəlirləri hesabına tikilmiş evi dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq tərk etməmişdir. Ona görə də hazırda birgə nikah dövründə birgə gəlirlər hesabına tikdikləri fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin ½ hissəsini tələb edir. Torpağı 2005-ci ildə 3 illik müqavilə əsasında almışlar. 2008-ci ildə müqavilənin müddətinin bitməsini bilmiş və həmin ildə torpağı yenidən həmin şəxsdən almışlar. Evin tikintisinə 2008-ci ildən başlamış və 120 kvadrat metrlik ev tikmişlər. Evi özü tikmiş, hər bir şəraitini etmiş və kombi sistemi belə çəkmişdir. 2010-cu ildə isə artıq ev hazır olmuşdur. O, “AKABE” şirkətində işləmiş, aylıq gəliri 2000-3000 manat təşkil etmiş və işlədiyi vaxtda evinin təmirini etmişdir. Cavabdeh həmin dövrdə 82 manat maaş almışdır. 2013-cü ildə Zəngilanda məcburi köçkünlərə ev veriləcəyinə görə cavabdeh ondan boşanmış və bir evdə yaşamışlar. 2013-cü ildə boşanan zaman cavabdeh ondan heç nə tələb etməmiş, sadəcə aliment hissəsinə 40 manat yazılmışdır. 2020-ci ildə cavabdeh evdən çıxmış, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə evə köçürülmüş və o da 2021-ci ildə sözü gedən evdən çıxmışdır. 2022-ci ildə oğlu Dəmirli Rauf anasının yanından çıxaraq yaşamaq üçün onun yanına gəlmişdir. Oğlu halhazırda onunla Xırdalanda birlikdə kirayədə yaşayırlar. Məhkəmədən oğluna düşən payı istəyir. Valideyni Şamaxıda yaşayır. Cavabdehlə aralarında Abşeron rayon notariusunda heç bir razılaşma olmamışdır. Cavabdeh notariusda alimentdən imtina etmişdir. O, 2021-ci ildə sözü gedən evdən çıxmışdır. Bu vaxta kimi məhkəməyə müraciət etməməsinin səbəbi oğlunu qətnamə ilə anadan alınaraq himayəsinə verilməsini gözləmək olmuşdur. O, cavabdehdən 10.000 manat pul almamışdır. Onun cavabdehlə razılığa gəlmə səbəbi oğlunun həmin evdə yaşaması olmuşdur. İddiaçı ona 9900 manat məbləğində pul verilməməsini, şahidin yalan danışmasını, 2021-ci ildə notariusla bağlı suala isə cavab vermək istəməsini bildirmişdir. Sonda iddiaçı məhkəmədən iddia tələbinin təmin olunmasını, ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, sözü gedən torpaq sahəsi Masazır Bələdiyyəsinin sərəncamı ilə 2005-ci ildə X6 fərdi ev tikmək üçün verilmiş və həmin torpaq sahəsi 0,06 ha təşkil edir. Həmin torpaq sahəsinin 0,04 ha sahəsini X8 istifadə etmək üçün onun rəhmətlik atasına vermişdir. Amma torpağın mülkiyyətçisi X8 olmuşdur. Həmin torpaq sahəsi sərəncamla onlara verilən zaman iddiaçı ilə o, rəsmi nikah münasibətlərində olmuşlar. O, iddiaçıya evdən çıxanda 10.000 manat pul vermiş, 24.000 manat aliment borcu yığıldığı üçün notariusa gedərək hər ikisi razılığa gəlmişlər. İddiaçı öz ərizəsində onunla barışmasını, ona qarşı heç bir iddiasının, şikayətinin olmamasını və olmayacağını bildirmişdir. O, İddiaçı ilə 2004-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2005-ci ildə X35, xx.xx.2011-ci ildə X37 və xx.xx.2011-ci ildə X27 dünyaya gəlmişlər. Torpağı qızının anadan olmasına görə atası onara hədiyyə alıb vermişdir. Atası torpağı onlara 3 illik sərəncamla almışdır. X12 atası almışdır. Torpağa dair verilmiş sərəncamın müddəti bitdiyi üçün iddiaçı torpağı öz adına keçirdiyindən, o, da gedib Hacıyev Sədrəddinə necə torpağı qarşı tərəfin adına keçirməsini bildirmiş, bundan sonra Sədrəddin Hacıyev torpağa dair onun adına yenidən 30 illik müddətinə sərəncam vermişdir. 2013-cü ildə qarşı tərəflə aralarında məhkəmə qətnaməsi ilə boşanma olmuşdur. O, evin qarşılığında iddiaçının ona olan 23.000 manat məbəlğində aliment borcundan imtina etmiş, həmçinin 10.000 manat pul vermiş, bu barədə hər ikisi notariusda razılığa gəlmişlər. Onun qarşı tərəfin gəlib evdə qalmasına heç bir narazıçılığı yoxdur. Pandenemiya vaxtı hamı evdə oturanda o, əziyyəti ilə pul qazanmış, qarşı tərəf ondan prokrorluğa yalan məlumat verməklə həbs etdirmək istəmişdir. 2013-cü ildə boşanandan sonra həmin evdə uşaqlar, o və qarşı tərəf qalmışdır. İddiaçıya aliment borcuna görə 15 gün həbs verilmişdir. Abşeron rayon notariusunda onun alimentdən, iddiaçının isə evdən imtina etməsi barədə razılığa gəlmişlər. Hal-hazırda torpaq sahəsi X3 adınadır və o, da rəhmətə getmişdir. 10.000 manat pulu cavabdehə 2021-ci ilin avqust ayında vermişdir. 2013-cü ildə rəsmi olaraq boşandıqdan sonra iddiaçı ilə ər arvad kimi bir yerdə yaşamamışlar. 2013-cü ildən bu vaxta kimi iddiaçı evlə bağlı məhkəməyə müraciət etməmişdir. Sonda cavabdeh məhkəmədən iddia müddətinin keçməsi ilə bağlı iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X10 artıq uzun müddətdir ki, tərəflərin nikahının pozulmasını, bu vaxta kimi iddiaçının evlə bağlı heç bir yerə müraciət etməməsini bildirərək, məhkəmədən iddia müddətinin keçməsi ilə bağlı iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, tərəflərlə heç bir qohumluq əlaqəsi yoxdur. Rahim ilə o, orta məktəbdə bir sinifdə oxumuşlar. Evin tikintisində, təmirində hər bir şeyində o, iştirak etmiş ev 2007-2008-ci illərdə tikilmişdir. Evin fundamentinin qazılmasından, laklanıb təhvil verilməsinə kimi o, iştirak etmişdir. Ev 3 otaqlı, 11-11-ə, yəni 120 kv.m olmuşdur. Evin sənədi bələdiyyə sənədi olmuşdur. Torpağı alanda o, Rahim, Elxan, cavabdehin atası və anası olmuşlar. Adamı Elxan tapmış, torpaq 6 sot olmuş, onun 4 sotunu Rahim, qalan 2 sotun isə Elxan özü almışdır. Dəfələrlə tərəflərin ailəsini barışdırmış, ailənin dağılmasını istəməmişdir. Tərəflərlə 2020-ci ilə kimi ailəvi dost olmuşlar, birbirlərinin evinə gedib-gəlmişlər. Rahimin aylıq maaşı 500 manat olsa da, əlavə gəliri də olmuşdur. Uşaqları Sahildə məktəbdə oxumuşlar. Torpaq alınanda tərəflər kirayədə qalırdılar. Pulu Rahim ona vermiş, o, da sayıb torpağı satan şəxsə vermişdir. Torpağın 2 sotunun pulunu Rahim qalan 2 sotunun pulunu isə cavabdehin valideyinləri almışdır. Torpaq 5 illik sərəncamla alınmışdır. Alimentlə bağlı məlumatı olmamışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, tərəfləri Papanin qəsəbəsi deyilən yerdə kirayə qalan vaxtdan tanımış, onlarla heç bir qohumluq əlaqəsi yoxdur. Rahimi 15 ildir ki, tanıyır. Ev tikilən vaxt o, da evin tikintisində iştirak etmişdir. Evin tikildiyi il yadında deyil, polis işldiyi vaxtlarda iş günü olmayan vaxtda evin tikintisinə köməklik etmişdir. Evi Rahim özü tikmişdir. Ev 2009-2010-cu ildə tikilmiş, 1 mərtəbəli 4 otaqdan ibarət olmuşdur. Tərəflərin boşanması evə görə olmuşdur. Məhkəmə iclasında cavabdehin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, orqanda işləyib təqaüdə çıxandan sonra nümayəndə kimi fəaliyyət göstərmiş və cavabdehin nümayəndəsi olmuşdur. Cavabdehlə heç bir qohumluq əlaqələri olmamışdır. Cavabdehin alimentlə bağlı problemləri olduğu üçün o, həmin işdə nümayəndə olmuşdur. Alimentin artırılması ərizəsini cavabdehə o, yazmış, işə Zəngilan Rayon Məhkəməsində baxılıb təmin olmuşdur. Naidə 2021-ci ilin sentyabr ayında ona zəng vuraraq iddiaçı ilə öz aralarında razılığa gəlməsini bildirmişdir. İddiaçı cavabdehin ona 10.000 manat pul verməsini və 23.000 manat alimentdən imtina etməsi qarşılığında evdən imtina edəcəyini bildirmişdir. O, Naidəyə bunun ciddi iş olmasını və notariusa gedərək ərizə yazmasını bildirmişdir. Saziş hazırlamış, onun vaxtı olmadığı üçün notariusa gedə bilməmişdir. Rahimin özü gəlmiş, ona flaşkart və ərizəni vermişdir. Sonra Naidə ilə əlaqə saxlamış, Naidə ona bildirmişdir ki, 10.000 manat pulu verən zaman Rahimə heç bir sənədə imza etdirməmişdir. O, Naidəyə həmin pulun batmasını bildirmişdir. Torpağı cavabdehin atası alıb onlara vermişdir. O, iddiaçını həmin evdə görməmişdir. Flaşkartıda hələ indiyə qədər iddiaçıda qalmış, onu qaytarmamışdır. O, cavabdehin ailəsini əvvəldən tanıyır, tərəflərin boşanma tarixini dəqiq bilmir. Məhkəmə qətnaməsi ilə aliment kəsilmiş, amma iddiaçı alimenti verməmişdir. Məhkəmə iclasında cavabdehin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X28 ifadəsində bildirmişdir ki, tərəflər qardaşının qızı və onun keçmiş həyat yoldaşıdır. Tərəflər ailəli olan zaman kirayədə qalmışlar. Qardaşı Sovet ona zəng vuraraq Xırdalanda torpaq sahəsi satılmasın, bir yerdə gedib torpağa baxmaqlarını bildirmişdir. Torpağı alanda qardaşı öz adına sərəncamla almışdır. Qardaşı torpağı almaq üçün 3000 manat pul yığmışdır. Tərəflər sonradan yola getmədikləri üçün nikahları pozulmuşdur. Naidə ona bildirmişdir ki, Rahimə gedib özünə ev-eşik etməsi üçün 10.000 manat pul vermişdir. Tərəflər çoxdan boşanmış, tarixi isə yadında deyildir. Məhkəmə iclasında cavabdehin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X29 ifadəsində bildirmişdir ki, cavabdeh onun bacısıdır. Bacısı ona bildirmişdir ki, Rahim deyir ki, o, alimentdən imtina etsin, onun da ev iddiası olmayacaqdır. Bacısı notariusda alimentdən, Rahimdə evdən imtina etmişdir. Onlar bacılarına Rahimə 10.000 manat pulu sənədlə verməsini başa salsalar da, bacısı 10.000 mana pulu Rahimə sənədsiz vermiş, pulu verəndə qızları Aiişə yanlarında olmuşdur. Bacısının hansı ildə ailə qurması və hansı ildə boşanması tam yadında deyildir. Boşanmalarının səbəbi isə tərəflərin tez-tez dava-dalaş etmələri və heç cür yola getməmələri olmuşdur. Məhkəmə iclasında cavabdehin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, cavabdeh tərəf onun qonşusudur. O, neçə illərdir ki, Naidə ilə qonşuluqda yaşayır. Cavabdeh öz əziyyəti ilə evini tikib balalarını böyütmüşdür. Cavabdeh o, evdə iddiaçı ilə az müddət yaşamışdır. Torpağı Naidənin atası öz pulu ilə qızına almışdır. Rahim heç vaxt Naidəyə aliment ödəməmişdir. Həftədə iki dəfə cavabdehin evinə gedib- gəlmişdir. O, Rahimin o evdə yaşamasını görməmişdir. O, 10 ildən çoxdur ki, Naidə ilə qonşudur. Rahim uşaqlarına atalıq etməmişdir. O, 14 ildir ki, Xırdalanda yaşayır. O, həmin evə gələndə iddiaçını orada görməmişdir. Uşaqlar ağlayırdılar ki, ataları onlara baxmır. Məhkəmə iclasında cavabdehin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X23 ifadəsində bildirmişdir ki, tərəflərlə qonşudurlar. Torpaq 6 sot olmuş, həmin torpağı o, tapmışdır. Torpağın 2 sotunu o, almış, 4 sotunu isə Əlibaba demişdir ki, dostu var, həmin torpaq sahəsini dostu istəmiş və onlar almışlar. Əlibaba ona bildirmişidir ki, pulu Naidənin anası vermişdir. Ümumi 6 sot torpaq olmuş, 2 sotunu o, 4 sotunu isə Naidəgil almışlar. Torpağın sotunu 8 dollara almışlar. Torpağın alqı-satqı söhbətində makler, Rahim, Əlibaba və o, olmuşdur. Pulu maklerə vermişlər. O, torpaq üçün maklerə 200 dollar vermişdir. Torpağın alqı-satqısında Naidə yox, onun valideynləri orada olmuşlar. O, həmin evdə usta kimi işləmişdir. Məhkəmə iclasında cavabdehin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X34 ifadəsində bildirmişdir ki, tərəflər onun valideyinləridir. Atasının aliment borcu olmuş, atası aliment borcuna görə tutulurmuş, lakin anası evin qarşılığında 23.000 manat aliment borcundan notariusda imtina etmiş və 10.000 manatda onun yanında atasına pul vermişdir. 2021-ci ilin avqust ayında onlar Abşeron Rayon Məhkəməsinin qərarı ilə evə köçürülmüşlər. Torpağı onlara babası almış, evin tikintisində hər iki valideyninin əziyyəti olmuşdur. Atasına Sofiya restoranın yanında 9.900 manat pul vermiş, atası hətta orda «100 manatı da sənə görə keçirəm» demişdir. Anası da bankdan 2019-cu ildə 6000 manat pul götürüb atasına vermiş, onun bank borcunuda anası qaytarmışdır. 2021-ci ilin avqust ayından atası sözü gedən evdə yaşamır. Anası ilə atası 2013-cü ildə boşanmış, boşanandan sonra atası zalda olan divanda, anasi isə onlarla birlikdə yataq otağında yatırdılar. Valideyinləri boşanandan sonra birgə təsərrüfat aparmamışlar. Atası evlə bağlı mübahisəni 2024-cü ildə qaldırmışdır. Məhkəmə iclasında cavabdehin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X30 ifadəsində bildirmişdir ki, tərəflər qızı və keçmiş kürəkənidir. Qızı ailəsi ilə kirayədə qalmışdır. Torpağı Əlibabanın vasitəsi ilə həyat yoldaşı tapmışdır. Pulu yoldaşı qaynına saxlmaq üçün vermşdir. Torpağı qızının ailəsinə yoldaşı alıb vermişdir. Ev onun yoldaşının pulu ilə tikilmişdir. Qızının boşanma tarixi yadında deyildir. Yoldaşı torpağa 3000 manat pul verib almışdır. Torpağı alanda Əlibaba, o, Rahim və yoldaşı olmuşdur. Məhkəmə iclasında cavabdehin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, tərəfləri Papanin deyilən ərazidə kirayə qalan vaxtlardan tanımışdır. 2020-ci ildə onun qardaşı döyüşdə yaralandığı üçün Naidə xanımdan 4500 manat borca pul almışlar. Naidə xanım anası ilə əlaqə saxlayaraq bildirmişdir ki, keçmiş həyat yoldaşı evə görə ondan 10.000 manat pul istəyir. Anası da 4500 manat aldığı borcu və 1800 manatda əlavə köməklik etmişdir. Ümumlikdə Naidə xanıma 6300 manat pul vermişlər. 6300 manat pulu o, 3 mikrorayonda Sofiya restoranının yanında Naidəyə vermiş, o, da pulu sayıb Rahimə vermişdir. Rahimə pul verən zaman maşında Aişədə olmuşdur. O, 6300 manat pulu verib getmiş, sonradan Naidənin Rahimə nə qədər pul verməsini görməmişdir. Məhkəmə iclasında cavabdehin şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, tərəflərlə 14 ildir ki, qonşudurlar. O, oraya köçəndə ev tikili olmuşdur. O, haqda heçnə deyə bilmir. Ayda bir dəfə Naidənin evinə gedirmiş, Naidənin evi və ailəsi üçün çox əziyyət çəkməsinin şahidi olmuşdur. 5 ildən çoxdur ki, Rahim sözü gedən evdə yaşamır. Naidənin keçmiş həyat yoldaşı evdə olanda o, onlara getməmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini, iddia ərizəsini, toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu, X15 24 iyul 2004-cü il tarixli, 51 nömrəli “vətəndaşlara fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması haqqında” sərəncamın surətindən görünür ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə “Torpaq islahatı haqqında” və “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Prezidentinin 1997-ci il 10 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqısatqı qaydaları»na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 1998-ci il tarixli, 158 nömrəli qərarına müvafiq olaraq vətəndaşların mənzil şəraitlərini yaxşılaşdırmaq məqsədilə Masazır Bələdiyyə torpaqlarından X4 0.06 ha torpaq sahəsi ayrılmış və vətəndaşa fərdi yaşayış evi tikməyə icazə verilmişdir. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, X2 Rahim Əlağa oğluna Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.05 ha torpaq sahəsindən 0.04 ha torpaq sahəsinin və gələcəkdə tikilicək tikilinin üzərinə 30 il müddətinə etibarnamə vermişdir. İş materiallarında olan Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞC/MT020\2024-00828 nömrəli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı notariat ofsinin xüsusi notariusu X25 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5125 nömrəli məktubdan görünür ki, İddiaçı ilə X31 arasında bağlanmış müqavilələr barədə məlumat 2018-2024-cü illər üzrə Abşeron rayon 1 saylı notariat ofisinin Elektron Notariat sistemində aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş “Elektron notariat” X1 Çıxarışından görünür ki, Abşeron rayon 1 saylı notariat ofisində Cavabdeh iştirakı ilə sənədlərdə imzanın həqiqiliyinin təsdiq edilməsi ilə bsğlı notariat hərəkəti aparılmış, notariat hərəkəti «Mən yazıb bildirirəm ki, İddiaçı tərəfindən mənə olan aliment borcu tamamilə ödənilmiş, övladlarımın yetkinlik yaşlarına çatana qədər heç bir aliment iddiası qaldırmayacam, yazılanların doğruluğunu öz imzamla təsdiq edirəm” məzmununda olmuşdur. İş materiallarına əlavə olunmuş “Elektron notariat” X1 Çıxarışından görünür ki, Abşeron rayon 1 saylı notariat ofisində İddiaçı iştirak ilə sənədlərdə imzanın həqiqiliyinin təsdiq edilməsi ilə bsğlı notariat hərəkəti aparılmış, notariat hərəkəti “ Mən, yazıb bilirirəm ki, Cavabdeh ilə barışmışam, Cavabdeh qarşı heç bir iddia, şikayətim, tələbi yoxdur və olmayacaqdır, yazılanların doğruluğunu öz imzamla təsdiq edirəm” məzmununda olmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 3038/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh övladları-20 iyun 2005-ci il təvəllüdlü X34, 17 oktyabr 2011-ci il təvəllüdlü X38 və 17 oktyabr 2011-ci il təvəllüdlü X27 ilə birlikdə cavabdeh İddiaçı yaşadığı ünvan 2-da yerləşən sənədsiz, özbaşına tikilmiş evə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Rspublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən məhkəməyə ünvanlanmış 07 yanvar 2025-ci il tarixli, 3-21-3-02/2- 110/2025 nömrəli məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən evin ünvanı 9evin nömrəsi) dəqiq qeyd edilmədiyi üçün sözügedən fərdi yaşayış evinin kimə məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı notariat ofsinin xüsusi notariusu X25 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 537 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair ünvan 4tləri rəsmiləşdirilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuş, birgə nikahından onların xx.xx.2005-ci il təvəllüdlü X34, xx.xx.2011-ci il təvəllüdlü X37 və xx.xx.2011-ci il təvəllüdlü X27 adlı üç övladları doğulmuşdur. Lakin tərəflərin ailə münasibətləri alınmadığından aralarında olan nikah Zəngilan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Tərəflər nikah dövründə birgə gəlirləri hesabına ünvan 2 ünvanında yerləşən torpaq sahəsi əldə etmiş, torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmiş, evi təmir etdirərək övladları ilə birlikdə sözügedən fərdi yaşayış evində yaşamışlar. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında, eyni ilə də onun vəsatəti əsasında dindirilmiş şahidlər də ifadələrində həmin torpaq sahəsinin tərəflərin birgə vəsaitləri hesabına əldə olunmasını, lakin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin iddiaçı tərəfindən inşa və təmir olunmasını bildirsələr də, cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda, məhkəmə iclasında vermiş olduğu izahatında, həmçinin onun şifahi vəsatəti əsasında dindirilmiş şahidlər də ifadələrində mübahisəli torpaq sahəsinin cavabdehin atası tərəfindən alınıb onlara verilməsi, inşa edilmiş fərdi yaşayış evinin tikintisinə, təmirinə xərcin cavabdeh tərəfindən çəkilməsini, iddiaçının isə yalnız tikintiyə nəzarət etməsini, həmin evdə cavabdehin uşaqları ilə birlikdə yaşamasını, iddiaçının isə orada yaşamamasını bildirmişlər. Araşdırma zamanı o da, məlum olmuşdur ki, Abşeron rayon 1 saylı notariat ofisində cavabdeh iddiaçının 23.000 manat məbləğində aliment borcundan imtina etməsi, iddiaçının isə cavabdehə qarşı heç bir iddia, şikayət və tələbinin olmaması barədə aralarında notarial qaydada razılıq əldə etmələrinə baxmayaraq, iddiaçı cavabdehə qarşı fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsi üzərində ½ hissədə payların müəyyən edilməsi, fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərcin ½ hissəsinin alınaraq ona ödənilməsini tələb edir. Araşdırma zamanı cavabdeh iddiaçı ilə aralarında olan nikah münasibətlərinin 2013cü ildə məhkəmə qətnaməsi ilə ləğv edildikdən sonra iddiaçı ilə ər-arvad kimi bir yerdə yaşamadıqlarını, bu vaxta kimi iddiaçının evlə bağlı heç bir yerə müraciət etməməsini, iddia müddətinin keçməsini bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iddia müddətinin hazırki mübahisəyə tətbiq edilib-edilməməsi ilə bağlı qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Belə ki, məhkəmə iclasında tərəflərin verdiyi izahatları ilə onların birgə nikah dövründə torpaq sahəsi alaraq ev tikdirməsi tam sübuta yetirilmiş, tərəflər arasında bağlanmış nikah 2013-cü ildə Zəngilan Rayon Məhkəməsinin qətnaməsi ilə pozulduqdan sonra tərəflər bir müddət birgə təsərrüfat aparmadan mübahisəli fərdi yaşayış evində yaşamış, sonradan iddiaçı cavabdehi uşaqları ilə birgə yaşadıqları həmin yaşayış evindən çıxarmışdır. 2021-ci ildə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh üç övladı ilə birlikdə mübahisəli ünvan 2 ünvanında yerləşən, sənədsiz, özbaşına tikilmiş evə köçürüldükdən sonra iddiaçı həmin evdən çıxmışdır. İddiaçı cavabdehlə aralarında olan nikahın pozulduğu 2013-cü il tarixdə evin mübahisəli olduğunu bilməsini, özünün dediyinə görə cavabdehin uşaqlarla birlikdə 2021-ci ildə məhkəmə qətnaməsi ilə fərdi yaşayış evinə köçürülməsindən sonra həmin evdən çıxmasını, həmçinin 2021-ci ilin sentyabr ayında mübahisəli fərdi yaşayış evinə dair cavabdehlə aralarında notariat qaydasında razılaşmaları nəzərə alındığı halda, iddiaçı mübahisəli torpaq sahəsinə və onun üzərində özbaşına tikilmiş evə çəkilmiş xərclərin bölünməsi və ya evin bölünməsinə dair məhkəməyə vaxtında müraciət etməməklə qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1 nömrəli Qərarı: 9.1. Ailə qanunvericiliyi pozulmuş hüquqların müdafiəsi üçün Ailə Məcəlləsində müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddətinin şamil edilmədiyi barədə qayda nəzərdə tutur (8.1-ci maddə). Məcəllə ailə münasibətlərindən irəli gələn yalnız ər-arvadın ümumi əmlakının bölünməsi tələblərinə iddia müddətinin tətbiqini mümkün sayır və Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən bu müddət 3 il təşkil edir. İddia müddətini müəyyən edən bu norma Mülki Məcəllədə nəzərdə tutulmuş qaydalara əsasən tətbiq edilir (Ailə Məcəlləsinin 8.2-ci maddəsi). 9.3.“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 2019-cu il 29 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. 9.4. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq, müvafiq nəticəyə gəlməlidirlər. Məsələyə başqa cür yanaşma, yəni nikah dövründə ər-arvadın əldə etdiyi ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımının nikah pozulduğu andan hesablanması ər-arvadın ümumi əmlakla bağlı mülkiyyət hüquqlarının realizə imkanlarının qeyri-mütənasib və qanunvericiliyin mahiyyətinə zidd məhdudlaşdırılmasına səbəb olardı. 9.5. Beləliklə, ər-arvadın əmlak bölgüsünə dair mübahisələrə baxarkən məhkəmələr nəzərə almalıdır ki, belə mübahisələr üzrə hər bir halda nikahın pozulması ilə iddia müddətinin axımı başlanmır. Məsələn, nikah pozulduqdan sonra keçmiş ər-arvad ümumi əmlakdan birlikdə istifadə etməyə davam edirlərsə, yaxud ər (arvad) ümumi əmlakın mövcudluğu barədə məlumatsızdırsa, iddia müddəti ər-arvaddan biri tərəfindən digərinə mübahisəli əmlaka münasibətdə öz hüquqlarını həyata keçirməyə maneə yaratdığı gündən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsi üzərində ½ hissədə payların müəyyən edilməsi, fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərcin ½ hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iddiası, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsi üzərində ½ hissədə payların müəyyən edilməsi, fərdi yaşayış evinin inşasına və təmirinə çəkilmiş xərcin ½ hissəsinin cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zəngilan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülsarə İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar