Məhkəmə qərarları › İş №2(035)-100/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-100/2025

27.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-100/2025 27.01.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi ”nə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) X5 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçının nümayəndəsi vəkil-Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən azyaşlı övladları xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün 2024-cü ilin sentyabr ayının 15-dən başlayaraq hər ay 235 manat aliment, Ahunun üç yaşınadək baxılması üçün hər ay 150 manat pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahlarını xx.xx.2021ci il tarixdə rəsmiləşdirməklə ailə qurmuş, birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Cavabdehlə mübahisələri adətən cavabdehin məsuliyyətsizliyi ucbatından olmuş, ailəsini və uşağını saxlamaq sorumluluğunu öz çiyinlərinə heç vaxt götürmək istəməyən cavabdeh üstəlik onu da onun saxlamağını, bütün problemlərini də onun həll etməyini istəyir. Bütün məsuliyyət özünün və valideynlərinin üzərində qalır. Cavabdehlə onlarınki heç cür alınmayacaq. O, dəyişən deyil. Çünki dəfələrlə bu barədə söhbətləri olmuş, valideynləri onu hər cür yardım əllərini uzatdıqca, cavabdeh onları ailə yox, ancaq “bank” gözündə görmüş, iki gündən bir şəxsi məsələləri üçün kreditlər götürüb, ona və ailəsinə ödətdirmişdir. Cavabdeh ailə məsuliyyətini hələ yaxşı başa düşməyib. Cavabdehlə ayrı yaşayırlar. Uşaq özünün yanında qalır. Cavabdeh uşaq olandan onun saxlanmasında iştirak etməyi heç vaxt planlaşdırmayıb. Uşağı saxlamaqda ona valideynləri maddi və mənəvi köməklik etsələr də, yenədə uşağı saxlamaqda çətinlik çəkir. Cavabdehlə mediasiya sessiyasında razılaşa bilmədiklərindən mediasiya prosesinə xitam verilmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi vəkil-Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından bir uşaqları xx.xx.2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər 2024-cü ilin sentyabr ayından ayrı yaşayırlar. İddiaçı maddi cəhətdən uşağı saxlamaqda əziyyət çəkir. Cavabdeh müharibə veteranıdır. Bildiyinə görə də işləyir. Ata olaraq cavabdeh uşağın saxlanılmasında iştirak etməlidir. Cavabdeh uşağına könüllü olaraq maddi köməklik etmir. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı ilə nikahlarını xx.xx.2021-ci il tarixdə rəsmiləşdirməklə ailə qurmuş, birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X6 doğulmuşdur. İddiaçı ilə ayrı yaşayırlar. Uşaq iddiaçının yanında qalır. Özü müharibə veteranıdır, 80 manat vəsait alir. Hazırda heç bir yerdə işləmir. Bir valideyin olaraq uşağını saxlamağa borcludur. Uşağın saxlanılması üçün 235 manat aliment ödəməyə etiraz etmir, lakin uşağın 3 yaşınadək saxlanılması üçün 150 manat pulun ödənilməsinə imkanı yoxdur. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X6 doğulmuşdur. İşdə olan mediator X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/1/02121 nömrəli “mediasiya prosesinə xitam verilməsi haqqında” protokoldan görünür ki, İddiaçı ailə mübahisəsi ilə ilkin olaraq mediasiyaya müraciət etsə də, mediator tərəfindən mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 85.1 və 85.1.1-ci maddələrinə görə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında zəruri vəsaitə malik keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. 86-cı maddəsinə görə aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından bir uşaqları xx.xx.2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər 2024-cü ilin sentyabr ayından ayrı yaşayırlar. Tərəflərin arasındakı nikah Zərdab Rayon Məhkəməsinin 2(035)-99/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, xx.xx.2022-ci il təvəllüdlü X3 hazırki iddiaçının (ananın) himayəsində saxlanılması qət edilmişdir. Cavabdeh uşağın saxlanılmasında iddiaçıya maddi köməklik etmir. Məsələ ilə bağlı iddiaçı mediasiyaya müraciət etsədə də, tərəflər qarşılıqlı razılığa gəlməmişlər. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün, həm də, Ahunun 3 yaşına çatanadək baxılması üçün iddiaçının (ananın) özünə Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. İddiaçı cavabdehdən uşağa görə 235 manat aliment tutulmasını və uşağın 3 yaşına çatanadək əlavə 150 manat pul tutularaq onun xeyrinə verilməsini tələb etsə də, cavabdehin geniş maddi imkana, kapitala malik olmasına, mütamadi aylıq qazanca sahib olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşağın və azyaşlı uşağı təkbaşına saxlamağa məcbur olan ananın mənafeyi üstün tutulmalı, onun hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman iddiaçının (ananın) uşağı təkbaşına böyütməsini, həmçinin cavabdehin geniş maddi imkana malik olmamasını, cavabdehin məhkəmə iclasında iddianı qismən qəbul etməsini, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat aliment ödəməyə razı olmasını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1-ci yarımbəndi əlavə edilmiş və 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbini nəzərə almaqla hesab edir ki, xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment, həmçinin Ahunun 3 yaşına çatanadək baxılması üçün İddiaçı xeyrinə 40 manat sabit pul məbləği tutulmalıdır. İddiaçı iddia ərizəsində alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin “alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutulması” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qanunsuzdur və təmin edilməməlidır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçı cavabdehə qarşı əvvəlki dövr üzrə, xx.xx.2024-cü il tarixdən başlayaraq aliment tutulmasını tələb etsə də, aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsində alimentin əvvəlki dövr üçün tutulması nəzərdə tutulsa da, bu norma inperativ deyil, dispozitv norma olduğu üçün həmin normanın tətbiqi məhkəmənin mülahizəsindən asılıdır. Qanunvericilik alimentin tutulma vaxtını inperativ olaraq məhkəməyə müraciət edildiyi vaxtdan müəyyən etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən deyil, iddiaçının alimentin tutulması barədə məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutullmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. Həmin Məcəllənin MPM-nin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 (bir) faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək vəyuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 232 manat x 12 ay =2784 manat, 40 manat x 12 ay=480, 2784+480=3264 manat manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq 52.64 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment, həmçinin Ahunun 3 yaşına çatanadək baxılması üçün İddiaçı xeyrinə 40 manat sabit pul məbləği tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 52.64 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar