Məhkəmə qərarları › İş №2(035)-174/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-174/2025

25.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-174/2025 25.02.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi ”nə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) X7 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən azyaşlı övladları xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə 235 manat, iki uşağa görə 470 manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahlarını xx.xx.2017ci il tarixdə rəsmiləşdirməklə ailə qurmuş, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X9 və 18.09. 2021-ci il təvəllüdlü X8 doğulmuşdur. Ailələrinin maddi vəziyyəti ilə əlaqədar cavabdehlə bir neçə ildir ki, münaqişələri olur. Cavabdehin ailədən kənar “önəmli” xərcləri imkan vermir ki, ailəsinə uşağına baxsın. Cavabdeh onların saxlanma xərclərini təmin edə bilmir. Cavabdehin xeyli miqdarda borcu var, o, ancaq o məsələlərlə məşğul olduğundan onlara nə zamanı, nə də ki, pulu qalır. Övladlarının bütün xərcləri tək onun çiynindədir. Valideynlərinin köməkliyi ilə bu vəziyyətdən çıxmağa çalışır. Artıq bir ildir ki, cavabdehin onlardan xəbəri yoxdur. Uşaqları saxlamaqda çətinlik çəkir. Mediasiya prosesinə xitam verildiyindən Məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, cavabdeh X10 məhkəmə iclasına gəlməmiş, iddiaya qarşı yazılı etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X8 doğulmuşdur. Cavabdehlə nikahları pozulmasa da, cavabdeh vaxtlı-vaxtında evinə gəlmir, ailə ilə maraqlanmır. Valideynlərinin köməkliyi ilə uşaqlarının ehtiyaclarını çətinliklə ödəyir. Cavabdeh hərbi hissədə işləyir, təxminən N manat əmək haqqı alır, lakin uşaqlarına maddi köməklik etmir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X2 arasında xx.xx.2017-ci il tarixdə Zərdab rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 175 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Abbaslı, arvada Abbaslı soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası AA5059465 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X9 və 18.09. 2021-ci il təvəllüdlü X8 doğulmuşdur. İşdə olan mediator X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/1/02321 nömrəli “mediasiya prosesinə xitam verilməsi haqqında” protokoldan görünür ki, İddiaçı ailə mübahisəsi ilə ilkin olaraq mediasiyaya müraciət etsə də, mediator tərəfindən mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından iki uşaqları xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X8 doğulmuşdur. Tərəflərin arasında olan nikah pozulmamışdır. Cavabdeh uşaqların saxlanılmasında iddiaçıya maddi köməklik etmir. Məsələ ilə bağlı iddiaçı mediasiyaya müraciət etsədə də, tərəflər qarşılıqlı razılığa gəlməmişlər. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. İddiaçı cavabdehdən hər uşağa görə 235 manat, cəmi 470 manat alimentin tutularaq onun xeyrinə verilməsini tələb etsə də, məhkəmə iclasında cavabdehin hərbi hissədə işləməsini, aylıq N manat əmək haqqı almasını bildirsə də, cavabdehin mütamadi aylıq qazanca sahib olmasına, geniş maddi imkana, kapitala malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşaqların və azyaşlı uşaqları təkbaşına saxlamağa məcbur olan ananın mənafeyi üstün tutulmalı, onun hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman iddiaçının (ananın) uşaqları təkbaşına böyütməsini, cavabdehin geniş maddi imkana malik olmasına dair işdə sübutun olmamasını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1-ci yarımbəndi əlavə edilmiş və 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbini nəzərə almaqla hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X9 və 18.09. 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,425 misli, cəmi 0,85 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddiaçı iddia ərizəsində alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin “alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutulması” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qanunsuzdur və təmin edilməməlidır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçı cavabdehə qarşı əvvəlki dövr üzrə, xx.xx.2024-cü il tarixdən başlayaraq aliment tutulmasını tələb etsə də, aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsində alimentin əvvəlki dövr üçün tutulması nəzərdə tutulsa da, bu norma inperativ deyil, dispozitv norma olduğu üçün həmin normanın tətbiqi məhkəmənin mülahizəsindən asılıdır. Qanunvericilik alimentin tutulma vaxtını inperativ olaraq məhkəməyə müraciət edildiyi vaxtdan müəyyən etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən deyil, iddiaçının alimentin tutulması barədə məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutullmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. Həmin Məcəllənin MPM-nin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti N manatdan N0 manatadək olduqda dövlət nəfinə 30 manat + N manatdan yuxarı olan iddia qiymətinin 1 (bir) faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək vəyuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 170 manat x 2 = 340 manat x 12 ay = 4080 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq 60.80 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: xx.xx.2025-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan, xx.xx.2018-ci il təvəllüdlü X9 və 18.09. 2021-ci il təvəllüdlü X1 üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.425 misli, cəmi 0.85 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 60.80 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar