Məhkəmə qərarları › İş №2(035)-325/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-325/2024

25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-325/2024 25.04.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə (Açar sözlər: aliment tələbi ) X4 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən övladları xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə sabit pul məbləği şəklində 235 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahlarını xx.xx.2021ci il tarixdə rəsmiləşdirməkli ailə qurmuş, birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdehlə xasiyyətləri tutmadığından ailə münasibətləri dağılmışdır. Artıq iki aydır ki, cavabdehlə ayrı yaşayırlar. Uşaq özünün yanında qalır. Maddi cəhətdən əziyyət çəkir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə ailə qurmuş, nikahlarını xx.xx.2021-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından bir uşaqları-xx.xx.2021-ci il təvəllüdlü X3 doğulmuşdur.Cavabdehlə xasiyyətləri tutmadığından ayrı yaşayırlar. Hazırda nikahlarının pozulmasına dair məhkəmənin icraatında mülki iş vardır. Uşaq özünün yanında qalır. Heç bir yerdə işləmir, uşağın saxlanmasında maddi cəhətdən əziyyət çəkir. İlkin olaraq aliment tələbinə dair mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehlə razılığa gəlməmişlər. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsində cavabdehdən 235 manat aliment tutulmasını xahiş etsəs də, hazırda məhkəmədən Xədicənin yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat aliment tutulmasını və mediasiyaya ödədiyi 100 manat rüsumun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı ilə ailə qurmuş, nikahlarını xx.xx.2021-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından bir uşaqları-xx.xx.2021-ci il təvəllüdlü X3 doğulmuşdur. Hazırda iddiaçı ilə ayrı yaşayırlar, iddiaçı uşaqla birlikdə anasının yanında qalır. Özü Baki şəhərində fəhlə işləyir, cəmi 450 manat əmək haqqı alır, həmin puldan 100 manat kirayə pulu ödəyir, belində qrija olduğundan digər ağır işlər görə bilmir, uşağına da maddi köməkliyini göstərir. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur, buna baxmayaraq uşağın saxlanılması üçün imkanı çatan qədər iddiaçıya maddi köməklik etməsinə etiraz etmir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Ağcabədi regional “ASAN-xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X5 arasında Ağcabədi regional “ASAN-xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikah akt qeydləri kitabında 101 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Əzizov, arvada Əzizova soyadı verilmişdir. İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X3 doğulmuşdur. İşdə olan mediator X2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞŞ/1/MT018/2023- 03042 nömrəli mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki, İddiaçı ailə mübahisəsi (aliment tələbi) ilə mediasiya təşkilatına müraciət etmiş, özü və Cavabdeh mediasiya sessiyasında iştirak etsələrdə, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilməmişdir. 100 (bir yüz) manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2021-ci il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından bir uşaqlarıxx.xx.2021-ci il təvəllüdlü X3 doğulmuşdur. Tərəflər hazırda ayrı yaşayırlar. Hazırda Zərdab Rayon Məhkəməsinin icraatında tərəflərin arasındakı nikahın pozulmasına dair mülki iş var. Uşaq hazırda iddiaçının yanında qalır. Cavabdeh uşağın saxlanılmasında iddiaçıya könüllü olaraq maddi köməklik etmir. İddiaçı uşağın ehtiyacını tam ödəyə bilmir. Məsələ ilə bağlı iddiaçı mediasiyaya müraciət etsədə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, lakin tərəflər qarşılıqlı razılığa gəlməmişlər. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı qismən müdafiə edərək cavabdehdən hər ay 200 manat aliment tutulmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında uşağın saxlanılması üçün iddiaçının tələb etdiyi 200 manat aliment ödəməyə imkanının olmadığını, imkanı çatan qədər uşağına aliment ödəməyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. İddiaçı cavabdehdən uşağa görə 200 manat aliment tutulmasını tələb etsə də, cavabdehin geniş maddi imkana, kapitala malik olmasına, mütamadi aylıq qazanca sahib olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşağın mənafeyi üstün tutulmalı, onun hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman iddiaçının (ananın) uşağı təkbaşına böyütməsini, həmçinin cavabdehin geniş maddi imkana malik olmamasını nəzərə alır. Məhkəmə araşdırması zamanı iddianın rədd edilməsinə əsas ola biləcək hər hansı bir hal müəyyən olunmadı. İddiaçı iddia ərizəsində alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin “alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutulması” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qanunsuzdur və təmin edilməməlidır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçı cavabdehə qarşı əvvəlki dövr üzrə, xx.xx.2024-cü il tarixdən başlayaraq aliment tutulmasını tələb etsə də, aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsində alimentin əvvəlki dövr üçün tutulması nəzərdə tutulsa da, bu norma inperativ deyil, dispozitv norma olduğu üçün həmin normanın tətbiqi məhkəmənin mülahizəsindən aslıdır. Qanunvericilik alimentin tutulma vaxtını inperativ olaraq məhkəməyə müraciət edildiyi vaxtdan müəyyən etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən deyil, iddiaçının alimentin tutulması barədə məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutulmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 180 manat x 12 ay =2160 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 41.60 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İlkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 100 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 41.60 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar