Məhkəmə qərarları › İş №2(035)-359/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-359/2024

21.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-359/2024 21.05.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi ”nə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) X9 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən övladları xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq ona verilmıəsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2008-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 doğulmuşdur. Cavabdeh ailə qurduqları ilk vaxtlardan ailənikah münasibətlərinə hörmət etməmiş, mütamadi ailədə dava-dalaş etmiş, özü bir ildən artıqdır ki, övladları ilə birlikdə valideynərinin yanında qalır. bu müddət ərzində cavabdeh nə onunla nə uşaqları ilə maraqlanmamış, uşaq günü gündən böyüyür və uşaqların tələbatlarını qarşılamaqda çətinlik çəkir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 doğulmuşdur. Ailə qurduqları ilk vaxtlardan cavabdeh ailə nikah münasibətlərinə hörmət qoymamış, mütamadi olaraq ailədə söz-söhbət, dava-dalaş yaratmışıdır. Cavabdehlə birgə yaşamaq qeyri mümkündür. Bir ildən artıq müddətdir ki, cavabdehlə ayrı yaşayırlar. Uşaqlarla birlikdə ata evində qalır. Zərdab Rayon Məhkəməsinin icraatında cavabdehlə nikahlarının pozulmasına dair mülki iş var. Cavabdeh bu müddət ərzində uşaqlarla maraqlanmamış, konüllü olaraq uşaqlarına maddi köməklik etmir. Məsələ ilə bağlı mediasiyaya müraciət etmiş, prosesdə iştirak etsələrdə, qarşılıqlı razılığa gəlməmişlər. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsində cavabdehdən hər uşağa görə 250 manat, cəmi 500 manat aliment tutulmasını xahiş etsə də, hazırda məhkəmədən cavabdehdən hər uşağa görə 130 manat, cəmi 260 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 doğulmuşdur. İddiaçı hazırda uşaqlarla birlikdə ata evində yaşayır. Zərdab rayon Məhkəməsinin icraatında iddiaçı ilə nikahlarının pozulmasına dair mülki iş var. İddiaçı ilə nikahlarının pozulmasını istəmir, ailəsini bərpa etməyə çalışır. Heç bir yerdə işləmir və aliment ödəməyə imkanı yoxdur. Məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Məmmədqasımlı kənd icra nümayəndəliyi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X4 arasında xx.xx.2008-ci il tarixdə Zərdab rayon Məmmədqasımlı kənd icra nümayəndəliyində nikah akt qeydləri kitabında 03 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Müzəffərov, arvada Müzəffərova soyadı verilmişdir. İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 doğulmuşdur. İşdə olan mediator X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/1/MT018/2023- 3210 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etmiş, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, aralarında razılıq olmadığı üçün mediator prosesi davam etdirmək qərarına gəlməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından iki uşaqları -xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X2 doğulmuşdur. Tərəflər bir ildən artıq müddətdir ki, ayrı yaşayırlar. Zərdab Rayon Məhkəməsinin icraatında tərəflərin arasındakı nikahın pozulmasına dair mülki iş var. İddiaçı uşaqlarla birlikdə valideyinlərinin yanında yaşayır. Cavabdeh uşaqların saxlanılmasında iddiaçıya maddi köməklik etmir. Məsələ ilə bağlı iddiaçı mediasiyaya müraciət etsədə də, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin qarşılıqlı razılığa gəlməmişlər. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı qismən müdafiə edərək cavabdehdən hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat aliment tutulmasını xahiş etmiş, cavabdeh isə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddianın həlli zamanı uşaqların mənafeyi üstün tutulmalı, onların hüquqlarının təmin olunmasına şərait yaradılmalı və bu zaman aliment tələb etmək hüququna malik olan iddiaçının cavabdehdən hər uşağa görə 130 manat, cəmi 260 manat məbləğində aliment tələb etməsi barədə iradə ifadəsi əsas götürülməlidir. Ona görə də Zamiq və Mülkədarın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutlmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. Həmin Məcəllənin MPM-nin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 (bir) faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək vəyuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 130 x 2=260 manat x 12 ay = 3120 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq 51.20 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 51.20 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar