Məhkəmə qərarları › İş №2(035)-395/2024

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-395/2024

22.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-395/2024 22.05.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi ”nə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) X5 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən övladları xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün xx.xx.2023cü il tarixdən başlayaraq hər ay bir uşağa görə sabit pul məbləğində 235 manat, cəmi 705 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2006-cı il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 doğulmuşdur. Cavabdehlə xasiyyətləri tutmamış, münasibətləri alınmamışdır. 5 aydır ki, cavabdehlə ayrı yaşayırlar. Uşaqlar özünün yanında qalır. Uşaqların saxlanması və digər xərclərini (təhsil, müayinə və müalicə və s.) tək çatdıra bilmir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından üç uşaqları xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 doğulmuşdur. Cavabdehlə xaiyyətləri tutmur, münasibətləri alınmır, 5 aydan artıq müddətdir ki, ayrı yaşayırlar. Hazırda Zərdab Rayon Məhkəməsinin icraatında cavabdehlə nikahlarının pozulmasına dair mülki iş var. Uşaqlar özünün yanında qalır. Uşaqların ehtiyaclarını tam ödəyə bilmir. Cavabdeh uşaqların saxlanılmasında könüllü olaraq ona maddi köməklik etmir. Ailə mübahisəsi ilə bağlı mediasiyaya müraciət etmiş, lakin mediasiya prosesini davam etdirməyə razılığa gəlməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı ilə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından üç uşaqları xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 doğulmuşdur. Hazırda iddiaçı ilə ayrı yaşayırlar. Zərdab Rayon Məhkəməsinin icraatında iddiaçı ilə nikahlarının pozulmasına dair mülki iş var. Özü işləyir və ayda 643 manat məbləğində əmək haqqı alır. İddiaçının ondan üç uşağa görə cəmi 705 manat aliment pulunu ödəməyə imkanı yoxdur, lakin aldığı 643 manat əmək haqqının yarısını uşaqların saxlanılması üçün aliment ödəməyə etiraz etmir. İddianın qalan hissədə rədd edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 arasında xx.xx.2006-cı il tarixdə Zərdab rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 64 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Muradov, arvada Muradova soyadı verilmişdir. İş materiallarında olan Zərdab rayon VVADQ şöbəsi və Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı il, xx.xx.2011 və xx.xx.2015-ci il tarixlərdə verilmiş doğum haqqında şəhadətnamələrin notoriat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 doğulmuşdur. İşdə olan mediator X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024- 00253 nömrəli “ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı Əlihüseyin qızı aliment və əmlak tələbinin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından üç uşaqları - xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 doğulmuşdur. Tərəflər 5 aydan artıq müddətdir ki,ayrı yaşayırlar. Uşaqlar iddiaçının yanında qalır. Cavabdeh uşaqları ilə maraqlanmır, könüllü olaraq uşaqlarına maddi köməklik etmir. Məsələ ilə bağlı iddiaçı mediasiyaya müraciət etmiş, lakin iddiaçı mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı Əlihüseyin qızının xeyrinə aliment tutulmalıdır. İddiaçı cavabdehdən hər uşağa görə 235 manat, cəmi 705 manat aliment tutulmasını tələb etsə də, cavabdehin geniş maddi imkana, kapitala malik olmasına, mütamadi aylıq qazanca sahib olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşaqların mənafeyi üstün tutulmalı, onların hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman iddiaçının (ananın) uşaqları təkbaşına böyütməsini, həmçinin cavabdehin geniş maddi imkana malik olmamasını nəzərə alır. Məhkəmə araşdırması zamanı iddianın rədd edilməsinə əsas ola biləcək hər hansı bir hal müəyyən olunmadı. İddiaçı iddia ərizəsində alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin “alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq tutulması” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qanunsuzdur və təmin edilməməlidır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. İddiaçı cavabdehə qarşı əvvəlki dövr üzrə, xx.xx.2023-cü il tarixdən başlayaraq aliment tutulmasını tələb etsə də, aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsində alimentin əvvəlki dövr üçün tutulması nəzərdə tutulsa da, bu norma inperativ deyil, dispozitv norma olduğu üçün həmin normanın tətbiqi məhkəmənin mülahizəsindən aslıdır. Qanunvericilik alimentin tutulma vaxtını inperativ olaraq məhkəməyə müraciət edildiyi vaxtdan müəyyən etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən deyil, iddiaçının alimentin tutulması barədə məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutulmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzindəödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 130 manat x 3 = 390 manat; 390 x 12 ay =4680 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 66.80 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 manat, cəmi 390 manat məbləğində aliment tutularaq İddiaçı Əlihüseyin qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 66.80 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar