Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-400/2024 24.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ (Açar sözlər: aliment tələbi) X6 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən birgə nikahlarından doğulan xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması məqsədilə 235 manat aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-342/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuşdur. Cavabdehlə aralarında mediasya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış Barışıq sazişinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X2 onun himayəsinə verilməsinə və Ümidin saxlanılması üçün 150 manat aliment təyin olunmuşdur. Barışıq sazişinin bağlanmasından 1 ildən çox müddət keçmişdir. Bu müddət ərzində cavabdeh alimenti vaxtlı-vaxtında ödəməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə etiraz: Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə aralarında bağlanmış Sazişin tarixindən 1 il ötən kimi iddiaçı hazırki iddia ilə Məhkəməyə müraciət etsə də, bu müddət ərzində onun həyatında yaxşılığa doğru heç nə dəyişməmiş, əksinə maddi vəziyyəti daha da pisləşmişdir. İddiaçı ilə nikahları pozulduqdan sonra xx.xx.2024-cü ildə özü yeni ailə qurmuş, bu nikahdan uşaqları yoxdur. 8 nəfərdən ibarət ailə dolandırmaq asan deyil, evlənsədə yeməkləri, geyinməkləri bir büdcədəndir. Aldığı 345.0 manat əmək haqqı öz kiçik ailəsinin kommunal və digər xərclərinə güclə çatır. Ona görə də öz ailəsi ilə bir büdcədən dolanırlar. Ailədə anası Aybəniz Əhmədova mədənin eroziv qastritindən, sağ böyrəyin xroniki pielonefrit və kistası, sidik kisəsinin çöküntüsü, qalxanvari vəzin və qaraciyərin xroniki fonda diffuz dəyişikliyi, xroniki xolesistit, xroniki pankreatid, bağırsaqların pnevmatozu, şəkərli diabet (2-ci tip ağır forma) xəstəliklərindən əziyyət çəkir və mütamadi müalicəyə ehtiyacı vardır. Onun müalicəsi üçün də övlad olaraq səfərbər olmalıdırlar. Barışıq sazişinə əsasən 150 manat aliment pulunu çox çətinliklə ödəyir. Övladını saxlamalıdır, amma evdə xəstə olanda çətin olur. Maddi və mənəvi olaraq pis vəziyyətdədir. Əgər maddi vəziyyətində yaxşılığa doğru nəsə dəyişərsə doğma övladından bunu heç vaxt əsirgəməz. Etirazının qəbul edilməsini, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə etiraz ərizəsi göndərərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnaməçəkişməşəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı qismən müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından bir uşaqları-xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-348/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikahın pozulması qət edilmişdir. Cavabdehlə aralarında Zərdab şəhərində mediasiya təşkilatında xx.xx.2023-cü il tarixli, MŞŞ/1/MT018/2023- 01085 saylı barışıq sazişi imzalanmış, həmin sazişə əsasən cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin həmin öhdəliyə vaxtında əməl etməmişdir. Cavabdeh könüllü olaraq uşağına maddi köməklik etmir. İlkin olaraq mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehdən 235 manat aliment tutulmasını xahiş etsə də, hazırda məhkəmədən uşaqları Ümidin yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 180 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuşdur. İşdə olan mediator X3 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, MŞŞ/1/MT018/2023-01085 saylı Barışıq Sazişindən görünür ki, birinci tərəf (iddiaçı) övladları xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat məbləğində alimenti ikinci tərəfə (cavabdehə) ödəyəcəyinə dair öhdəlik götürmüş, birinci tərəf alimenti xx.xx.2023-cü il tarixdən başlayaraq hər ayın 1-də 5-dən gec olmayaraq ödəyəcəyinə dair öhdəlik götürmüş, birinci tərəf Zərdab şəhər 21 saylı qəsəbədə yerləşən yaşayış evində ikinci tərəfə məxsus olan cehiz əşyalarını xx.xx.2023cü il tarixdə çıxarılmasına mane olmayacağına dair öhdəlik götürmüş, ikinci tərəf övladları xx.xx.2019-cu il təvəllüdlü X5 ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 21:00-dək görüş və ünsiyyətdə olmağa mane olmayacağına dair öhdəlik götürmüş, ikinci tərəf Zərdab şəhəri 21 saylı qəsəbədə yerləşən yaşayış evində olan cehiz əşyalarını xx.xx.2023-cü il tarixdə çıxaracağına dair öhdəlik götürmüşdür. İşdə olan mediator X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT018/2024- 00378 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan” görünür ki, İddiaçı ilkin olaraq mediasiya təşkilatına ailə mübahisəsi ilə müraciət etmiş, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq vermədiyindən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etmişdir. İşdə olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, iddia ərizəsində cavabdehdən 235 manat tələb etsədə, hazırda 180 manat aliment tutulmasını xahiş edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından bir uşaqları-xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-348/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tərəflərin aralarında olan nikahın pozulması qət edilmişdir. Tərəflərin arasında Zərdab şəhərində mediasiya təşkilatında xx.xx.2023-cü il tarixli, MŞŞ/1/MT018/2023-01085 saylı barışıq sazişi imzalanmış, cavabdeh uşaqları xx.xx.2019cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin həmin öhdəliyə vaxtında əməl etməmişdir. İddiaçı uşağının saxlanılmasında əziyyət çəkir. Cavabdeh isə iddiaçıya uşağın saxlanılmasında könüllü olaraq maddi köməklik etmir. Məsələ ilə bağlı iddiaçı mediasiyaya müraciət etsədə də, cavabdeh mediasiya prosesinin davam etdirməyə razılıq vermədiyindən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Yuxarıda müəyyən olunduğu kimi iddiaçı cavabdehdən hər ay uşağa görə 180 manat aliment tutulmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsinə və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təsbit olunmasına rəğmən cavabdehdən tutulmalı olan alimentin miqdarı müəyyənləşdirərkən, hər bir halda uşaqların mənafeyi üstün tutmalı, onların hüquqularının təmin olunmasına şərait yaradılmalı və bu zaman aliment tələb etmək hüququna malik olan iddiaçının cavabdehdən uşağa görə 180 manat məbləğində aliment tələb etməsi barədə iradə ifadəsi əsas götürülməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, uşağın normal inkişafının təmin edilməsi üçün iddia qismən təmin edilməli və uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 180 manat aliment tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutlmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinəəsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 180 manat x 12 ay = 2160 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 41.60 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 41.60 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-400/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-400/2024
24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver