Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-405/2024 11.06.2024 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi ”nə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) X10 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2016-cı il tarixdə Zərdab rayon Qeydiyyat şöbəsində rəsmi qeydiyyata alınmaqla nikahları bağlanmışdır. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X5 doğulmuşdur. Cavabdehlə birgə yaşamaq mümkünsüz hala gəldiyindən, cavabdehdən ayrılaraq, hazırda Kürdəmir rayonunun Sovla kəndində valideynlərinin yanında yaşayır. Cavabdehdən uşaqların saxlanılmasına görə maddi kömək göstərməsini xahiş etmiş, lakin müsbət nəticə olmamışdır. Özü heç bir yerdə işləmir, maddi vəziyyəti çətin olduğu üçün uşaqları saxlamaqda əziyyət çəkir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsədə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnaməçəkişməşəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı X2 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə ailə qurmuş, nikahlarını xx.xx.2016-cı il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından iki uşaqları xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X5 doğulmuşdur. Cavabdehlə bir müddət Bakı şəhərində yaşamış, lakin maddi cəhətdən dolana bilmədiklərindən, uşaqlarla birlikdə qayıdıb Çallı kəndində cavabdehin anasının yanında yaşamış, anası onunla yola getməmiş, söz-söhbət yaratmış, hətta ondan 102 xidmətinə şikayət də etmişdir. Bu səbəbdən hazırda Kürdəmir rayonunun Sovla kəndində valideynlərinin yanında yaşamaq məcburiyyətində qalmışdır. Cavabdeh könüllü olaraq uşaqlarına maddi köməklik etmir, özü heç bir yerdə işləmir, maddi cəhətdən əziyyət çəkir. Məsələ ilə bağlı mediasiyaya müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 arasında xx.xx.2016-cı il tarixdə Zərdab rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Musayev, arvada Musayeva soyadı verilmişdir. İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə və xx.xx.2020-ci il il tarixlərdə verilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X5 doğulmuşdur. İşdə olan mediator X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/1/MT018/2024-00525 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ailə mübahisəsinın (nikahın pozulması və aliment tələbinin) mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment miqdarı məhkəmə tərəfindən hər ay ödəməli olan sabit pul məbləğində və eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər ailə qurmuş, nikahlarını xx.xx.2016-cı il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından iki uşaqları xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər ayrı yaşayırlar. Cavabdeh uşaqları ilə maraqlanmır, könüllü olaraq uşaqlarına maddi köməklik etmir. Məsələ ilə bağlı iddiaçı mediasiyaya müraciət etmiş, lakin cavabdeh ilkin mediassiya sessiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. İddiaçı cavabdehdən hər uşağa görə 235 manat, cəmi 470 manat aliment tutulmasını tələb etsə də, cavabdehin geniş maddi imkana, kapitala malik olmasına, mütamadi aylıq qazanca sahib olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşaqların mənafeyi üstün tutulmalı, onların hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman iddiaçının (ananın) uşaqları təkbaşına böyütməsini, həmçinin cavabdehin geniş maddi imkana malik olmamasını nəzərə alır. Məhkəmə araşdırması zamanı iddianın rədd edilməsinə əsas ola biləcək hər hansı bir hal müəyyən olunmadı. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə aliment tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutulmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzindəödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 150 manat x 2 = 300 manat; 300 x 12 ay =3600 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələblərinə uyğun olaraq 56 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 56 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-405/2024
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-405/2024
11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver