Məhkəmə qərarları › İş №2(035)-530/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-530/2025

02.12.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-530/2025 02.12.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Zərdab Su X1 İdarəsinə qarşı “əlavə iş saatlarına görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Açar sözlər: (əlavə iş saatlarına görə pul tələbi) X4 Elxan oğlunun sədrliyi X2 oğlunun katibliyi, Cavabdeh Zərdab Su X1 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Zərdab Su X1 İdarəsinə qarşı “əlavə iş saatlarına görə əmək haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 02 dekabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Zərdab Su X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlavə iş saatlarına görə əmək haqqının tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixli № 6 saylı əmrə əsasən o, X3 İdarəsi Körpükənd nasos stansiyasına İV dərəcəli maşinist təyin olunmuşdur. 2018-ci ilə qədər nasosda 3 işçi çalışsada sonradan digər iki işçi işdən azad olunmuşdur. 2018-ci ildən işdən azad olan günə kimi iş yerində tək çalışaraq digər işçilərində görməli olduqları işləri görmüşdür. Əlavə iş saatları ilə bağlı dəfələrlə cavabdehə müraciət edərək əlavə iş saatlarına görə pulun ödənilməsini xahiş etsədə cavabdeh müxtəlif bəhanələrlə əlavə iş saatlarına görə əməkhaqqı ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən əmək müqaviləsi ləğv edilmişdir. Buna əsasən hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilsə də, İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2007-ci il tarixli № 6 saylı əmrə əsasən o, X3 İdarəsi Körpükənd nasos stansiyasına İV dərəcəli maşinist təyin olunmuşdur. 2018-ci ilə qədər nasosda 3 işçi çalışırmış və hər işçi üçün 24 saatlıq iş rejimi müəyyən olunmuşdur. 2018-ci ildə işçilərin hər ikisi işdən azad olunmuşdur. 2018-ci ildən 2024-cü ilə kimi (işdən azad olunan tarixə kimi) gündəlik iş rejimində çalışmış və iş rejimi ilə əlaqədar olaraq gecə növbəsindədə qalmaq məcburiyyətində olmuşdur. 6 il ərzində nasosu boş buraxmamaq üçün demək olar ki,həmin ərazidə məskunlaşmış və gecə gündüz çalışmışdır. Əlavə iş saatlarında çalışmağını işçilərin işə davamiyyət tabeli kitabı ilə sübut etmək mümkündür. Belə ki, 2018,2019,2020,2021,2022-ci illərə aid olan Körpükənd nasos stansiyası işçilərinin işə davamiyyət tabeli kitabında gündəlik işə çıxma faktı öz təsdiqini tapmışdır. İşdən azad olunana kimi dəfələrlə cavabdehə müraciət edərək əlavə iş saatlarına görə pulun ödənilməsini xahiş etsədə lakin cavabdeh hər dəfəsində müxtəlif bəhanələr gətirərək yaxın zamanlarda bütün illərinin kompensasiya olunacağına dair söz vermişdir.İşdən azad olunmaqdan qorxduğu üçün aidiyyati dövlət qurumlarına müraciət ünvanlaya bilməmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə işdən azad olunduqdan sonra dəfələrlə cavabdehə müraciət edərək əlavə iş saatlarına görə əmək haqqının verilməsini xahiş etsədə müsbət nəticə əldə edə bilməmişdir. Mübahisəni məhkəmədən kənar qaydada həll etməyə çalışsada cavabdeh mediasiya prosesindədə iştirak etməmişdir. Aralarında olan mübahisəni məhkəmədən kənar qaydada həll edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı xx.xx.2007-ci il tarixli № 6 saylı əmrə əsasən X3 İdarəsi Körpükənd nasos stansiyasına İV dərəcəli maşinist təyin olunmuşdur. İddiaçı ilə əvvəllər digər şəxslərdə orada çalışsada lakin ehtiyac olmadığı üçün onlar sonradan işdən azad olunmuşdur. Ümumilikdə iddiaçı çalışdığı müddət ərzində özünün qeyd etdiyi kimi fasiləsiz olaraq çalışması mümkünsüzdür. Belə ki, iddiaçının özünə məxsus kənd təsərrüfatı təyinatlı texnikası var və iddiaçı daimi olaraq ondan istifadə edərək əlavə qazanc əldə edir. Ümumilikdə Azərişıq ASC-dən əldə etdiyi arayışdanda müəyyən olunur ki, iddiaçının çalışdığı nasos stansiyası orta hesabla gün ərzində bir saat xidmət göstərib. Eyni zamanda hesab edir ki, iddiaçı iddia verən zaman iddia müddətini ötürmüşdür. Buna əsasən işin hallarının və iş materiallarına əlavə etdiyi “iddia müddətinin tədbiq edilməsi barədə” ərizəsinin nəzərə alınaraq iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan İddiaçı məxsus olan Əmək kitabçasının notarial qaydada təstiq olunmuş surətindən görünür ki, xx.xx.2007-ci il tarixli № 6 saylı əmrə əsasən o, X3 İdarəsi Körpükənd nasos stansiyasına İV dərəcəli maşinist təyin olunmuş, xx.xx.2024-cü il tarixli əmrlə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, № MŞŞ/MT018/2025-00482 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında olan mübahisənin mediasiya qaydasında həll edilməsi üçün İddiaçı mediasiya təşkilatına müraciət etsə də, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, 301 saylı Etibarnamədən görünür ki, Zərdab Su X1 İdarəsinin Hüquq və İnsan resursları şöbəsinin Şöbə rəisi Nümayəndə Zərdab Su X1 İdarəsini məhkəmədə təmsil etmək hüququ verilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. 72-ci maddəsinin 2-ci hissəsinə görə hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Həmin Məcəllənin 9.e bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin - iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək- kimi əsas hüquqları vardır; Həmin Məcəllənin 89.1.-ci bəndinə əsasən tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Həmin Məcəllənin 89.2.-ci bəndinə əsasən gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Həmin Məcəllənin 89.3.-cü bəndinə əsasən gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Həmin Məcəllənin 95.1.-ci bəndinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti,onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

2. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.

3. İşçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət müəssisələrində işçilərin bu Məcəllə ilə müəyyən edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti ilə işəgötürən bu maddədə nəzərdə tutulmuş qaydadan fərqli olan iş vaxtının rejimi qaydalarını müəyyən edə bilər. Həmin Məcəllənin 99.1.-ci bəndinə əsasən İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Həmin Məcəllənin 165.1-ci bəndinə əsasən İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: -əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; -əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində

2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.

3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Həmin Məcəllənin 172.4.-cü bəndinə əsasən İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 296.4-cü bəndinə əsasən Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə vəbaşqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə məhkəmə iddiaçının iddiasına münasibətdə bildirir ki, iddia əmək münasibətlərindən irəli gələn mübahisə olduğundan qanunvericiliklə xüsusi iddia müddətləri şamil edilmişdir. Hazır ki, iş üzrə cavabdeh iddia müddətinin tədbiqi barədə ərizə təqdim etsədə məhkəmə hesab edir ki, iddiaya ümumilikdə iddia müddətinin tədbiq edilməsi əsassızdır. Belə ki, ƏM-nin 296.4-cü maddəsində imperativ qaydada göstərilmişdir ki, Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Buna əsasən məhkəmə hesab edir ki, iddiaçının işdən azad olunduğu tarixdən geri 1 ilə iddia müddətinin tədbiq olunması əsassız olsada lakin digər illərə iddia müddətinin tədbiq olunması həm hüquqi həmdə məntiqi baxımdan əsaslıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra– Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X5rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373 cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). Məhkəmə ümumilikdə işin hallarına münasibətdə isə bildirir ki, iddiaçı iş materiallarına sübut kimi müxtəlif illərə aid işçilərin davamiyyət kitabını əlavə etsədə lakin məhkəmə hesab edir ki, həmin sübut iddianın təmini üçün əsas ola bilməz. Belə ki, məhkəmə araşdırması zamaını məlum olmuşdur ki, iddiaçı həmin kitabları özbaşına əldə etmiş və özündə saxlamışdır. Məhkəmə hesab edir ki, işçilərin davamiyyət kitabınına sonradan iddiaçı tərəfindən müdaxilələrin olunması istisna olunmur. Buna əsasən iddiaçıdan məhkəməyə əlavə iş saatlarında çalışması ilə bağlı əlavə sübutlar və şahidlər təqdim olunması təklif olunsada lakin iddiaçı sonradan məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş Azərişıq ASC tərəfindən verilmiş arayışlardanda müəyyən olunur ki, nasos daimi fəaliyyət göstərməmiş yalnız günün bir neçə saatı ərzində fəaliyyətdə olmuşdur. Buna əsasəndə məhkəmə iddiaçının əlavə iş saatlarında çalışması iddiasını əsassız hesab edir. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq, sadalanan maddi və prosessual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən işin hallarının sübuta yetirilməsi ilə bağlı əsaslı sübutlar məhkəməyə təqdim olunmadığından və iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq,

Qət Etdi:

İddiaçı cavabdeh Zərdab Su X1 İdarəsinə qarşı “əlavə iş saatlarına görə əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə elektron qaydada apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar