Məhkəmə qərarları › İş №2(035)-698/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-698/2025

30.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-698/2025 30.09.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulan xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sonrakı illərin artımı nəzərə alınmaqla minimum əmək haqqının 0.70 misli miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə ərizə göndərərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması məqsədilə sonrakı illərin artımı nəzərə alınmaqla hər uşağa görə minimum əmək haqqının 0.70 misli miqdarında alimentin tutularaq ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 doğulmuşdur. Cavabdehlə bir müddət bir yerdə yaşasalar da, sonradan ailə daxili münaqişələr səbəbi ilə ayrılmış və hazırda ayrı yaşayırlar. Ayrı yaşadıqları müddət ərzində cavabdeh birgə nikahlarından olan övladlarının saxlanılmasına maddi köməklik göstərməmişdir. Bununla bağlı dəfələrlə cavabdehə müraciət edərək övladlarının saxlanılması üçün maddi köməklik göstərməsini xahiş etsə də müsbət nəticə əldə edə bilməmişdir. Özü hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Özünün və övladlarının gündəlik xərclərini yalnız valideynlərinin köməkliyi ilə qarşılayır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinet vasitəsilə ərizə göndərərək himayəsində azyaşlı övladları olduğu üçün məhkəmənin baxış iclasında iştirak edə bilməyəcəyini, baxış iclasını onun iştirakı olmadan keçirərək iddiasının təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, iddiaçı ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 doğulmuşdur. Hazırda iddiaçı ilə ayrı yaşayırlar. Özü "xxxx" ASC-də nəzarətçi vəzifəsində işləməklə 583 manat əmək haqqı alır, başqa gəlir yeri yoxdur. Uşaqlarına aliment ödəməkdən imtina etmir, lakin iddiaçının ondan tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur və bu onun sonrakı gələcək həyatına çətinlik yaradacaqdır. İddiaçıya uşaqların saxlanılması üçün, hər uşağa görə 180 manat, cəmi 360 manat aliment ödəməyə etiraz etmir. İddianın qalan hissədə təmin edilməməsini xahiş edir. Mülki işdə olan sənədlər: İşdə olan Zərdab rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş nikah haqqında arayışdan görünür ki, Cavabdeh və X2 arasında Zərdab rayon İsaqbağı kənd icra nümayəndəliyində xx.xx.2018-ci il tarixdə nikah akt qeydləri kitabında 01 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Rəhimli, arvada Rəhimli soyadı verilmişdir. İş materiallarında olan Zərdab rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 576 və 577 nömrəli arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 doğulmuşdur. İş materiallarında olan mediator X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞZ/MT050/2025-00054 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin olaraq aliment tələbinə dair mediasiya Təşkilatına müraciət etmiş, İddiaçı və Cavabdeh mediasiya prosesində iştirak etmiş, hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarına əlavə edilən İddiaçı tərəfindən “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə göndərilən ərizədən görünür ki, o, himayəsində azyaşlı övladları olduğu üçün məhkəmənin baxış iclasında iştirak edə bilməyəcəyini bildirərək, baxış iclasını onun iştirakı olmadan keçirərək iddiasının təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, tərəflərin birgə nikahlarından iki uşaqları xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflərin arasında olan nikah pozulmasa da, tərəflər hazırda ayrı yaşayırlar. Uşaqlar iddiaçının (ananın) yanında qalır. İddiaçı iddia ərizəsində cavabdehin uşaqların saxlanılmasında ona maddi köməklik etməməsini qeyd etmişdir. Məsələ ilə bağlı ilkin olaraq iddiaçı mediasiyaya müraciət etsə də, tərəflər mediasiya prosesində iştirak etsələr də, mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında "xxxx" ASC-də işləməklə 583 manat əmək haqqı aldığını, uşaqlarının saxlanılması üçün hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat aliment verməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. İddiaçı cavabdehdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması məqsədilə sonrakı illərin artımı nəzərə alınmaqla hər uşağa görə minimum əmək haqqının 0.70 misli miqdarında alimentin tutularaq onun xeyrinə verilməsini tələb etsə də, cavabdehin geniş maddi imkana, kapitala malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bununla belə, məhkəmə hesab edir ki, hazırki iddianın həlli zamanı uşaqların və azyaşlı uşaqları təkbaşına saxlamağa məcbur olan ananın mənafeyi üstün tutulmalı, onların hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman iddiaçının (ananın) uşaqları təkbaşına böyütməsini, cavabdehin geniş maddi imkana malik olmasına dair işdə sübutun olmamasını da nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1-ci yarımbəndi əlavə edilmiş və 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbini nəzərə almaqla hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli, cəmi 0.90 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə 05 avqust 2025-ci il tarixdə ərizə verdiyindən məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutulmalı dövlət rüsumunun məbləği aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyən edilir. Həmin Məcəllənin MPM-nin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 (bir) faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 180 manat x 2=360 manat x 12 ay = 4320 manat təşkil etdiyindən, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq 63.20 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə keçirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia qismən təmin edilsin. 05 avqust 2025-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli olmaqla, cəmi 0,90 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 63.20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar