Məhkəmə qərarları › İş №2(035)-747/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-747/2025

22.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-747/2025 22.10.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi ”nə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Hakim Abbasov Cavid Mehman oğlunun sədrliyi Əhmədova Nəzrin Xasay qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən birgə nikahlarından olan övladı xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması məqsədilə sonrakı illərin artımı nəzərə alınmaqla minimum əmək haqqının 0.7 misli miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2020-ci il tarixdə Zərdab rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş, birgə nikahlarınan uşaqları xx.xx.2019-cu il təvəllüdlü X2 doğulmuşdur. Cavabdehlə ailə daxili münaqişələr səbəbindən hazırda ayrı yaşayırlar. Hazırda uşağı birlikdə valideynlərinin yanında qalır. Ayrı yaşadıqları müddət ərzində cavabdeh uşağın xərclərinin qarşılanmasında ona maddi köməklik göstərməmişdir. Heç bir yerdə işləmir, özünün və uşağının xərclərini valideynlərinin köməkliyi ilə qarşılayır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə ailə quraraq nikahlarını xx.xx.2020-ci ildə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından bir uşaqları xx.xx.2019-cu il təvəllüdlü X2 doğulmuşdur. Aralarında olan münaqişələrə görə 9 aydır ki, ayrılıblar və xx.xx.2025-ci il tarixdən etibarən övladı ilə birlikdə Ağcabədi rayonunun Aaran kəndində ata evində yaşayır. Bu müddət ərzində cavabdeh cəmi bir dəfə uşağına 60 manat pul verib. Uşağın ehtiyaclarını ödəməkdə çox əziyyət çəkir. Cavabdeh isə uşağına könüllü olaraq maddi köməklik etmir. İlkin olaraq ailə mübahisəsi ilə əlaqədar mediasiya təşkilatına müraciət etmiş, mediasiya prosesində cavabdehin ona 180 manat aliment ödəməsinə razılıq versə də, cavabdeh buna razı olmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, cavabdehlə ailə qurmuş, nikahlarını xx.xx.2020-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından bir uşaqları xx.xx.2019-cu il təvəllüdlü X2 doğulmuşdur. İddiaçı ilə hazırda ayrı yaşayırlar. Özü "xxxx" MMC-nin Zərdab filialında traktorçu işləyir, ayda 364 manat əmək haqqı alır. İddiaçının ondan tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur, çünki hazırda banka kredit ödəyir, çətinliklə dolanır. Uşağın saxlanılması üçün 100-120 manat aliment ödəməyə etiraz etmir. İddianın isə qalan hissədə təmin edilməməsini məhkəmədən xahiş edir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Ağcabədi “Asan xidmət” mərkəzində Ədliyyə nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh və İddiaçı arasında Zərdab rayon Qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə nikah akt qeydləri kitabında 45 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə İsmayılov, arvada Qasımova soyadı verilmişdir. İş materiallarında olan Zərdab rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X2 doğulmuşdur. İş materiallarında olan mediator X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞZ/MT050/2025-00055 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı “nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi və aliment tələbinə dair” ilkin olaraq mediasiya təşkilatına müraciət etsə də, tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan "xxxx" MMC-nin Zərdab filialı tərəfindən verilmiş əmək haqqı barədə arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-nin Zərdab filialında traktorçu peşəsində işləyir, ona aylıq 400 manat əmək haqqı müəyyən edilmiş, vergi və məcburi sosial sığorta tutulmalarından sonra işçinin xalis əmək haqqısı 364 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, tərəflər faktiki olaraq ailə qurmuş, nikahlarını xx.xx.2020-ci il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından bir uşaqları xx.xx.2019-cu il təvəllüdlü X2 doğulmuşdur. Tərəflərin arasında olan nikah pozulmasa da, tərəflər 9 aydır ki, xx.xx.2025-ci il tarixdən ayrı yaşayırlar. İddiaçı uşaqla birlikdə valideynlərinin yanında qalır. Cavabdeh uşağın saxlanılmasında iddiaçıya maddi köməklik etmir. Məsələ ilə bağlı iddiaçı mediasiyaya müraciət etsədə də, tərəflər qarşılıqlı razılığa gəlməmişlər. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. İddiaçı cavabdehdən övladları xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması məqsədilə sonrakı illərin artımı nəzərə alınmaqla minimum əmək haqqının 0.7 misli miqdarında alimentin tutulmasını tələb etsə də, məhkəmə iclasında cavabdehin geniş maddi imkana, kapitala malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh məhkəmə iclasında təqdim etdiyi əmək haqqı barədə arayışdan müəyyən olunmuşdur ki, o, "xxxx" MMC-nin Zərdab filialında traktorçu peşəsində işləyir, xalis əmək haqqı 364 manat təşkil edir. Bununla belə, məhkəmə hesab edir ki, hazırkı iddianın həlli zamanı uşağın və azyaşlı uşağı təkbaşına saxlamağa məcbur olan ananın mənafeyi üstün tutulmalı, onun hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman iddiaçının (ananın) uşağı təkbaşına böyütməsini, cavabdehin geniş maddi imkana malik olmasına dair işdə sübutun olmamasını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1-ci yarımbəndi əlavə edilmiş və 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələbini nəzərə almaqla hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 08 sentyabr 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə verdiyindən məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment tələbinə dair iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Həmin Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsınə görə tutullmalı dövlət rüsumunun məbləğı aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə müəyyə edilir. Həmin Məcəllənin MPM-nin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilən iddialar üzrə iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda dövlət nəfinə 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 (bir) faizi dərəcəsi ilə dövlət rüsumu ödənilməlidir. Məhkəmə iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı və ödənilməsi məsələsini müzakirə edərək və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, cavabdehdən tutulmalı olan alimentin miqdarı bir il ərzində ödəmənin məcmusu əsas götürülməklə 180 manat x 12 ay = 2160 manat təşkil etdiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq 41,60 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət etdi: İddia qismən təmin edilsin. 08 sentyabr 2025-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh 41.60 manat dövlət rüsumu tutularaq dövlət mədaxilinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar