Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1020/2025 08.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh qarşı “aliment təyin edilməsi” tələbinə dair mülki mübahisə (açar sözlər: aliment təyin edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı X3, Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 tələbatlarını, təhsilini və övladının müalicəsini nəzərə alaraq yetkinlik yaşına çatana qədər saxlanılması üçün sabit pul məbləğində bir uşaq üçün hər ay 250 manat olmaqla cəmi iki uşaq üçün hər ay 500 manat alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi və sənədlərini məhkəməyə təqdim etdiyi gündən alimentin hesablanması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 tələbatlarını, təhsilini və övladının müalicəsini nəzərə alaraq yetkinlik yaşına çatana qədər saxlanılması üçün sabit pul məbləğində bir uşaq üçün hər ay 250 manat olmaqla cəmi iki uşaq üçün hər ay 500 manat alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi və sənədlərini məhkəməyə təqdim etdiyi gündən alimentin hesablanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2013-cü ildə faktiki ailə münasibətinə girərək evlənmişlər və bu münasibəti 25 oktyabr 2014-cü il tarixində rəsmiləşdirərək rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 anadan olmuşdur. Cavabdeh içki içərək iddiaçıya və övladlarına fiziki, pisxoloji şiddətlər göstərdiyi və xasiyyətləri uyğun gəlmədiyi üçün nikahın pozulması barədə məhkəməyə müraciət etmiş, İmişli Rayon Məhkəməsinin 2(036)- 1353/2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikahın pozulması barədə qərar qəbul edilmişdir, övladları iddiaçının yanında saxlanılmışdır. Cavabdeh maddi olaraq uşaqlara baxacağını bildirərək 2 ay ərzində cəmi 300 manat pul vermişdir. Hal-hazırda cavabdeh övladları ilə maddi və mənəvi olaraq marağlanmır.Tənha, işsiz xanım olaraq övladlarının tələbatlarını ödəmək çətindir. Bu səbəbdən də övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq üçün 250 manat olmaqla iki uşaq üçün 500 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçının xeyrimə ödənilməsini istəyir. xx.xx.2016-cı il təvəllüdlü X7 epelepsiya xəstədəsidir və müalicəsinə imkanı çatmır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı X8 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bilmişdir ki, əvvəllər işləmiş, həmin vaxtı uşaqlarına baxırmış və onların saxlanması üçün iddiaçıya pul vermişdir. Hazırda işləmir, ona görə də aliment ödəməyə imkanı yoxdur.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
7. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
8. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 saylı sərəncamına görə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilmişdir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(036)-1353/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 21 saylı nikah akt qeydinin pozulması qət edilmişdir.
10. AZ-İ seriyalı 429892 saylı Nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh ilə olan nikah ləğv edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Əzizova” soyadı verilmişdir.
11. AA1365800 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə doğulmuşdur.
12. AA5671422 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə doğulmuşdur.
13. Məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim edilməməsini, eləcə də cavabdeh ilə iddiaçının da birgə nikahdan olan uşaqları saxlamaq vəzifəsini, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, 2025-ci il üzrə uşaq üçün yaşayış minimumunun 246 manat olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə 160 manat, yəni iddianın verildiyi vaxtda qüvvədə olmuş minimum aylıq əmək haqqı məbləğinin 0,4 misli miqdarında, cəmi 320 manat sabit pul məbləğində aliment tutulmaqla iddia qismən təmin edilməlidir.
14. Belə ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.
15. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
16. İddiaçı aliment tələbi barədə ərizəni xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır.
17. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə 160 manat, yəni iddianın verildiyi vaxtda qüvvədə olmuş minimum aylıq əmək haqqı məbləğinin 0,4 misli miqdarında, cəmi 320 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir.
VI. Nəticə:
18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə 160 manat, yəni iddianın verildiyi vaxtda qüvvədə olmuş minimum aylıq əmək haqqı məbləğinin 0,4 misli miqdarında, cəmi 320 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev