Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1058/2020 03.06.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcunun ləğv edilməsi və aliment ödəməkdən azad edilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh olan aliment borcunun silinməsi və ona aliment ödəməkdən tamamilə azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 01.01 2006-cı il təvəllüdlü X1 adlı bir uşağı vardır. İmişli Rayon Məhkəməsinın xx xxx 2012-ci il tarixli qətnaməsi ilə ondan ayda uşağın saxlanması üçün hər ay 87 manat aliment tutulması müəyyən edilmişdir.O xəstədir, işləyəbilmir, qazancı olmadığından aliment ödəyə bilmir. Buna görə xx xxxx 2015-ci il tarixli hökmlə Azərbaycan Respublikası CM-nin 306.1-ci madəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin vaxtdan da onun aliment borcu yaranıb. İmişlirayon İcra və Probasiya şöbəsində ona deyirlir ki, aliment borcunu ödəməsəyenidən məhkəməyə veriləcəkdir.O isə Cavabdeh ayrılandan sonra xx.xx.2015-ci ildə X2, ilə rəsminikaha daxil olmaqla evlənmiş və xx.xx.2018-ci ildə Zəhra və xx.xx.2019-cu ildə isə Dərgah adlı ikı uşağı olmuşdur. Ona görə də hesab edir ki, həmin müddət üçün hesablanmış aliment borcu silinməli və aliment ödəməkdən azad edilməlidir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddianın mahiyyətindən də göründüyü kimi iddiaçı aliment ödəməkdən yayınmaq fikrindədir, alimenti ödəməkdən yayındığı üçün həbs edilməsinə baxmayaraq bundan dərs almamışdır. İddiaçı hələ anlamır ki, o alimenti özü üçün deyil, uşağı üçün tələb edir, o cümlədən hazırkı dövrdə 87 manat pul ilə uşaq saxlamaq qeyri-mümkündür, lakin o iddiaçının ailə vəziyyətini nəzərə alır və alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmir. Hesab edir ki, iddiaçı hər şeyi bir kənara qoyub vicdanla uşağının saxlanılmasına köməklik göstərməlidir. Lakin iddiaçı uşağının gələcəyini düşünmür və aliment ödəməkdən yayınmaq istəyir. Ona görə də hesab edir ki, iddia tələbi tam şəkildə əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, İmişli Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli 2(036)-567/2012 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü Yunisin yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay 87 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra-Konvensiya) 7 saylı Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Nikakın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbi barədə işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 3217-cı il tarixli 8-2/16 nömrəli qərarına əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanşacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, 2020-ci ildə uşaqlar üçün minimum dolanşacaq xərcləri aylıq 170 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik aktları normalarından da görünür ki, əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanşacaq xərclərindən, yəni 170 manatdan az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İddiaçının aylıq alimnet öhdəliyi isə bu məbləğin yarısı qədərdir və iddiaçı həmin məbləği heç bir yerdə işləməməsinə və qazanca malik olmamasına baxmayaraq uşağına aliment olaraq ödəməyə borcludur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, iddiaçının alimnet ödəmək vəzifəsindən azad olunmasına əsas olan hallar müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1058/2020
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1058/2020
03.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver