Məhkəmə qərarları › İş №2(036)-1071/2024

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1071/2024

24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1071/2024 24.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki mübahisə (açar sözlər: aliment) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019cu il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatana qədər hər ay hər uşağa görə 235 manat olmaqla iki uşağa görə ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı cavabdehdən xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün uşaqlar yetkinlik yaşına çatana qədər hər ay hər uşağa görə 235 manat olmaqla iki uşağa görə ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2016-cı ildə qeyri rəsmi nigah münasibətinə girərək ailə həyatı qurmuşlar. Birgə nikahdan 2 uşağı, xx.xx.2017-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 vardır. Ailə quran vaxtı bir müddət cavabdehlə mehriban ailə kimi yaşadıqdan sonra ailə münasibətləri pozulmuşdur. Hazırda cavabdehlə faktiki olaraq ayrılmışlar, uşaqlar iddiaçının himayəsindədir. Hazırda iddiaçı iki uşağı saxlamaqda çətinlik çəkir, cavabdeh isə iddiaçıya heç bir köməklik göstərmir. Ona görə də iddiaçı məcbur olub hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, uşaqlarının saxlanılması üçün köməklik göstərir. İddiaçının kartına pul atmışdır, qəbzləri də vardır. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

7. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 272654 nömrəli Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir.

9. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 363444 nömrəli Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçı doğulmuş X5 atası hesab edilmişdir.

10. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 896799 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

11. İmişli rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16- 05/69-470/2024 saylı arayışdan görünür ki, X7 xx.xx.2019-cu il tarixdə İmişli şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

12. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 11-ci bəndində göstərilmişdir ki, nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçun vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ərarvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar uçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.

13. Qanunvericiliyə əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olmasını, eyni zamanda yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı, uşaqların mənafeyini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən uşaqlara görə alimentin tutulmasını tələb etməkdə haqlıdır.

14. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı, valideynlərin uşaqlarını saxlamaqda bərabər hüquqlara və öhdəliklərə malik olmalarını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay, hər uşaq üçün 235 manat məbləğində müəyyən edilməlidir.

15. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

16. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, cavabdehdən övladları xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir.

17. Belə ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

18. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

19. İddiaçı aliment tələbi barədə ərizəni xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

20. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

VI. Nəticə:

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar