Məhkəmə qərarları › İş №2(036)-1194/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1194/2021

18.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1194/2021 18.05.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iki uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2004-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahlarından 04.04.2014-cü il təvəllüdlü X2 və 17.02.2016-cı il təvəllüdlü X3 doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlməmiş, münasibətləri pozulmuşdur. Cavabdeh yüksək məbləğdə əmək haqqı alır ancaq ailəyə heç bir maddi yardım göstərmir. O, uşağın geyim, qida və digər zəruri xərclərini qarşlımaqda çətinlik çəkir. Ona görə də, hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, hər ay iki uşağın saxlanması üçün 350 manat aliment ödəməyə razıdır. Odur ki, iddianın qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. AZ-İ 907107 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında nikah 27 fevral 2014 il tarixdə İmişli rayon qeydiyyat şöbəsində bağlanmış və həmin nikah 111 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 04.04.2014-cü il tarixdə İmişli şəhərində anadan olmuşdur. AZ-İİİ 695815 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 17.02.2016-cı il təvəllüdlü X3 tərəflərin birgə nikahından doğulmuşdur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Republikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Republikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Republikası Kontitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarının 1-ci bəndinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Republikası Ailə Məcəlləsinin 76.2 və 78.8-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarının 2-ci bəndinə əsasən, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, o cümlədən yuxarıda qeyd olunan qanunvericilik aktı normalarını nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay iki görə tutulmalı olan alimentin miqdarı 350 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiçı alimentin tutulması ilə bağlı 08 aprel 2021-ci il tarixdə məhkəməyə müraciət etdiyindən alimentin tutulmasının əvvəli həmin tarixdən başlayaraq tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda dövlət rüsumunun miqdarı bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 04.04.2014-cü il təvəllüdlü X2 və 17.02.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 04.04.2014-cü il təvəllüdlü X2 və 17.02.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli 08 aprel 2021-ci il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub dövlət nəfinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar