Məhkəmə qərarları › İş №2(036)-1226/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1226/2021

24.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1226/2021 24.06.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İddiaçı, Cavabdehlər: Cavabdeh1 və X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə Şamaxı rayonu, Quşçu kəndində yaşayır, lakin İmişli rayonu, Xəlfəli kəndində heyvandarlıq ilə məşğul olur. Belə ki, o, İmişli rayonu, Xəlfəli kəndi ərazisində icarəsində olan çöl otlaq sahəsində bir neçə baş iri və xırda buynuzlu heyvanı saxlayır. Cavabdehlər Cavabdeh1 və X6 İmişli rayonu, Xəlfəli kənd sakinləri kimi tanıyır. Belə ki, cavabdehlər Cavabdeh1 və X9 onun icarəsində olan çöl otlaq sahəsininin yaxınlığında mal-qara saxlayırlar. 22 mart 2021-ci il tarixdə, təxminən saat 14:00 radələrində Cavabdeh1 arvadı X9 özlərinə məxsus bir neçə iti ona məxsus 1 (bir) baş inəyin üzərinə salmış, həmin itlər inəyi dişləmiş və eləcə də, Xəlidə xanım ağac parçası ilə inəyi vuraraq, ona ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Baş vermiş hadisə nəticəsində ona 1000 (min) AZN məbləğində maddi zərər dəymişdir. O, bu hadəsini təxminən 500 (beş yüz) metr məsafədən görmüşdür. Eyni zamanda bildirir ki, heyvanların otarıldığı həmin ərazidə sahibsiz itlər vardır. Bu barədə İmişli Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin İmişli Rayon Polis X2 təhqiqatçısı, polis kapitanı X11 tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 aprel 2021-ci il tarixli qərar qəbul edilmişdir. Daha sonra, o, dəymiş maddi zərərin ödənilməsi üçün cavabdeh tərəfə müraciət etmiş, lakin müraciətinin heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də, o, cavabdehlər Cavabdeh1 və X5 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bütün bunları nəzərə alaraq, cavabdehlər Cavabdeh1 və X3 dəymiş maddi zərərin əvəzi olaraq 1000 (min) AZN məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) AZN məbləğində dövlət rüsumunun tutularaq, özünün xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini rədd edərək, izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Xəlfəli kəndində yaşayır və heyvandarlıq ilə məşğul olur. Belə ki, o, bir neçə baş iri və xırda buynuzlu heyvanı İmişli rayonu, Xəlfəli kəndi ərazisində çöl otlaq sahəsində saxlayıram. Digər cavabdeh X9 onun arvadıdır. İddiaçı Şamaxı rayonu, Quşçu kənd sakini kimi tanıyır. Belə ki, İddiaçı onun heyvan saxladığı çöl otlaq sahəsininin yaxınlığında mal-qara saxlayır. Onların çöl otlaq sahələri arasında məsafə təxminən 1 (bir) km.,dir. Eyni zamanda qeyd edir ki, İddiaçı dedikləri heç də həqiqətə uyğun deyildir. Belə ki, İddiaçı məxsus 1 (bir) baş inəyə həmin ərazidə olan sahibsiz itlər hücum edərək, müxtəlif dərəcəli bədən xəsarəti yetirmişdir. Sadəcə olaraq, onun arvadı X9 təsadüfən həmin ərazidə olan zaman sahibsiz itlərin inəyin üzərinə hücum etdiyini görüb, çomaq ilə həmin itləri qovmağa çalışmışdır. İddiaçı özü də dəqiq bilir ki, həmin ərazidə sahibsiz itlər çoxdur və ona məxsus 1 (bir) baş inəyə məhz sahibsiz itlər hücum etmişdir. Hesab edir ki, İddiaçı ona qarşı irəli sürdüyü iddia tələbi şər və böhtan xarakterlidir. Eyni zamanda bildirir ki, İddiaçı ona qarşı şər-böhtan atmaqla, ondan əsassız olaraq pul tələb etmək fikrindədir. Bütün bunları nəzərə alaraq, İddiaçı ona qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddianın rədd edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında digər cavabdeh X9 iddia tələbini rədd edərək, Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İmişli Rayon İcra Hakimiyyəti Başçısının Xəlfəli, Kürdmahmudlu və Hacalmuradlı Kəndləri üzrə Nümayəndəliyi tərəfindən müvafiq qaydada təsdiq edilərək tərtib edilmiş 227 saylı, 12 aprel 2021-ci il tarixli arayışdan görünür ki, Şamaxı rayonu, Quşçu kənd sakini İddiaçı İmişli rayonu, Xəlfəli kəndi ərazisində 500 (beş yüz) baş xırdabuynuzlu və 50 (əlli) baş iribuynuzlu malqara saxlayır. İş materillarında olan müvafiq qaydada təsdiq edilmiş 23 mart 2021-ci il tarixli “heyvana baxış akt”ından görünür ki, Şamaxı rayonu, Quşçu kənd sakini İddiaçı məxsus 1 (bir) baş inəyin bədəni üzərində bir neçə kəsici-deşici xəsarətlər aşkar edilmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 aprel 2021-ci il tarixli qərarın surətindən görünür ki, vətəndaş İddiaçı Sağacan oğlunun müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığı üçün İmişli Rayon Polis X2 təhqiqatçısı, baş kapitanı X10 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı İmişli rayonu, Xəlfəli kəndi ərazisində 500 (beş yüz) baş xırdabuynuzlu və 50 (əlli) baş iribuynuzlu mal-qara saxlayır. Bundan başqa, İddiaçı məxsus 1 (bir) baş inəyin bədəni üzərində bir neçə kəsici-deşici xəsarətlər aşkar edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş həmin hallar mülki işin “mübahisəsiz faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə tədqiqi zamanı müəyyən edilmiş...1. İddiaçı məxsus 1 (bir) baş inəyə məhz cavabdehlər Cavabdeh1 və X5 məxsus itlərin hücum edibetməməsi və bunun nəticəsində inəyə ağır dərəcəli bədən xəsarətinin yetirilibyetirilməməsi; 2. İddiaçı məxsus 1 (bir) baş inəyin məhz cavabdeh X9 tərəfindən ağac parçası ilə döyülməsi və bunun nəticəsində inəyə ağır dərəcəli bədən xəsarətinin yetirilibyetirilməməsi və 3. İddiaçı məhz cavabdehlər Cavabdeh1 və X4 təqsiri, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından maddi zərərin dəyib-dəyməməsi kimi hallar mülki işin “mübahisəli faktiki halları” kimi qiymətləndirilməlidir. Məhkəmə ilk əvvəl irəli sürülmüş iddia tələbi ilə bağlı hesab edir ki, iddia tələbinin qanuni əsası “delikt”dir. Belə ki, işin faktiki hallarına əsasən tərəflər arasında mülki hüquqlar və vəzifələr başqa şəxsə zərər vurulması əsasında əmələ gəlmişdir. Tərəflər arasında formalaşmış mülki hüquq münasibətlərinin əsasını “mülki hüquq pozuntusu” təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən qanunun normasının tərəflərdən birinə (kreditor) digər tərəfdən (borclu) hər hansı bir icranın həyata keçirilməsini və ya həyata keçirilməsini tələb etməyə imkan/əsas verməsi iddia tələbinin qanuni əsası hesab edilir. Həm iddia tələbinin, həm də məhkəmə qərarının qanuni əsası olmalıdır. Yəni borclu barəsində müəyyən məcburetmə tədbirlərinin həyata keçirilməsi tələbinin və məhkəmənin həmin məcburetmə tədbirlərinin həyata keçirilməsinə dair qərarının əsasə qanundan irəli gəlməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən “mülki hüquq pozuntusuna (delikt)” görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edilən şəxslər fiziki və hüquqi şəxslərin əmlak və ya qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gələn zərərə görə mülki məsuliyyəti daşıyır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən ilk əvvəl mülki hüquq pozuntusuna (delikt) görə şəxsin təqsirinin olub-olmaması müəyyən edilməli, təqsirli olması müəyyən edildiyi təqdirdə isə daha sonra delikt törətmiş şəxsin mülki hüquq məsuliyyəti həddi araşdırılmalıdır. Bu səbəbdən də, iş üzrə hüquqi əhəmiyyət kəsb edən mülki hüquq pozuntusuna (delikt) görə cavabdeh tərəfin təqsirli olub-olmaması məsələsinə hüquqi qiymət verilmədən mülki hüquq məsuliyyəti həddinin araşdırılmasına hüquqi əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən ilk növbədə qeyd edilən işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıb-uzlaşmadığına qiymət verilməlidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtlərinə, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Mülki prosessual hüququn ümumi sistemindən irəli gələn “prosessual qənaət” prinsipinə əsasən əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi işin mübahisəli faktiki halları məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığı üçün iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi və işin mübahisəli faktiki hallarını, xüsusilə, məhz cavabdehlər Cavabdeh1 və X4 təqsiri, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkət və ya hərəkətsizlik) ucbatından ona maddi zərərin dəyməsini əsaslandıra bilməmiş və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Ümumiyyətlə, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar kifayət qədər güclü, aydın, bir-birinə uyğun və təkzib olunmaz faktlara deyil, yalnız formal mülahizələrə əsaslanmış və gətirdiyi dəlillər əsaslı hesab edilə bilməz. Məhkəmə “heyvana baxış aktı”nın mötəbər sübut kimi qəbul edilib-edilməməsi məsələsi ilə bağlı hesab edir ki, İddiaçı məxsus 1 (bir) baş inəyə çöl ərazidə sahibsiz itlərin hücum etməsi ehtimalı daha yüksəkdir. Bundan başqa, aktı imzalayan şəxslər tərəfindən İddiaçı məxsus 1 (bir) baş inəyə baxış keçirilməklə, məhz cavabdeh tərəfə məxsus itlərin hücum etməsi və (və ya) cavabdeh tərəfdən ağac parçası ilə döyülərək, müxtəlif dərəcəli bədən xəsarətinin yetirməsi qənaətinə gəlmir. Bundan başqa, baxış aktı mövcud iş üzrə ilk əvvəl hüquqi əhəmiyyət kəsb edən mülki hüquq pozuntusuna (delikt) görə “cavabdehlər Cavabdeh1 və X4 təqsirli olub-olmamasını” müəyyən etmir, mövcud vəziyyəti əks etdirir və yalnız texniki məsələlərlə bağlı kömək xarakteri daşıyır. Belə ki, baxış aktı ilə İddiaçı məxsus 1 (bir) baş inəyin müxtəlif dərəcəli bədən xəsarəti alması və onun maddi ziyana məruz qalması müəyyən edilsə də, lakin 1 (bir) baş inəyə məhz cavabdehlər Cavabdeh1 və X5 məxsus itlərin hücum etməsi və (və ya) cavabdeh tərəfdən ağac parçası ilə döyülərək, müxtəlif dərəcəli bədən xəsarətinin yetirməsi və bunun nəticəsində İddiaçı maddi zərərin dəyməsi sübuta yetirilmir. Bu səbəbdən də, baxış aktı iş üzrə hüquqi əhəmiyyət kəsb edən mülki hüquq pozuntusuna (delikt) görə cavabdeh tərəfin təqsirli olub-olmaması məsələsinə hüquqi qiymət verilmədən mövcud işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoymadığı üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 64.1-ci maddəsinə əsasən əsasən işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Kovnensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, sübutları qiymətləndirilən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada “mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına” əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hakimə bütövlükdə işin faktiki hallarını təqdim etmək və qarşı tərəfin məruzəsinə öz fikirlərini birdirmək tərəflərin vəzifəsidir. Bir qayda olaraq, tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Sübut etməli olan tərəf özü üçün əlverişli olan halları sübut edə bilmirsə, bu, onun ziyanınadır. Bu, üzərinə sübutetmə vəzifəsi düşən tərəfin, ümumiyyətlə, sübut təqdim etmədiyi və ya təqdim etdiyi sübutların hakimi inandıra bilmədiyi hallarda baş verir. Belə olduğu təqdirdə, hakim irəli sürülmüş iddianı təmin edəcək. İddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallarını tam şəkildə məhkəməyə bildirməlidir. O, bu öhdəliyini yerinə yetirmirsə, onun iddiası elə həmin səbəbdən rədd edilməlidir. Bu halda hakim öz təşəbbüsü ilə iddianı əsaslandıran faktları araşdıra və sübutlar tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, sübutetmə yükünün bölüşdürülməsi qaydasına əsasən iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi və mülki işin mübahisəli faktiki hallarını əsaslandıra bilmədiyi, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və eləcə də, bu hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X5 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə X1 Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar