Məhkəmə qərarları › İş №2(036)-1660/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1660/2021

27.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1660/2021 27.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X3 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı avtomobilə vurulmuş maddi zərərin əvəzi qismində 4.675 manat, iddiaçının müalicəsi üçün sərf edilmiş vəsaitin əvəzi qismində 8.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 13.205 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb, iddiaçıya verilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı avtomobilə vurulmuş maddi zərərin əvəzi qismində 4.675 manat, iddiaçının müalicəsi üçün sərf edilmiş vəsaitin əvəzi qismində 8.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 13.205 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb, iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 21 dekabr 2018-ci il tarixdə, saat 13 radələrində o, özünə məxsus «Niva» markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, R.Əliyev küçəsi ilə saatda 50 kilometr sürətlə hərəkətdə olarkən təxminən 60-70 metr məsafədən qarşıdan «VAZ 21063» markalı ağ rəngli avtomobilin gəldiyini görmüşdür. Təxminən 20 metr məsafədə həmin avtomobil yolda olan çuxurdan yan keçmək üçün əks hərəkət zolağına, yəni onunla hərəkət istiqamətinə çıxmışdır. Buna görə də o, məcburiyyət qarşısında qalaraq idarə etdiyi avtomobili qarşı hərəkət zolağına çıxarmışdır. Təxminən 5-10 metr məsafədə həmin avtomobil yenidən öz yoluna qayıtmış və o, həmin avtomobillə toqquşmamaq üçün sola, yəni yoldan kənara tərəf sükanı döndərsə də, həmin vaxt idarəetməni itirib «VAZ 21063» markalı avtomobillə toqquşub yolun sol tərəfindəki ağaca dəyməklə dayanmışdır. Bundan sonra hadisə yerinə onun tanımadığı adamlar toplaşmış və ona köməklik edib, İmişli Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Həmin hadisə vaxtı onun ayağı sınmış və avtomobilinə 4.675 manat məbləğində maddi ziyan dəymişdir. O, qeyd olunan hadisə zamanı aldığı xəsarətlərin sağalması üçün uzunmüddətli müalicə kursu keçmiş və bu məqsədlə yalnız Azərbaycan Respublikasında 1.900 manat məbləğində vəsait sərf etmişdir. Sonradan o, aldığı xəsarətlərin sağalmadığını görmüş və bu səbəbdən də daha yaxşı müalicə olunmaq məqsədi ilə İran İslam Respublikasına getmişdir. İran İslam Respublikasında isə o, Cavabdeh təqsirli hərəkələri nəticəsində onun sağlamlığına vurulmuş zərərin aradan qaldırılması üçün əlavə 5.300 manat məbləğində pul vəsaiti sərf etmişdir. Lakin bundan sonra da o, evdə müalicə olunmaq üçün daha 1.300 manat məbləğində pul vəsaitini xərcləmişdir. Beləliklə də cavabdeh ona məxsus avtomobilə 4.675 manat, sağlamlığına isə 8.500 manat məbləğində maddi zərər vursa da, həmin zərərin aradan qaldırılması üçün ona heç bir maddi yardım göstərməmişdir. Buna görə də o, məhkəmədə iddia qaldırmışdır. Sonda İddiaçı iddianın təmin edilməsi, avtomobilə vurulmuş maddi zərərin əvəzi qismində 4.675 manat, iddiaçının müalicəsi üçün sərf edilmiş vəsaitin əvəzi qismində 8.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 13.205 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb, iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və həmçinin cavabdehin iddia tələbini qəbul etməsinə görə avtomobilə vurulmuş maddi zərərin əvəzi qismində 4.675 manat, onun müalicəsi üçün sərf edilmiş vəsaitin əvəzi qismində 3.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb, ona verilməsinə dair qətnamə qəbul olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, 21 dekabr 2018-ci il tarixdə, saat 12 radələrində İmişli şəhəri, R.Əliyev küçəsində «VAZ 21063» markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar o, İmişli Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli hökmü ilə Azərbycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Həmin hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. O, öz cinayət əməli nəticəsində iddiaçıya maddi zərər vurulmasını qəbul etsə də, həmin zərərin məbləği ilə razı deyildir. Belə ki, o, İddiaçı məxsus avtomobilə 4.675 manat məbləğində zərər vurduğunu və İddiaçı sağlamlığına vurulmuş zərərin nəticələrinin aradan qaldırılması üçün sonuncunun 3.000 manat məbləğində vəsait sərf edildiyini düşünür. Buna görə də o, iddianı qismən qəbul edir. Sonda Cavabdeh iddianın qismən, yəni vurulmuş maddi zərərin əvəzi qismində 4.675 manat, iddiaçının müalicəsi üçün sərf edilmiş vəsaitin əvəzi qismində 3.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 7.705 manat məbləğində pul vəsaitinin ondan alınıb, iddiaçıya verilməsinə dair hissədə təmin olunmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahş etdi. İşdə olan İmişli Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli, 1(036)-50/2019 saylı hökmünü surətindən görünür ki, Cavabdeh 21 dekabr 2018-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi «VAZ 21063» markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, R.Əliyev küçəsində Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən, hərəkət zamanı diqqətini avtomobilin idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmamalı, avtomobili öz hərəkət zolağı ilə idarə etməli, qarşıdan əks istiqamətdə nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə idarə etdiyi avtomobili əks hərəkət zolağına çıxarmamalı və hərəkət üçün təhlükə yaratmamalı olduğu halda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, etinasızlıq etməklə hərəkət istiqamətindəki çuxura düşməmək üçün qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan İddiaçı idarə etdiyi avtomobilin hərəkət zolağına çıxaraq yol hərəkəti üçün təhlükəli şərait yaratmış, təhlükədən yayınmaq məqsədi ilə sonuncunun idarə etdiyi avtomobili qarşı hərəkət zolağına çıxarmasına baxmayaraq, o, yenidən öz hərəkət zolağına qayıdaraq ə toqquşmuş və nəticədə ehtiyatsızlıqdan İddiaçı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almasına və sonuncuya 4.675 manat məbləğində maddi ziyan vurulmasına, habelə «VAZ 21214» markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağında əyləşmiş X1 alın nahiyəsinin sol hissəsində yara ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarət almasına səbəb olmuşdur. Həmin əməlinə görə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 181.2.3-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 65.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh 21 dekabr 2018-ci il tarixdə törətdiyi cinayət əməli nəticəsində İddiaçı sağlamlığına az ağır və sonuncunun mülkiyyətində olan «VAZ 21214» markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Müki işə məhkəmədə baxılarkən cavabdeh həmin cinayət nəticəsində iddiaçının mülkiyyətində olan «VAZ 21214» markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtomobilə 4.675 manat məbləğində maddi zərər dəyməsini və eləcə də iddiaçının sağlamlığına vurulmuş zərərin aradan qaldılması üçün həmin şəxsin müalicəsinə 3.000 manat məbləğində vəsait sərf olunmasını qəbul etmiş, avtomobilə vurulmuş maddi zərərin əvəzi qismində 4.675 manat, iddiaçının müalicəsi üçün sərf edilmiş vəsaitin əvəzi qismində 3.000 manat məbləğində pul vəsaitinin ondan iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasına etirazının olmadığını bildirmişdir. Həmçinin iddiaçı da avtomobilə vurulmuş maddi zərərin əvəzi qismində 4.675 manat, iddiaçının müalicəsi üçün sərf edilmiş vəsaitin əvəzi qismində 3.000 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına etiraz etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, idda qismən təmin edilməli, Cavabdeh avtomobilə vurulmuş maddi zərərin əvəzi qismində 4.675 manat və iddiaçının müalicəsi üçün sərf edilmiş vəsaitin əvəzi qismində 3.000 manat cəmi 7.675 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb, İddiaçı verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iş üzrə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 20 manat məbləğində pul vəsaitini Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi qismində avtomobilə vurulmuş maddi zərərin əvəzi qismində 4.675 (dörd min altı yüz yetmiş beş) manat, iddiaçının müalicəsi üçün sərf edilmiş vəsaitin əvəzi qismində 3.000 (üç min) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 20 (iyirmi) manat, cəmi 7.695 (yeddi min altı yüz doxsan beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasiına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar