Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1684/2021 16.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Büsat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahlarından doğulmuş 11 noyabr 2002-ci il təvəllüdlü X2 X5 Kollecində təhsil aldığı üçün onun əlavə xərclərinə görə atası Cavabdeh hər ay sabit pul məbləğində 200 manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə birgə nikahlarından 11 noyabr 2002-ci il təvəllüdlü X4 və 01 dekabr 2003-cü il təvəllüdlü X3 adlı iki uşaqları olmuşdur. O, cavabdehlə ayrıldıqdan sonra Hacıqabul rayon məhkəməsinin 07 sentyabr 2011-ci il tarixli qətnaməsinə əsasən iki uşağın saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat alimentin alınaraq ona verilməsi barədə qərar qəbul edilmişdir. Sonradan isə həmin aliment onu qane etmədiyi üçün İmişli rayon məhkəməsinə müraciət etmiş və İmişli rayon məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən alimentin məbləği artırılaraq hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat müəyyən olunmuşdur. Daha sonra isə yenidən İmişli Rayon Məhkəməsinə alimentin miqdarının artırılması ilə əlaqədar müraciət etmiş və yenidən məhkəmə tərəfindən iki uşağın saxlanması üçün alimentin miqdarı artırılaraq hər uşaq üçün 160 manat, cəmi 320 manat təyin edilmişdir. O, həmin alimentin oğlu Kənanın payına düşən hissəsini 18 yaşına kimi almışdır. Hazırda oğlu Kənan X5 Kollecinin “Mühasibat uçotu” ixtisasının (9 illik bazadan) 1-ci kursunda ödənişli əsaslarla əyani təhsil almaqla tələbədir. O, oğlu Kənanın təhsil haqqını ödəməkdə çətinlik çəkir, cavabdeh oğluna maddi köməklik etmir. Ona görə də hazırkı tələb ilə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, iddiaçı ilə nikahları pozulduqdan sonra məhkəmə qətnaməsi ilə uşaqların saxlanılması üçün ondan hər ay 160 manat alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmış və o, hər ay vaxtı-vaxtında uşağına aliment ödəmişdir. Hazırda isə uşağı yetkinlik yaşına çatmışdır. O, 1-ci Qarabağ müharibəsi veteranıdır, hazırda xəstədir, uzun müddətdir ki, müalicə olunur. Müalicə olunmasına maddi imkanı çatmadığına görə "xxxx" ASC-dən 48 ay müddətinə kredit götürmüş, hər ay banka 119 manat ödəniş edir. Həmin kreditin ödənilməsi isə 2025-ci ildə başa çatacaqdır. Onun maddi imkanı olsa bankdan yüksək faizlə kredit götürməzdi. Odur ki, bütün bunların nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından olan və məhkəmə iclasında tədqiq olunmuş; Hacıqabul rayon məhkəməsinin 07 sentyabr 2011-ci il tarixli, 2(071)-212/2011 saylı qətnaməsindən görünür ki, 11 noyabr 2002-ci il təvəllüdlü X4 və 1 dekabr 2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər uşağa görə 60 manat olmaqla, ümumilikdə 120 manat alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İmişli rayon məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli, 2(036)-5011/2017 saylı qətnaməsindən görünür ki, Hacıqabul rayon məhkəməsinin 07 sentyabr 2011-ci il tarixli, 2(071)-212/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay, hər uşağa görə 100 manat olmaqla, ümumilikdə, 200 manat sabit pul məbləğində aliment 19 sentyabr 2017-ci il tarixdən başlayaraq tutulub 11 noyabr 2002-ci il təvəllüdlü X4 və 1 dekabr 2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İmişli rayon məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 2(036)-353/2020 saylı qətnaməsindən görünür ki, İmişli rayon məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli, 2(036)- 5011/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay, hər uşağa görə 160 manat olmaqla, ümumilikdə, 320 manat sabit pul məbləğində aliment qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 11 noyabr 2002-ci il təvəllüdlü X4 və 1 dekabr 2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə görə valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarına əsasən uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarını və iddiaçının yetkinlik yaşına çatmış uşağının maddi yardıma ehtiyacının olması ilə yanaşı eyni zamanda onun əmək qabiliyyətinin olmamasının müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1684/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1684/2021
16.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver