Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1710/2021 31.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X2 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı İmişli şəhəri, Xiyabani küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinə vurulmuş zərərin əvəzi qismində 3.550 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 3.580 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb, iddiaçıya verilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı İmişli şəhəri, Xiyabani küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinə vurulmuş zərərin əvəzi qismində 3.550 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 3.580 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb, iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək, göstərdi ki, Cavabdeh ilə onun anaları eyni olsa da, ataları başqa adamdır, yəni ögey bacı-qardaşdırlar. O, bir neçə il bundan əvvəl Cavabdeh İmişli şəhəri, Xiyabani küçəsində, 26 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsi almış və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Hətta 05 iyun 2013-cü il tarixdə İmişli Bələdiyyəsinin və «Daşınmaz əmlakın qiymətləndirilməsi xidməti» məhdud məsuliyyətli cəmiyyətinin əməkdaşları həmin evə baxış keçirməklə qiymətləndirmə aparmış və onun dəyərinin 14.663 manat olduğunu müəyyən etmişlər. Lakin cavabdeh münaqişəli vəziyyət yaratmaqla qeyd olunan evdə yaşamaq üçün ona imkan verməmiş və buna görə də o, başqa ünvanda kirayə tutduğu mənzildə yaşamağa başlamışdır. Bir müddət bundan əvvəl isə Cavabdeh onun İmişli şəhəri, Xiyabani küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinin həyətindəki 1.500 manat dəyərində tikinti materiallarını, bununla yanaşı həmin evin həyətindəki 1.500 manat dəyərində daş hasarı söküb, mişar daşını və 150 manat dəyərində darvazanı söküb, darvazanı aparmışdır. Bundan başqa, Cavabdeh ona məxsus həmin fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi üçün ondan 300 manat və işıq xəttinin çəkilməsi üçün 100 manat məbləğində pul vəsaiti alsa da, göstərilən işlərin heç birini görməmiş, əksinə ona aid su sayğacını qırmış və evinin qarşısında kanalizasiya quyusu qazmışdır. Bütün bunlara görə ona 3.550 manat məbləğində maddi ziyan dəymişdir və həmin məbləğdə pul vəsaiti cavabdehdən tutulub ona ödənilməlidir. Sonda İddiaçı iddianın təmin olunması, İmişli şəhəri, Xiyabani küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinə vurulmuş zərərin əvəzi qismində 3.550 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 3.580 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb, iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun ögey bacısıdır və onlar arasında şəxsi münasibətlər zəminində münaqişə vardır. Qeyd olunan səbəbdən də İddiaçı müxtəlif vasitələrlə ona təsir göstərməyə çalışır. İmişli şəhəri, Xiyabani küçəsində, 26 saylı ünvanda yerləşən fərdi yaşayış evi isə onun mülkiyyətindədir və heç bir vaxt o, həmin evi, eləcə də evin yerləşdiyi torpaq sahəsini iddiaçıya satmamışdır. Buna görə də iddiaçı bəhs edilən evin öz mülkiyyətində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmir. Belə olan halda isə iddia təmin edilə bilməz. Sonda Cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı İmişli şəhəri, Xiyabani küçəsində, 26 saylı ünvanda yerləşən və mülkiyyətində olan fərdi yaşayış evinə Cavabdeh tərəfindən 3.550 manat məbləğində maddi ziyan vurulmasını bildirsə də, həmin fərdi yaşayış evinin onun mülkiyyətində olduğunu təsdiq edən sübutları, yəni torpaq sahəsinin alqı-satıqısına dair notariat qaydasında təsdiq olunmuş müqaviləni və ya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair çıxarışı məhkəməyə təqdim edə bilməmiş, yalnız İmişli Bələdiyyəsi və «Daşınmaz əmlakın qiymətləndirilməsi xidməti» məhdud məsuliyyətli cəmiyyəti tərəfindən İddiaçı adına tərtib olunmuş fiziki və hüquqi şəxslərin istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlini məhkəməyə təqdim etməklə kifayətlənmişdir. Halbuki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1 və 146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli Qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə... ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır... Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni məhz onun mülkiyyətində olan əmlaka Cavabdeh tərəfindən maddi zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, yalnız öz izahatı və iddianın təmin olunmasına dair xahişi ilə kifayətlənmişdir. Məhkəmə qeyd olunanları, yəni İddiaçı İmişli şəhəri, Xiyabani küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinə maddi zərər vurulmasına dair məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquqlara malik olmamasını və eləcə də maddi zərər vurulmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı İmişli şəhəri, Xiyabani küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinə vurulmuş zərərin əvəzi qismində 3.550 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 3.580 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb, iddiaçıya verilməsi barədə iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı İmişli şəhəri, Xiyabani küçəsində yerləşən 26 saylı fərdi yaşayış evinə vurulmuş zərərin əvəzi qismində 3.550 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 3.580 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1710/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1710/2021
31.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver