Məhkəmə qərarları › İş №2(036)-1788/2021

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1788/2021

11.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1788/2021 11.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X3 Hacıyevin sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçının, Cavabdeh iştirakları ilə, İddiaçının Cavabdeh qarşı vurulmuş zərərin əvəzi qismində 2.100 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb, iddiaçıya verilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzi qismində 2.100 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb, iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək, göstərdi ki, 2021-ci ilin yay aylarında onun ailəsinə at lazım olmuşdur. Buna görə o, 2021-ci ilin may ayının əvvəllərində bir rəs at almaq üçün qohumu X2 1.500 manat məbləğində pul vermiş və A.K.Nəbiyev 1 rəst alıb gətirmişdir. Həmin at ilk vaxtlar bir az axsamışdır. Lakin atın aldığı gün axşam saatlarında atın axsamağı artmış və buna görə də A.K.Nəbiyev atı aldığı şəxslə əlaqə saxlamışdır. Bu zaman atı satan şəxs atın axsamağının bir qədər sonra dayanacağını bildirmişdir. Buna baxmayaraq, atın axsamağı dayanmamışdır. O, sonradan atı A.K.Nəbiyevə satan şəxsin Cavabdeh olduğunu bilmiş və Cavabdehlə əlaqə saxlayaraq, ona dəymiş zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. Belə ki, o, atın alınmasına görə 1.500 manat məbləğində, atın sağalması üçün dərman alınmasına görə 400 manat, əlavə yol xərcinə görə 200 manat, cəmi 2.100 manat məbləğində vəsait sərf etmişdir. Buna baxmayaraq, Cavabdeh ona vurulmuş zərəri ödəməkdən imtina etmişdir. Sonda İddiaçı iddianın təmin olunmasını, vurulmuş zərərin əvəzi qismində 2.100 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb, ona verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, İmişli rayonunun Yeni Bəhrəmtəpə qəsəbəsində yaşayır. 2021-ci ilin may ayında o, təsərrüfatında olan bir baş atı kişi cinsindən olan tanımadığı bir nəfər şəxsə satmış və həmin vaxt at sağlam olmuşdur. Atı satdığı şəxs kişi cinsindən olduğuna görə o, atı satdığı şəxsin İddiaçı olmadığını dəqiq xatırlayır. Həmçinin həmin vaxt iddiaçı atın satıldığı yerdə olmamış və alqı-satqıda iştirak etməmişdir. Qeyd olunan səbəbdən də tanımığı və aralarında heç hüquq münasibəti olmayan şəxsin ona qarşı iddia verməsi qanuna uyğun deyildir və iddia rədd edilməlidir. Sonda Cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, mübahisənin yaranma əsası qismində göstərilən alqı-satqı müqaviləsi tərəflər arasında bağlanmamış və onlar arasında həmin alq-satqı müqaviləsindən yaranan münasbitlər, eləcə də hüquq və vəzifələr mövcud olmamışdır. Məhkəmə iclasında qeyd edilən xüsusat iddiaçının nəzərinə çatdırılmasına və əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi təklif olunmasına baxmayaraq, İddiaçı əsl olmayan iddiaçının əsl iddiaçı əvəz edilməsinə razı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, məhkəmə mülki işə irəli sürülmüş tələblər üzrə baxmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli Qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə... ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır... Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, yalnız öz izahatı və iddianın təmin olunmasına dair xahişi ilə kifayətlənmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçının Cavabdeh qarşı vurulmuş zərərin əvəzi qismində 2.100 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb, iddiaçıya verilməsi barədə iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçının Cavabdeh qarşı vurulmuş zərərin əvəzi qismində 2.100 manat məbləğində pul vəsaitinin cavabdehdən alınıb, iddiaçıya verilməsi barədə iddiası rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar