Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-1895/2021 19.08.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı “alimentin miqdarının azaldılması tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X4 ilə birgə nikahlarından doğulmuş 05.02.2003-cü il təvəllüdlü X5, 11.05.2005-ci il təvəllüdlü X6 və 05.03.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İmişli Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2(036)-2688/2019 saylı qətnaməsinə əsasən cavabdehdən hər ay onun xeyrinə tutulması müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək 200 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, İmişli Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2(036)-2688/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından doğulmuş uşaqları analarının yanında saxlanılmış və 05.02.2003-cü il təvəllüdlü X5, 11.05.2005-ci il təvəllüdlü X6 və 05.03.2008ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan hər ay hər bir uşaq üçün 160 manat olmaqla, 480 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, hazırda "xxxx" ASC-də işləyir və 429 manat əmək haqqı alır. Aldığı əmək haqqı alimentin tam ödənilməsinə kifayət etmir. Həmçinin cavabdehlə birgə nikah dövründə götürdükləri krediti o, ödəyir. Buna görə hər ay onun əmək haqqısından 112 manat tutulur. Ona görə də alimentin miqdarının azaldılaraq 200 manat məbləğində müəyyən edilməsini xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, "xxxx" MMC-də xadimə işləyir və 264 manat əmək haqqı alır. Hazırda o, uşaqları ilə birlikdə kirayədə qalır və aldığı əmək haqqından 200 manat kirayə haqqı ödəyir bununla yanaşı mənzilin fəsilə uyğun olaraq kommunal xərcləri də vardır. Aladığı əmək haqqı onun mənzil kirayə və kommunal xərclərinə belə kifayət etmir. Uşaqların saxlanılması xərcləri isə alimentlə bağlıdır. Belə ki, iddiaçı bir ay aliment ödəməzsə və ya az ödəyərsə uşaqların maddi tələbatlarını ödəməkdə çətinlik çəkə bilər. Həmçinin uşaqları böyüdükcə onların saxlanması üçün çəkilməli xərclər də artır. Ona görə də, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki, İmişli Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli 2(036)-2688/2019 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş doğulmuş 05.02.2003-cü il təvəllüdlü X5, 11.05.2005-ci il təvəllüdlü X6 və 05.03.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün İddiaçı hər ay hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. İşdən göründüyü kimi tərəflərin birgə nikahlarından doğulmuş doğulmuş 05.02.2003cü il təvəllüdlü X5 yetkinlik yaşına çatdığından iddiaçıdan ona aid hissədə alimentin tutulması dayandırılmış, bununla da iddiaçının aylıq aliment öhdəliyi 160 manat azalmışdır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 16 avqust 2021-ci il tarixli arayışdan görünür ki, X4 01 oktyabr 2020-ci il tarixdən "xxxx" MMC-də işləyir. O, "xxxx" MMC-də xadimə vəzifəsini tutur. Ümumi ştat cədvəlinə uyğun olaraq, aylıq əmək haqqı 264 (iki yüz altmış dörd) manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra-Konvensiya) 7 saylı Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Nikakın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbi barədə işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 3217-cı il tarixli 8-2/16 nömrəli qərarına əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanşacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-1895/2021
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-1895/2021
19.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver