Məhkəmə qərarları › İş №2(036)-1942/2021

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(036)-1942/2021

28.07.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(036)-1942/2021 28.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, Kreditor MMC-nin Borclu qarşı “borcun ödənilməsi” tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizənin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Kreditor MMC Borclu qarşı “borcun ödənilməsi” tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasında imtina olunmalıdır. Belə ki, Kreditor MMC-nin Borclu qarşı “borcun ödənilməsi” tələbi sadə yazılı formada bağlanmış əqdə əsaslansa da, lakin tələbi təsdiq edən müvafiq sənədlər məhkəməyə təqdim edilməmiş, eləcə də, hesablanmış cərimə məbləği barədə mübahisə vardır. Bundan başqa, Kreditor MMC ərizədə Borclu “borcun ödənilməsi barədə” pretenziya qaydasında xəbərdarlıq edildiyi barədə məlumatı göstərsə də, lakin qeyd edilən məsələ ilə bağlı müvafiq tənzimlənmənin həyata keçirilməsini yəni, kreditor tərəfindən həqiqətən də rəsmi qaydada xəbərdarlıq edilməsini ərizə, ona əlavə edilmiş sənədlərdə müəyyən etmək mümkün deyildir və bununla bağlı məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən iddiaçı tərəf mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənədi məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən iddia ərizəsində müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə əmri verməkdən imtina üçün əsasdır. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa, məhkəmə əmri verməkdən imtina üçün əsasdır. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, Kreditor MMC-nin cavabdeh Borclu qarşı “borcun ödənilməsi” tələbini təsdiq edən müvafiq sənədlər məhkəməyə təqdim edilmədiyi, hesablanmış cərimə borcu barədə mübahisə olduğu və eləcə də, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilmədiyi üçün Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276, 279, 263, 264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Kreditor MMC-nin Borclu qarşı “borcun ödənilməsi” tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar