Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-212/2023 06.03.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdehnа qarşı “kanalizasiya tikintisi qurğusunun sökülməsi tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İmişli şəhəri, S.Fətəliyev küçəsində qanunsuz inşa etdiyi kanalizasiya qurğularını öz hesabına sökməsi və qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etdi və izahatında göstərdi ki, İmişli şəhəri, S.Fətəliyev küçəsində onun fərdi yaşayış evi vardır, evinə gedən yol Cavabdeh yaşadığı evin qarşısından keçir. Cavabdeh həmin yolun üzərində qanunsuz olaraq kanalizasiya quyusu qazaraq üstünü örtmüşdür, həmin kanalizasiya onun fərdi yaşayış evinə gələn yük maşınlarının keçməsinə mane olur. Ona görə də cavabdehdən dəfələrlə kanalizasiya quyusunu ləğv etməsini və qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə hazıkı tələblə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, bütün bunların nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə onun fərdi yaşayış evi arasında xeyli məsafə vardır. O, öz həyət qapısının yanında kanalizasiya qurğusu inşa etmişdir. Həmin kanalizasiya qurğusu yolun kənarında olsa da heç bir nəqliyyat vasitəsinin keçidinə mane olmur və istənilən növ yük avtomobil həmin yolu sərbəst keçə bilər. Odur ki, iddia tələbini əsassız hesab edir və rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Аzərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 14 fevral 2023-cü il tarixdə mübahisə olunan əraziyə yerli baxış zamanı məhkəmə müəyyən etmişdir ki, mübahisə olunan kanalizasiya quyusu cavabdehin həyət qapısının yaxınlığında, yol kənarında inşa edilmişdir, cavabdehin çirkab sularını axıtması üçün öz həyətində kanalizasiya quyusu inşa etmək üçün münasib yer yoxdur, inşa etdiyi kanalizasiya quyusu avtomobillərin hərəkətinə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №2(036)-212/2023
İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(036)-212/2023
06.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver