Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(036)-2446/2024 23.12.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki mübahisə (açar sözlər: alimentin artırılması) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı Cavabdeh qarşı İmişli rayon məhkəməsinin 2(036)-630/2021 saylı, xx.xx.2021-ci il tarixli adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 130 manat tutulub iddiaçıya ödənilən alimentin miqdarının artırılaraq hər ay 235 manat müəyyən edilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı İmişli rayon məhkəməsinin 2(036)-630/2021 saylı, xx.xx.2021-ci il tarixli adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay 130 manat tutulub iddiaçıya ödənilən alimentin miqdarının artırılaraq hər ay 235 manat müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X2 adlı uşağı anadan olmuşdur. Uşaq hazırda iddiaçının himayəsində yaşayır. İddiaçı cavabdehlə ayrılmış, ayrıldıqdan sonra cavabdeh uşağın saxlanılması üçün iddiaçıya heç bır maddi yardım göstərməmişdir. Bu səbəbdən də ayrıldıqdan sonra məhkəməyə müraciət etmiş və İmişli rayon məhkəməsinin 2(036)-630/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və Elayda adlı uşağin yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdın hər ay 130 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı hazırda məhkəmə tərəfindən müəyyən edilmiş alimentlə uşağı saxlamağa çətinlik çəkir, uşağın tələbatlarını ödəyə bilmir, maddi vəziyyəti pisdir, heç bir yerdə işləmir.
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçının İddiaçı xx.xx.2018-ci il təvəllüdlü bir uşağı var. İmişli rayon məhkəməsinin 2036-630/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehdən bir uşağın saxlanılması üçün İddiaçı xeyrinə ayda 130 manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bundan əlavə, cavabdehin daimi iş yeri yoxdur, iş tapa bilmir, ara, mövsümi işlərdə işləməklə aylıq qazancı 300 manatdan yuxarı çıxmır, başqa gəliri yoxdur. Cavabdehin aylıq minimum yaşayışı təmin edəcək vəsaiti yoxdur. 1 uşağa ayda 235 manat aliment verməyi üçün ayda 4 dəfə çox, 940 manat qazancı olmalıdır. Cavabdehin isə işlədiyi müddətdə aylıq qazancı heç 300 manata çatmamışdır. Cavabdeh qohumlarının köməyi ilə uşağa ayda 150 manat pul verə bilər. Həmin iş üzrə qızının alimentin artırılması barədə iddia tələbinin qismən, yəni ayda 150 manat məbləğində təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddiasının tam təmin olunmasını məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.2-ci maddəsinə əsasən, alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
10. İmişli Rayon Məhkəməsinin 2(036)-630/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 13 oktyabr 2017-ci il tarixdə Sabirabad Regional ASAN xidmət mərkəzinin Qeydiyyat şöbəsində 800 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulmasından sonra 07 sentyabr 2018-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması, 07 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, alimentin tutulmasının əvvəli 16 iyun 2021-ci il tarixdən hesablanması qət olunmuşdur.
11. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır.
12. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır.
14. Lakin məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim edilməməsini, eləcə də cavabdeh ilə yanaşı iddiaçının da birgə nikahdan olan uşaqları saxlamaq vəzifəsini, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment müəyyən edilməklə iddia qismən təmin edilməlidir.
15. Belə ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.
16. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
17. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır.
18. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
19. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır.
20. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 07 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İmişli Rayon Məhkəməsinin 2(036)- 630/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş hər ay 130 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməklə sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
VI. Nəticə:
21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. 07 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İmişli Rayon Məhkəməsinin 2(036)-630/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş hər ay 130 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay 170 manat məbləğində müəyyən edilməklə sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev